Qızınmadıq istisinə, kor olduq tüstüsünə..

266

Siqaretin kor edici tüstüsünün cəmiyyəti bürüməsinə mane ol!

Əminəm ki, siqaret istifadəçisi olan oxucuların əksəriyyəti bu çağırışı  görən kimi bunun onlar üçün aktual olmayan  mövzu olduğunu fikirləşərək oxumadan keçəcəklər. Amma düşünəndə ki, sözügedən tütün məmulatı minlərlə, milyonlarla insanın həyatını riskə atır, onların ölümünə səbəb olur, zənnimcə bu çox ciddi bir məsələdir. Elə deyilmi?

Çoxları siqaretin onun sağlamlığı üçün nə qədər ziyanlı olduğunu dərk eləsə də iradəli olub orqanizmini zəhərləyən bu vərdişdən əl çəkə bilmir. Çəkmə dedikdə isə bəziləri həmişə özlərinə haqq qazandırmağı bacarır. “Əsəb və stressi, gərginliklərimi azaldır”, – deyərək, bəhanələr gətirirlər. Siqaretin gələcəkdə başlarına bəla olacağını heç hesaba almırlar.

Çoxları bir dəfə ilə heç nə olmaz deyə-deyə qurşanır bu bəlaya. Sizcə də insan hər şeyin ilkindən qorxmurmu? Sonrası isə bizim üçün sadəcə adi bir hala çevrilir. Bir-birinin ardınca damağa qoyulan siqaretlər, üzərimizə hopmuş qoxusu. Sanki elə belə də olmalıymış kimi. Sonunu öz əli ilə hazırlamamalıdır  insanoğlu. Öz quyusunu özü qazmamalıdır.

İndi isə keçək işin ən ədalətsiz tərəfinə. Siqaret çəkərək siz yalnız özünüzü deyil, ətrafınızdakıları da zəhərləyirsiniz. Belə ki, siqaret çəkən şəxsin yanında durmaq və ya onunla təmasda olmaq nəticəsində tütünün zəhərli maddələri tüstü ilə insan orqanizminə daxil olur ki, bu da passiv tütün çəkmə adlanır. Bundan ən çox əziyyət çəkənlər isə uşaqlardır. Siqaretin fəsadlarının nə demək olduğunu bilməyən uşaqlar onun tüstüsünü qəbul edirlər. Bu onların hələ tam formalaşmayan orqanizminə dəhşətli dərəcədə mənfi təsir göstərir. Gələcəkdə bir çox xəstəliklərin yaranmasını sürətləndirir. Əgər hər hansı valideyn siqaret çəkirsə, öz övladı ilə təmasda olarkən nəfəs alanda belə uşağa mənfi təsir göstərir, onu infeksiyalara yoluxdurur. Təhqiqatlar müəyyən edib ki, uşaqlarda infeksiyanın 13 %-i ətrafdakıların siqaret çəkməsi nəticəsində yaranır.

Düşünün. Övladınızın səhhətində problem yaranır və bunun “memarı” da sizsiniz. Sonradan hər şey öz qaydasına düşsə belə, bir valideyn olaraq bunu özünüzə bağışlaya biləcəksinizmi?

Sən! Bu günün, gələcəyin atası! (və anası!) Hələ də siqareti tərgitməmisən? Hələ də zəhərləyirsənmi cəmiyyətdən, ictimai təsirlərdən, kənar müdaxilələrdən həssalıqla qorumağa çalışdığın övladını? Səncə də onu ilk olaraq özündən qorumalı deyilsənmi? Sağlam cəmiyyət, sağlam gələcək sağlam uşaqlıqdan götürür təməlini. İşıqlı sabah üçün siqaretin kor edici tüstüsünün cəmiyyəti bürüməsinə mane ol!

                                                                                 Fatma Babayeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: