Dövlət İmtahan Mərkəzi (DİM) növbəti həftə “Abituriyent” jurnalının “Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ı və “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”ını nəşr edəcək.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, “Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış”da (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, hər iki mərhələ üzrə tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) modeli dərc olunacaq.
Digər jurnalda isə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarları, tam orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ali təhsil müəssisələrinə qəbul imtahanının 2019-cu ildə tətbiqi nəzərdə tutulan modelləri dərc ediləcək.
Jurnallarda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri veriləcək. DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.