TÜRKSOY-un mənzil qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə yubiley mərasimi təşkil edib.
NUHÇIXAN xəbər verir ki, yubileydə rəsmi şəxslər, diplomatlar, türk dünyasının tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Ankarada TÜRKSOY-un mənzil-qərargahında keçirilən mərasim iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Mərasimdə TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahim və Türkiyə Prezidentinin müşaviri Yalçın Topçı və başqaları çıxış ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının türk dünyasının həyatında ən böyük siyasi hadisələrdən olduğunu diqqətə çatdıran natiqlər XX əsrin sonunda müstəqilliyimizin bərpa olunmasını tarixi hadisə kimi dəyərləndiriblər. Azərbaycanın sosial-iqtisadi inkişafı, o cümlədən türkdilli dövlətlərlə, eləcə də Türkiyə ilə münasibətlərin inkişaf dinamikası yüksək qiymətləndirilib. Vurğulanıb ki, türk dünyasında ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bir sıra demokratik xüsusiyyətləri ilə Avropa ölkələrini də qabaqlayıb.