“Airbus” Aya səyahət üçün modul elektrik stansiyası hazırlayıb

152

“Airbus” şirkətinin Almaniyanın Bremen şəhərindəki zavodunda Ayın səthinə və daha uzaq planetlərə göndəriləcək kosmik gəmilərin içərisində yerləşdirmək üçün “Orion” modul elektrik stansiyası hazırlanıb.

NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, hazırlanan stansiya ABŞ-ın Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) Florida ştatında yerləşən kosmik mərkəzinə göndərilib. Burada “Orion” modulu kosmik gəminin içərisinə quraşdırılacaq və 2020-ci ildə Aya göndəriləcək üçhəftəlik pilotsuz missiyada istifadə olunacaq.

NASA-nın təmsilçisi Bill Gerstenmayer jurnalistlərə bildirib ki, yeni modul stansiya sayəsində astronavtlar kosmosun dərinliklərində uzun müddət ən mürəkkəb tapşırıqları rahatlıqla yerinə yetirə biləcəklər. Onun sözlərinə görə, texnoloji yeniliklər milyardlarla dollar vəsaitə qənaət etməyə də imkan verəcək.

2020-ci ildə Aya pilotlu kosmik missiya göndərilməsi nəzərdə tutulub, lakin NASA və Avropa Kosmos Agentliyi (ESA) yerin təbii peykinə bu ekipajları hər il göndərmək istəyirlər. Çin və digər ölkələrlə kosmos sahəsində artan rəqabət şəraitində kosmik gəmilərin texnoloji cəhətdən daha mükəmməl olması tələb olunur.

“Airbus” istehsalı olan Avropa modul sistemi raketlərin yerdən təkanı, enerji və istilik nəzarəti problemlərini daha operativ həll edəcək. Dünyanın bu ən iri ikinci təyyarəqayırma şirkətinin orbital xidmətlər üzrə vitse-prezidenti Oliver Cakenhofel vurğulayıb ki, yeni kosmik modul stansiyası kosmos tarixində atılan ən böyük addımlardan biridir. Onun sözlərinə görə, bu stansiya sayəsində astronavtlar Ayıdan sonra gələn kosmik fəza cisimlərinə doğru 60 min mil məsafəni qət edə biləcəklər. Bu, insanın kosmosda uçduğu ən uzaq məsafə olacaq.

Uzun fasilədən sonra insan övladının Ayın səthinə yenidən səyahət etməsinin səbəbi burada suyun aşkar edilməsidir. Gələcəkdə ən müasir və sürətli texnologiyaların köməyi ilə astronavtlar yerin təbii peykində daha uzunmüddətli tədqiqatlar apara biləcəklər. O.Cakenhofel əlavə edib ki, NASA və ESA 2028-ci ilədək Ayın səthində “Ay darvazaları” adlı enmə məntəqəsi yaratmaq, daha sonra buradan Mars planetinə və daha uzaqlara səyahətlər təşkil etmək niyyətindədirlər.

“Airbus” şirkəti ilk elektrik modul stansiyanın yaradılması üzrə 390 milyon avroluq kontraktı 2014-cü ildə qazanıb və daha 200 milyon avro dəyərində ikinci sifarişi əldə edib. Aviasiya sənayesi nəhənginin ESA ilə 1 milyard avroluq yeni kontrakt imzalayacağı da gözlənilir. “Orion” proqramının davam etdirilməsi üçün NASA-nın da əlavə 11 milyard dollar vəsait ayıracağı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: