Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

2. 487

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” təsdiq olunub.

NUHÇIXAN xəbər verir ki, mayın 28-də Naxçıvan şəhərinin baş meydanında – Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yubiley tədbirində iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov milli dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, muxtar respublika əhalisini, müstəqilliyimizin təminatçısı olan Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu və birləşmələrinin şəxsi heyətini təbrik edərək deyib: İstiqlal bayramımızı əlamətdar dövrdə qeyd edirik. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamında deyilir ki: “Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda … Azərbaycanın yaşadığı mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır”.

Ali Məclisin Sədri deyib: Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın istiqlal tarixinin şanlı səhifəsidir. Cəmi 23 ay yaşamasına baxmayaraq milli hökumətimizin keçdiyi şərəfli yol gələcək müstəqil dövlətçilik üçün mühüm siyasi və tarixi əsas yaratmışdır. Ümummilli liderimiz Heydər Əliyev ilk milli Azərbaycan dövlətinin siyasi tariximizdə oynadığı rola böyük dəyər verərək deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi”.

Azərbaycan Xalq Cümhuriyyəti ötən əsrin əvvəllərində aparılan müstəqillik uğrunda mübarizənin nəticəsi kimi meydana çıxmışdır. 1918-ci il mayın 28-də Milli Şuranın tarixi iclasında qəbul edilən İstiqlal Bəyannaməsində qeyd olunurdu ki, bu gündən etibarən Azərbaycan Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən tamhüquqlu müstəqil dövlətdir. Xalq Cümhuriyyəti hökuməti çətin tarixi şəraitdə üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirmiş, Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, milli ordusu təşkil edilmiş, müstəqil dövlətçilik atributları – bayraq, himn və gerb yaradılmış, Azərbaycan dili dövlət dili elan edilmiş, pul və poçt markaları dövriyyəyə buraxılmışdı. Milli iqtisadiyyatın, təhsil, səhiyyə və mədəniyyətin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuşdur.

Ali Məclisin Sədri deyib: Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və rolundan bəhs edərkən onun Naxçıvanla əlaqələrinə xüsusi nəzər yetirmək lazımdır. Çünki o dövrdə Naxçıvan həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif maraqların toqquşduğu ərazilərdən birinə çevrilmişdi. Ermənilərin Naxçıvana hücumları isə vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti və parlamenti Naxçıvanla bağlı bir sıra məsələləri diqqətdə saxlayır, hökumətin İrəvan və Tiflisdəki diplomatik nümayəndələri bununla bağlı səmərəli və işgüzar fəaliyyət göstərirdilər. Lakin reallıq bundan ibarət idi ki, mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin Azərbaycanla bir olmaq arzusunu həyata keçirməyə imkan vermirdi. Böyük dövlətlərin təsiri ilə qədim Azərbaycan torpaqları olan Zəngəzurun və İrəvanın Ermənistana verilməsindən sonra Naxçıvan Muxtar Respublikasının indiki ərazisi təcrid olunmuş vəziyyətə düşmüş, Azərbaycanın əsas ərazisi ilə əlaqə kəsilmişdi. Belə bir vəziyyətdə – 1918-ci ilin noyabrında Naxçıvanda yaradılmış Araz Türk Cümhuriyyəti Naxçıvanın Ermənistan daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını aldı və tarixi Azərbaycan torpaqlarını qoruyub saxladı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan məsələsində tutduğu mövqe və ərazinin qorunması ilə bağlı Naxçıvan sakinlərinin mütəşəkkil siyasi iradəsi sonrakı dövrdə Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında mühüm əhəmiyyət kəsb etmişdir.

Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk dəfə olaraq keçmiş xanlıqların 113 min kvadratkilometrlik ərazisində müstəqil, bütöv Azərbaycan dövlətçiliyini bərpa etməsi onun ən mühüm xidmətlərindən biridir. Məhz bu hesaba Azərbaycanın ərazi bütövlüyü 1920-ci il 28 aprel bolşevik işğalı zamanı və ondan sonrakı dövrlərdə də qorunub saxlanmış, 1991-ci ildə isə bu ərazidə müstəqil Azərbaycan dövləti yaradılmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimiz daha da möhkəmlənmişdir. Ölkəmizdə demokratik prinsiplər bərqərar edilmiş, güclü ordu yaradılmış, müstəqilliyimiz əbədi və dönməz xarakter almışdır. Azərbaycan sübut etmişdir ki, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. Bu varisliyin əyani ifadəsidir ki, 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80, 2008-ci ildə isə 90 illik yubileyləri ölkəmizdə yüksək səviyyədə qeyd olunmuş, Xalq Cümhuriyyətinə Xatirə abidəsi ucaldılmış, cümhuriyyət tarixi ilə bağlı elmi-tədqiqatlar aparılmış, yubiley nəşrləri həyata keçirilmişdir.

Ali Məclisin Sədri deyib: Azərbaycan Xalq Cümhuriyyətinin tarixdə ən böyük xidmətlərindən biri də bugünkü müstəqil və qüdrətli Azərbaycan dövlətidir. Ümummilli Liderimizin müəyyənləşdirdiyi müstəqillik yolu Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Ölkə Prezidenti cənab İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sülhün, sabitliyin və inkişafın təminatçısına çevirib. Bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya birliyində öz layiqli yerini tutur. 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində xalqımızın ümummilli lider Heydər Əliyevin siyasi xəttini dəstəkləməsi də bir daha təsdiq etdi ki, bugünkü Azərbaycanda müstəqillik və demokratiya yolunun alternativi yoxdur. Xalq bu yolu dəstəkləyir və bu yola sadiqdir. Biz azərbaycanlı olmağımızla, müstəqil dövlətdə yaşamağımızla qürur duyuruq! Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləri olmağımızla fəxr edirik!

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yürüş keçirilib.

Azərbaycan Respublikasının dövlət bayrağını daşıyan “Bayraq” qrupunun nizami addımları ilə yürüşə start verilib.

Yürüşdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin fəal gəncləri, Əlahiddə Ümumqoşun Ordusunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Alayının nümunəvi bölmələrinin əsgərləri, eləcə də Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının süvari dəstəsi Heydər Əliyev Muzeyinin önündən başlayaraq Heydər Əliyev Sarayına və geriyə qədər olan yolu Hərbi Orkestrin ifa etdiyi təntənəli marş sədaları altında nizami addımlarla qət ediblər.

Minlərlə şəhər sakini yürüşə baxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: