Akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələri nəzərə alaraq, Beynəlxalq Fotosintez Cəmiyyəti (ISPR – International Society on Photosynthesis Research) görkəmli alimin şərəfinə “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda IX beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul edib və onun adına “The Jalal Aliyev Lecture Scholarship Award” (“Akademik Cəlal Əliyev adına mükafat”) beynəlxalq mükafat təsis edib.
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan NUHÇIXAN-a bildiriblər ki, “Akademik Cəlal Əliyev adına mükafat”ı alan ilk alim Yaponiyanın Okoyama Universitetinin professoru Jian-Ren Shen olub. Mükafat alimə Bakıda keçirilən “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda IX beynəlxalq konfransda Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Julian Eaton-Rye tərəfindən təqdim edilib.
Jian-Ren Shen 1961-ci ildə Çinin Jeçianq vilayətində anadan olub, 1982-ci ildə Jecianq Kənd Təsərrüfatı İnstitutunu bitirib, 1986-cı ildə Yaponiyanın Tokio Kənd Təsərrüfatı və Texnologiyası Universitetində magistr dissertasiyasını müdafiə edib, 1990-cı ildə isə bu universitetdə fəlsəfə doktoru dərəcəsini alıb. O, 1990-1997-ci illərdə Yaponiyanın RIKEN İnstitutunda Günəş Tədqiqatları qrupunda tədqiqatçı alim kimi, 1997-2003-cü illərdə həmin institutda böyük elmi işçi kimi fəaliyyət göstərib. 2003-cü ildən bu günə kimi Yaponiyanın Okayama Universitetinin professorudur. Eyni zamanda, Yaponiya Fənlərarası Tədqiqatlar İnstitutunun professoru və dekan müavinidir. Professor Jian-Ren Şenin tədqiqatları fotosintetik sistemlərin struktur və funksiyasının öyrənilməsinə həsr olunub.