2018-ci ilin 1-ci yarımilində muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar toplanıb və məlumat bazası yenilənib. Muxtar respublikada yaşayan uzunömürlü 209 ailə haqqında geniş məlumatlar da müvafiq bazaya əlavə edilib. NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən iclasda komitənin sədri Ramilə Seyidova etdiyi hesabat məruzəsində bunları bildirib. Komitə sədri onu da qeyd edib ki, qadınlarla bağlı işlər diqqətdə saxlanıb. 642 qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılıb, aid peşə kurslarına cəlb olunması üçün ümumilikdə 29 qadınla bağlı məlumatlar aidiyyatı orqanlara göndərilib. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında 38 istedadlı qadının 101 əl işinin satışı təşkil edilib. Ailə institutunun gənclər arasında möhkəmləndirilməsi, qadınların hüquqi biliklərinin artırılması, sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi, erkən nikahların bağlanması nəticəsində ortaya çıxan mənfi cəhətlərin əhalinin lazımi yaş qruplarına çatdırılması məqsədilə “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbirlər keçirilib.
Komitə sədri qeyd edib ki, bu il 7 aztəminatlı ailəyə baş çəkilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti” Qaydasına uyğun olaraq 10 uşaq müəssisəsində monitorinqlər keçirilib. Sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı muxtar respublikanın 74 məktəbəqədər, məktəb, məktəbdənkənar müəssisələrdə monitorinqlər davam etdirilib.
Sonda kollegiya iclasının qərar layihəsi qəbul olunub.
Novruz Məmmədov