Adı kimi faydası da çox olan bitki - Çöl qarpızı

1. 864

Naxçıvan Muxtar Respublikası kəskin kontinental və quru iqlimə malikdir. Araz sahilində 600 metrdən başlayaraq dəniz səviyyəsindən 1500 metr yüksəkliyə qədər böyük bir ərazidə yağıntıların miqdarı 200-600 millimetr arasında dəyişir. Buxarlanmanın 1500 millimetrə yaxın olduğu bu ərazidə ancaq yarımsəhra və quru çöl bitkiləri formalaşmışdır.

Bu iqlim şəraiti təbiətə təsir edərək zəngin floranın formalaşmasında mühüm rol oynayır. Ona görə də, Naxçıvan Muxtar Respublikası ərazisində çox qiymətli bitkilər mövcuddur. Bunlardan biri də tikanlı kəvər-yəni çöl qarpızıdır.   Muxtar respublika ərazisində bu bitki “çöl qarpızı”, “yalama”, “gəvil”, “keçi dırnağı”, “qarnıyarıq” və sair kimi müxtəlif adlarla tanınır. Uzunömürlü olan bu çöl bitkisinin yerlə uzanan budaqları iki metrə qədər olur və tam örtük  əmələ gətirir. Girdə-yumurtavari və ya ellipsşəkilli, təpə hissəsi itiləşərək uc hissədə zəif tikanla bitir. Budaqların üzərində yarpaqların arasında tikanlar mövcuddur. Yarpaqların qoltuğunda tək-tək yerləşən iri, ağ, dördləçəkli çiçəkləri vardır. Ləçəklərin altında olan dörd qutucuqdan biri fərqli olaraq dərin çökəklidir. Səhər çağı dərildikdə bu qutucuğun içərisində bir damla ətirli və çox şirin maye olur. Ətirli, oval formada olan meyvələri yaşıl giləmeyvəyə bənzəyir. Bitki may ayından çiçəkləməyə başlayır, avqust ayında meyvələri yetişir. Meyvələrinin üzəri yaşıl və qara zolaqlar olduğu üçün qarpıza oxşayır.  Yetişmiş meyvələri partlayaraq uzununa yarılır. Bu vəziyyətində keçi dırnağına oxşadığına görə xalq arasında “keçi dırnağı”, meyvə yarıldığına görə isə “qarnı yarıq” deyilir. Meyvənin içərisində qırmızı ətli ləti və çox miqdarda çılpaq, qara rəngli toxumları vardır. Meyvələri yemək üçün içərisindəki yumşaq ləti yalayaraq götürülür (ona görə də bu meyvəyə yalama deyirlər) və çeynəmədən udulur. Çeynədikdə toxumlar diş altında əzilərək acı tamı verir.

Azərbaycanın hər yerində yarımsəhralarda, çay vadilərində, dağ ətəklərində yabanı halda yayılıb. Babək rayonu ərazisində Sirab kəndində “Qarayazı”, Qahabda “Sürəməlik düzü”, “Pircüvar düzü”ndə əkilməyən sahələrdə vaxtilə tam örtük əmələ gətirirdi. Xüsusən payız fəsli heyvanların qidasını təşkil etdiyindən intensiv otarma nəticəsində indi arx və yolların kənarlarında və digər ərazilərdə az miqdarda  qalmışdır.

Azərbaycan Dövlət Tibb Universitetində bu bitki analizdən keçirilərək tərkibi müəyyən olunub. Çiçək qönçəsində 100-150 mq askorbin turşusu, 0,32 faiz rutin, 21-28 faiz azotlu maddələr, 4-5 faiz piyli maddələr vardır. Toxumlarında 25-30 faiz piyli maddə vardır ki, bu da tərkib etibarilə 12-13 faiz doymuş yağ turşularından, 22-24 faiz olein, 33-35 faiz linol turşularının qliseridlərindən ibarətdir.

Çöl qarpızının meyvələrində çoxlu miqdarda yodun üzvi birləşmələri aşkar edilmişdir. Eləcə də petkin maddələri, 1.6 faiz üzvi turşular, 4 faiz şəkər, 56 mq askorbin turşusu, rutin və sair bioloji maddələr müəyyən edilmişdir.

Çöl qarpızı (kəvər) meyvəsində çoxlu miqdarda yod birləşmələri olduğundan ondan konservləşdirilmiş şirə hazırlanır və zob xəstəliyinin müalicəsində istifadə edilir. Xalq təbabətində kəvərin təzə dərilmiş meyvələrindən zob xəstəliklərindən başqa  qaraciyər iltihabında da qəbul edilir.

Respublikanın Füzuli, İmişli rayonlarında kəvərin meyvələrindən qaraciyər xəstəlikləri ilə bərabər həm də ürək xəstəliklərinin müalicəsində istifadə olunur. Yarpaq və cavan budaqlarını bir müddət şor suda saxlayır, sonra onu süzür və üzərinə turş alça əzməsi töküb diabetə qarşı istifadə edirlər. Kal meyvələrini araxislə (yerfındığı) qarışdırıb revmatizmanın müalicəsində ağrıkəsici maddə kimi istifadə edirlər. Çöl kəvərinin (çöl qarpızının) meyvələrini duza qarşı müalicə üsulu kimi də tətbiq edirlər. Meyvələri yetişənə az qalmış dərərək yuyub ət maşınından keçirirlər. Onu parçanın arasına qoyub duz yayılan nahiyəyə bağlayırlar. Dərini göynədəndə sarğını açmaq lazımdır. Çünki onun tərkibində yandırıcı maddələr vardır. Günaşırı bunu etməklə duzu təmizləmək olar.

Babək rayonu ərazisində əhali çöl qarpızının  cavan budaqlarını, çiçək düymələrini,  dənəsi bərkiməmiş meyvələrini toplayaraq şoraba (turşu) qoyur. Türkiyə Respublikasında bu bitki mədəni formada becərilir. Statistik məlumatlara əsasən, keçən əsrin 80-ci illərindən Türkiyə Respublikası bu bitkinin ixracından hər il 5-10 milyon dollar gəlir götürür. O cümlədən daxili bazarlarda da yaxşı qiymətə satılır. Kəvərin turşuya qoyulmuş çiçək düymələrinin dünya bazarında əsas alıcıları ABŞ, Kanada, Yaponiya, İsrail, Almaniya Federativ respublikalarıdır. AFR-də 270 çeşid yeməyin hazırlanmasında bu düymələrdən istifadə olunur. Çiçək düymələri üç çeşiddə toplanır. Ölçülərinə görə kiçik düymələr daha qiymətlidir.

Sahələrdə çöl qarpızı bitkisi 3×3 ölçüdə əkilir. Payız fəslində peyin və gübrələr verilərək çarpaz formada kultivasiya edilir. Üzüm plantasiyalarından fərqli olaraq dayaq və məftillər olmadığı üçün çarpaz şumlamada çətinlik yaranır. Bitki kök atdıqdan, iki ildən sonra ən quraq şəraitdə belə inkişaf edir. Hər hektarda olan min koldan iki ton məhsul toplanır. Bitkinin may ayından başlayaraq oktyabr ayının sonuna  qədər çiçək düymələri toplanır. Hər bitkinin çiçək düymələri 10 gündən gec olmamaq şərtilə yığılır.

Toplanmış düymələr 20 faizli duzlu suda bir həftə saxlanılır. Bir həftədən sonra su süzülərək qab yenidən təmiz duzlu su ilə doldurulur. İyirmi gündən sonra su bir daha təmizlənir. Və bu vəziyyətdə istənilən qədər saxlamaq mümkündür.

Türkiyə Respublikasında kəvər bitkisinin plantasiyalarda tingçiliyi də mövcuddur. Əkilən tinglər üçüncü ildən məhsul verir. Noyabr ayında plantasiyanın otarılması bitkiyə heç bir zərər vermir. Şaxta vurana qədər heyvanlar bu bitkinin qol-budaqlarını yeyirlər. Payızda və erkən yazda bitki cücərənə qədər keçən ilki qol-budaqlar kəsilərək götürülür ki, yeni budaqlar əmələ gəldikdə məhsulu toplamaq asan olsun.

Naxçıvan ərazisində suvarma suyu ilə təchiz olunmayan ərazilərdə bu bitkini becərmək mümkündür. Bundan başqa orta dağlıq hissədə çılpaq təpələrdə eroziyaya qarşı möhkəmləndirici tədbirlər kimi bu bitkidən istifadə etmək əlverişlidir. Kök sisteminin güclü inkişafı, uzunömürlü olması, budaqlarının yerlə sürünərək örtük əmələ gətirməsi, torpağın münbitliyinə çox da tələbkar olmaması torpaq möhkəmləndirmə işlərində bu bitkini əvəzsiz edir.

Bir sözlə, Naxçıvan şəraiti üçün becərilməsi əlverişli olan qiymətli, “tikanlı kəvər” (eyni zamanda çöl qarpızı, yalama, gəvil, keçi dırnağı, qarnıyarıq) bitkisinin qayğısına qalmağına dəyər.

                Zaleh  Novruzov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: