Afrika İttifaqı Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazırdır
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Minata Samate Cessouma ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, görüşdə Azərbaycanla Afrika İttifaqı arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib.
Səfir E.Abdullayev Azərbaycanda ictimai xidmətlər sahəsində yeniliklər tətbiq olunduğunu və bu sahədə geniş institusional tədbirlərin həyata keçirildiyini bildirib. O, Azərbaycanın milli brendi hesab olunan “ASAN xidmət”in fəaliyyətinin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq kimi əsas prinsiplər üzərində qurulduğunu diqqətə çatdırıb, korrupsiya ilə mübarizə sahəsində ən qabaqcıl və səmərəli təsisata çevrildiyini vurğulayıb. Səfir 2016-cı ildə “ASAN xidmət”in Afrika İttifaqının mənzil-qərargahında təqdimatının uğurla keçdiyini xatırladıb.
Minata Samate Cessouma Azərbaycanın əldə etdiyi nailiyyətlərin Afrika İttifaqı tərəfindən diqqətlə izlənildiyini bildirib və bu sahədə, eləcə də digər sahələrdə ölkəmizlə əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.