San-Dieqo şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalanıb

Bəyannamədə 2018-ci il 28 may tarixi San-Dieqo şəhərində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Günü” elan edilib

149

ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində 2018-ci il 28 may tarixi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Günü” elan edilib. Bununla bağlı San-Dieqo meri, Şəhər Şurasının sədri və bütün üzvləri tərəfindən müvafiq bəyannamə imzalanıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan NUHÇIXAN-a bildiriblər ki, konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə çoxlu sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də əvvəl qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə, həmçinin qeyd olunur ki, Los-Ancelesdəki baş konsulluğu vasitəsilə Azərbaycan San-Dieqo şəhəri ilə son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda 28 may tarixi San-Dieqo şəhərində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Günü” elan edilir.

Qeyd edək ki, 1.4 milyon əhalisi və 206 milyard dollarlıq ümumi daxili məhsulu olan San-Dieqo Kaliforniyada ikinci, ABŞ-da isə səkkizinci ən böyük şəhərdir. San-Dieqo ilə Bakı şəhərləri arasında rəsmi münasibətlər 2011-ci ildə qurulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: