Ahıl vətəndaşlar qayğı ilə əhatə olunub - FOTOLAR

367

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük həssaslıqla yanaşmış, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra normativ-hüquqi sənədlər qəbul edilmişdir. Bu gün ölkəmizdə ahıl insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub və bu qayğı ­ildən-ilə artır. Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Onlara müxtəlif növ xidmətlərin göstərilməsi, maddi-məişət şəraiti­nin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Pensiya və müavinətlərin məbləğinin mütəmadi olaraq artırılması ahıllara göstərilən davamlı dövlət qayğısının ifadəsidir.

Muxtar respublikada sosial-iqtisadi inkişafın təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına, yaşayış səviyyəsinin yüksəlməsinə hərtərəfli şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 30 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” onların sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin davamlılığını təmin edib.

Muxtar respublikada 1941-1945-ci illər müharibəsi veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Müharibə iştirakçıları minik maşını ilə təmin edilir, onların yubileyləri qeyd olunur, sosial müdafiələrini gücləndirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Ahıllar Evi sakinlərinin rahat yaşaması üçün hər cür məişət şəraiti yaradılıb. Sakinlər mütəmadi olaraq tibbi müayinədən keçirilir, müalicələrinə köməklik göstərilir, əlamətdar günlərdə sakinlərlə görüşlər təşkil olunur, onlara sovqatlar təqdim edilir.

Ahıl insanların sağlamlıqlarının qorunmasına, tibbi reabilitasiyasına xüsusi önəm verilir. Belə ki, onların protez-ortopedik və müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları üçün səyyar xidmətlər göstərilir, respublikanın sanatoriya və pansionatlarına göndərişlər verilir. Ahıllar arasında yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər də təşkil olunur. Ahılların əl işlərinin satışının təşkil edilməsi, onların məşğulluğunu təmin etməklə maddi təminatlarının yaxşılaşmasına xidmət edir.

Muxtar respublikada ahılların yubiley yaşları, uzunömürlü ailələrin qızıl və brilyant toyları qeyd olunur. Sosial xidmət göstərilən tənha ahılların muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintilərinin, həftənin şənbə günləri onların yaşayış yerlərində iməciliklərin keçirilməsi ahıllara göstərilən dövlət qayğısının təzahürüdür. Bu tədbirlərin davamı olaraq Beynəlxalq Ahıllar Günü münasibətilə muxtar respublikada ahılların iştirakı ilə silsilə tədbirlər həyata keçirilir. Belə ki, sosial xidmət göstərilən tənha ahıllardan bir qisminin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ziyarəti, muxtar respublikanın ən uzunömürlü sakini ilə, həmçinin Ahıllar Evində, Naxçıvan şəhərində və rayonlarda sosial xidmət göstərilən tənha ahıllarla görüş təşkil edilib, ahıllara bayram sovqatı təqdim olunub.

Yaşlı nəslə qayğı həm də milli mənəviyyatımızın tərkib hissəsidir. Buna görə də ölkə­mizdə ahıllara həmişə xüsusi diqqət göstərilir, onların sosial müdafiəsi gücləndirilir. Ahıl vətəndaşların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: