Sağlamlıq imkanları məhdud uşaqlar dövlətin qayğısı ilə əhatələnib

268

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününü muxtar respublikada  məhdud fiziki imkanlı uşaqlar da qeyd edir. Hərtərəfli dövlət  qayğısı ilə əhatələnən bu uşaqların cəmiyyətə inteqrasiyası üçün hər cür şərait yaradılıb.  Bu istiqamətdə bir neçə müəssisə fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət  Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a xəbər veriblər ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi, Uşaq Bərpa, Körpələr evi və Ailələrə Dəstək Mərkəzləri fəaliyətini bu kateqoriyadan olan uşaqların təhsili, cəmiyyətə inteqrasiyası və müalicəsi istiqamətində qurub.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya işi aparılır. Burada defektoloji bölmə, təlim-bərpa, psixoloji dəstək otağı, əmək terapiyası da fəaliyyət göstərir. Hər bir uşağın elektron bazası yaradılır. Onların hər bir ilə fərdi müşahidələr aparılır.

Mərkəzdə həmçinin hərəkət qabiyyətinin məhdudluğu üzündən ümumtəhsil məktəblərə gedə bilməyən uşaqlar üçün Distant Tədris Mərkəzi yaradılıb, onların dərslərə cəlbi təşkil olunub. Görmə məhdudiyyəti olan şəxslərin informasiya texnalogiyalarının imkanlarından istifadələri üçün lazimi şərait yaradılıb. Bu kateqoriyadan olan şəxslər üçün brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur, aylıq brayl jurnalı çap olunur. Hazırda audio, elektron və brayl kitabxanalarında ümumilikdə 3300 dən artıq kitab oxucuların ixtiyarına verilib.

 2017-2018-ci tədris ilində görmə qabiliyyəti məhdud uşaqlar barədə Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtadi Məktəbə təqdim edilib. Hazırda məktəbin birinci sinfində 3 uşaq oxuyur. Tədrisə cəlb edilən aztəminatlı sağlamlıq imkanları məhdud 282 şagird məktəbli geyimi və ləvazimatları ilə təmin olunub.

Bu kateqoriyadan olan uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılamaq, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Onların istedadlarının aşkara çıxarılması üçün asfalt üzərində rəsm müsabiqəsi keçirilir. Mərkəzin əmək terapiyası otağında müxtəlif əl işlərinin hazırlanması üçün şərait yaradılır. Uşaqların günlərinin daha mənalı və yadda qalan keçməsi üçün bir sıra mədəni tədbirlər də təşkil olunur. Əlamətdar günlərdə müxtəlif konsert proqramlarının keçirilməsi, bir-birindən maraqlı tamaşaların nümayişi uşaqların dünyagörüşünün formalaşdırılmasına stimul yaradır.

Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə cəlb olunan 11 sağlamlıq imkanları məhdud uşağın da təhsili, tibbi reabilitasiyası diqqət mərkəzində saxlanılır. 2007-ci ildən fəaliyyət göstərən mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlara xüsusi proqrama uyğun olaraq dərslər tədris edilir. Bu zaman uşaqlar ətraf aləmlə tanış olurlar. Eyni zamanda onlara rənglər haqqında da ətraflı məlumat verilir, davranış qaydaları başa salınır. Xəstəliklərin müxtəlifliyindən, dərəcəsindən asılı olaraq uşaqlara fərdi qayda da dərslər verilir.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müəllimləri ilə birgə autizm və daun  sindromlu uşaqlara dərslər də keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilib.

Bütün bunlar məhdud fiziki imkanlı uşaqların təhsilə cəlbi, cəmiyyətə uyğunlaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: