Əskişəhərdə “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konqres keçirilir
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü tədbirləri çərçivəsində mayın 26-da Əskişəhərdəki Anadolu Universitetində “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konqres işə başlayıb. Konqres Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin (TÜDAM) təşkilatçılığı, Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin (INDEX) və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) dəstəyi ilə reallaşıb.
NUHÇIXAN xəbər verir ki, tədbirdə əvvəlcə vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bəhs edən, həmçinin Türkiyədə təhsil alan türk dünyası gənclərinin cümhuriyyətimizin 100-cü ildönümü münasibətilə təbriklərindən ibarət videoçarxlar nümayiş olunub.
Əskişəhər Azərbaycanlılar Dərnəğinin Nəzarət Komitəsinin rəhbəri Rza Məmmədov 100 illik tarixin iqtisadi, sosial, siyasi və mədəni baxımdan müzakirə olunacağı beynəlxalq konqresi barədə məlumat verib. Konqresə müraciətlərin seçilməsinin iki mərhələdə aparıldığını, ilk mərhələdə 13 ölkədən 542 müraciət alındığını söyləyib. 217 məqalə xülasəsinin ikinci mərhələyə keçdiyini, qiymətləndirmə nəticəsində 60 məqalənin konqresin proqramına daxil edildiyini bildirib. Bu məqalələr Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikasından olmaqla 39 universitet və iki ictimai təşkilat nümayəndələrinə məxsusdur.
Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın konqresə qatılan hər kəsə təşəkkürünü bildirərək deyib ki, dərnəyin yeganə məqsədi vahid Azərbaycana xidmət etmək, ölkəmizin gələcəyə güclü və sağlam addımlarla irəliləməsi üçün əlindən gələni ortaya qoymaqdır: “Bu xidmətlərin beynəlxalq ölçüsü olan bu konqres, Azərbaycanın 100-cü ilini elmi dillə əks etdirən və gələcək nəsillərə ötürmək imkanı verən layihəmizdir. Konqresdə Azərbaycanın 1918-1920-ci illərini, sovet dövrü və müstəqillik dövrünü geniş şəkildə əks etdirən çalışmalar yer almaqdadır”.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar tarixə nəzər salanda Türkiyə və Azərbaycanın sevincini və kədərini birgə paylaşdığını qeyd edərək deyib: “Çanaqqalada yurdumuz işğal altında ikən oradaki minlərlə şəhid arasında könüllü olaraq Türkiyənin işğal altındakı torpaqlarını qurtamaq üçün gəlib canını fəda edən azərbaycanlılar vardı. 1918-ci ildə isə Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak qüvvələrindən azad etmişdi”.
Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban bu il Şərqdə ilk demokratik cümhuriyyət quran Azərbaycanın və Bakını bolşevik-daşnak qüvvələrindən azad etmək üçün Azərbaycana gedən Qafqaz İslam Ordusunun zəfərinin 100-cü ildönümü olduğunu vurğulayaraq belə elmi toplantıların təşkilinin önəmini qeyd edib.
“Bir millət, iki dövlət” ifadəsini diqqətə çatdıran Anadolu Universitetinin rektoru Naci Gündoğan Azərbaycanın 100-cü ilində belə bir tədbirə ev sahibliyi etməkdən qürur duyduqlarını söyləyib.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasının Azərbaycan xalqının həyatında böyük və çox əhəmiyyətli bir hadisə olduğunu söyləyib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddinə qədər çalışaraq ləyaqətlə yerinə yetirib. Azərbaycanın ilk Parlamenti və hökuməti, dövlət quruluşu yaradılıb, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi qəbul edilib, dövlət quruculuğu sahəsində ciddi addımlar atılıb. Azərbaycanın ilk universiteti təsis olunub, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai düşüncə tarixi baxımından müstəsna əhəmiyyəti olan digər işlər görülüb.
“Azərbaycan xalqı 1991-ci ildə məhz bu tarixi miras üzərində yeni müstəqil Azərbaycan dövlətini qurmağa başladı. Xalqımızın ulu öndəri Heydər Əliyev müasir Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək, ənənələri uğurla davam etdirdi, uğurlu siyasəti sayəsində müstəqilliyimizi qorudu və gücləndirdi”, – deyə Nəcibə Nəsibova vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev qeyd edib ki, bu gün Azərbaycanın və Türkiyənin dünya ölkələri arasında sözünün keçərli olmasının səbəbi ölkələrimizin güclü və çiyin-çiyinə olmasıdır. İstər diasporumuzun, istərsə də dünyanın müxtəlif ölkələrində təhsil alan tələbələrimizin üzərinə düşən ən böyük vəzifə də istər Azərbaycanın, istərsə də Türkiyənin qarşılaşdıqları problemləri önə çəkməkdir.
Əskişəhər valisi Özdemir Çakacak bildirib ki, Türkiyə ilə əlaqələrini “Bir millət, iki dövlət” prinsipi üzərində quran Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqilliyini elan etdikdən sonra hər bir sahədə böyük uğurlara imza atıb. Qeyd edib ki, qardaş Azərbaycanın bu uğurunda, 100 il əvvəl təməli qoyulan Azərbaycan Xala Cümhuriyyətinin də böyük payı var.
Açılışdan sonra konqres işini panellərlə davam edib. İki günlük konqresdə “1918-dən 1920-yə Azərbaycan”, “Turizm”, “Tarixi şəxsiyyətlər”, “Mədəniyyət və siyasət”, “Cəmiyyət və mədəniyyət”, “Təhsil”, “Tarix və ədəbiyyat”, “Fəlsəfə”, “Dil və ədəbiyyat”, “Türklük”, “Siyasət və idarəçilik”, “Mətbuat”, “İqtisadiyyat” və “Tarix və mədəniyyət” panellərində ümumilikdə 60 çıxış dinləniləcək.