Baharda Azərbaycanda və Naxçıvanda necə istirahət etmək olar

139

Bahar Azərbaycana bolluq, xeyir-bərəkət gətirir, könüllərə sevinc və hərarət bəxş edir. Təbiətin oyanışının rəmzi olan Novruz bayramı məhz baharda qeyd edilir.

Mövsümün digər mühüm hadisəsi Azərbaycanın zəngin musiqi irsi ilə bağlıdır. Mart ayında Bakıda “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı keçirilir. Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri siyahısı”na daxil edilən unikal sənətdir. Nəhayət, bahar zəngin Azərbaycan mətbəxinin bütün ləzzətini dadmaq, ölkəmizin regionlarına unudulmaz səyahətlər etmək, gül-çiçəyə bürünmüş bağların və dağ çəmənlərinin ətrafa yayılan gözəl rayihəsini ciyərlərimizə çəkmək, heyrətamiz təbiət mənzərələrindən zövq almaq üçün ən gözəl fəsildir.

Mart

7-14 mart – “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı

Muğam Azərbaycanın ənənəvi musiqi janrıdır. Bu janr üçün həm solo, həm də ansambllarda improvizə edilmiş ifa tərzi səciyyəvidir. Azərbaycan muğamı 2008-ci ildə UNESCO-nun “Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri siyahısı”na daxil edilib.

Dünyanın hər yerindən muğam xiridarlarını cəlb edən “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı baharda Azərbaycan paytaxtında baş verən ən parlaq hadisələrdən biridir. Bu il festivala Türkiyə, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Mərakeş, Moldova, Polşa və başqa ölkələrdən musiqiçilər və münsiflər heyətinin üzvləri dəvət edilib.

Festival çərçivəsində muğam ifaçılarının müsabiqələri və dəvət edilmiş artistlərin çıxışları ilə bərabər, beynəlxalq elmi simpoziumlar təşkil edilir. Məsələn, martın 7-10-da Azərbaycan Milli Elmlər Akademiyası “Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq simpozium keçirəcək. Simpoziumda Fransa, Kanada, Hollandiya, Türkiyə və başqa ölkələrdən qonaqlar iştirak edəcəklər.

Paytaxtın nüfuzlu konsert səhnələrində – Beynəlxalq Muğam Mərkəzində, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Bakı Marionet Teatrında konsertlər təşkil ediləcək. Martın 8-13-də Gəncədə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivinin iştirakı ilə bir sıra konsert proqramları təqdim ediləcək.

Festival martın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında qala-konsertlə başa çatacaq.

“Muğam aləmi” festivalı çərçivəsində konsertlərə getmək fürsətini əldən verməyin. Burada siz muğamın klassik ifası ilə bərabər, onun caz üslubunda interpretasiyalarından böyük zövq alacaqsınız.

21-24 mart – Novruz bayramı

Baharda Azərbaycana təşrif buyuran bütün turistlərin iştirak edə biləcəkləri ən əsas və parlaq hadisə Novruz bayramıdır. Təbiətin oyanışı, havaların istiləşməsi əsrlərboyu xalqımız tərəfindən geniş bayram edilib. Novruzun şərəfinə təntənələrə hazırlıq artıq fevralın sonlarında başlayır və bütün mart boyunca davam edir, martın 21-də – yaz gecə-gündüz bərabərliyi günündə bütün ölkə ərazisində başlanan xalq gəzintiləri bir neçə gün davam edir.

Bildiyiniz kimi, Novruzun İslama heç bir aidiyyəti yoxdur. Mömin müsəlmanlar yalnız iki bayramı – Ramazan və Qurban bayramlarını qeyd edirlər.

Novruz zamanı hər bir evdə növbənöv təamlar düzülmüş zəngin bayram süfrəsi açılır. İçərisinə səməni, cürbəcür bişinti – paxlava , şəkərbura, qoğal, badambura, habelə boyanmış yumurta, qoz-fındıq və çərəz qoyulmuş xonça, xalqı nəşələndirən Kosa, Keçəl kimi məzəli personajlar bu bayramın özünəməxsus rəmzləridir. Bu günlərdə cavanlar həyətlərdə tonqal qalayır, onun üzərindən tullanır, uşaqlar qonşuların qapılarına papaq atırlar. Papağın içinə qoyulan bayram sovqatının ayrı ləzzəti olur.

Bayram günlərində ölkənin şəhərlərində şifahi xalq yaradıcılığı və folklor ustalarının çıxışları təşkil edilir, kəndirbazlar öz məharətini göstərir, pəhləvanlar gücünü sınayır, meydan tamaşaları oynanılır.

Bakı bulvarında və paytaxtın mərkəzi parklarının çoxunda tanınmış xalq və estrada musiqisi ifaçılarının iştirakı ilə bayram konsertləri təşkil edilir. Xalq tətbiqi sənəti nümunələri, milli suvenirlər satılan çoxlu yarmarkalar açılır. Burada ən yaxşı aşpazların şəhərimizin qonaqları və yerli sakinlər üçün hazırladıqları milli yeməklərin dadına baxmaq olar.

Qeyd edək ki, Novruz bayramı 2009-cu il sentyabrın 30-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş qətnaməyə əsasən 21 mart Beynəlxalq Novruz Günü elan edilib.

Milli mətbəxin bol inciləri

Azərbaycan baharı xoş havası, al-əlvan təbiəti ilə sevindirir. İlin bu fəslində Azərbaycan kulinarları təzə-tər, şirəli, ətirli və şirin səbzələrdən əsl vitamin qaynağı olan yeməklər təklif edirlər. Azərbaycanda hər fəsildə səbzə var, amma bahar ətirli növbənöv səbzələr müqayisəedilməz nemətdir. Göy qutabı, kükü, səbzi qovurmalı plov və digər yeməklər ağzının ləzzətini bilənlərin damaq dadını mütləq oxşayacaq. Bütün bu yeməkləri hər bir kafe və restoranda sifariş etmək olar.

Azərbaycan mətbəxinin nemətlərini layiqincə qiymətləndirmək istəyirsinizsə, plov festivalında iştirak etməyə çalışın. Hər il Bakıda təşkil edilən bu festival adətən baharda, bəzən isə yayda keçirilir. Məsələn, ötən il paytaxtda plov festivalı martda keçirilib. Festivalda Azərbaycan mətbəxinin adətən iri buludda təqdim edilən şah yeməyinin quzu əti, səbzə, şabalıd, qaysı qurusu, zoğal, kişmişlə hazırlanmış onlarca növünün dadına baxmaq olar. Zəfəran, sarıkök, darçın, istiot, cirə, zirə və s. kimi ədvələr plova misilsiz dad verir.

Aprel

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Aprelin 18-də dünyanın hər yerində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur. Bu gün Dünya İrs Günü kimi də məşhurdur. Azərbaycanda bu gün ilk dəfə hələ sovet dövründə – 1983-cü ildə qeyd edilib. 1984-cü ildən başlayaraq dövlət səviyyəsində keçirilib.

Hər il aprelin 18-də Azərbaycanda müxtəlif mədəni layihələr həyata keçirilir.

Məsələn, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “İçərişəhər”, “Qala” və s. tarix-memarlıq qoruqlarında “İrs günləri festivalı” keçirilir. Festival çərçivəsində xalq yaradıcılığı nümunələri – xalçalar, bəzək əşyaları, milli mətbəxin təamları və onların hazırlanması prosesi nümayiş etdirilir, xalq mahnıları, qəzəllər üstündə muğam oxunur, folklor ansambllarının çıxışları təşkil edilir.

Amma geniş ictimaiyyət üçün bu bayramın əsas üstünlüyü “açıq qapı” günüdür. Ölkəmizdəki muzey və qoruqların çoxu bu aksiyaya qoşulur. Əgər aprelin 18-də Azərbaycanda səfərdə olsanız, Bakıdakı və digər şəhərlərdəki ən maraqlı muzeylərə pulsuz gedə bilərsiniz.

Əlvan xalı tək döşənmiş çöl və çəmənlər

Bahar fəsli Bakının hüdudlarından uzaqlarda xüsusilə gözəldir. Mövsümü çiçəklər təbiətin qış yuxusundan oyandığını göstərir.

May bu mövsümün ən bol çiçək açan ayıdır. Mayda ölkəmizin bölgələri qırmızı lalə, inciçiçəyi, zanbaq, nərgizgülü, sünbülçiçək və çobanyastığı kimi rəngbərəng çiçəklərdən toxunmuş nəhəng xalıya bənzəyir. Mayda Quba, Qusar və Xaçmaz, Şamaxı, Şəki, Şəmkir və Gədəbəydə təbiətin seyrinə çıxmaq ən gözəl istirahətdir.

Qusar rayonunun Alp dağları çəmənliklərini xatırladan uca dağları xüsusilə səfalıdır. May ayında Şahdağın zirvələri hələ də qarlıdır, ətəklərində isə yaşıllığı və çiçəklərin əlvanlığı ilə göz qamaşdıran füsunkar mənzərə açılır.

Əcnəbilər qədim Qəbələ şəhərini Qafqaz dağlarının əzəmətli gözəlliyi şərəfinə kiçik İsveçrə adlandırıblar. Dağ çəmənləri və meşələri daim turistləri cəlb edir. Ovçular və balıqçılar qənimətlərindən həmişə razıdırlar. Bura ekoloji turizm həvəskarları üçün əsl cənnətməkandır.

Təbiət şəfa ocağıdır

Azərbaycanda elə yerlər var ki, onların dünyada bənzəri yoxdur. Təbiətin enerjisindən pay almaq, sağlamlığını bərpa etmək üçün insanlar ilboyu, xüsusən də baharda bu yerlərə axışırlar. Paytaxtın 360 kilometrliyində və böyüklüyünə ölkənin ikinci şəhəri olan Gəncədən 48 kilometr cənub-şərqdə yerləşən Naftalan kurort şəhəridir. Burada çoxlu sanatoriya və pansionat yerləşir. Rusiyanın Yessentuki şəhəri ilə qardaşlaşmış Naftalan lap qədimlərdən öz müalicəvi nefti ilə şöhrət qazanıb. Bu nefti Midiya yağı adlandırırmışlar. Biz isə əfsanəvi arqonavt Yasonu xatırlamalıyıq. Xatırlayırsınızsa, sehrbaz qadın Medeya ona yanıqları müalicə edən möcüzəli məlhəm hədiyyə etmişdi. Reallıq mif və əfsanələri bu şəkildə təsdiq edir! Hələ qədim dövrlərdə Asiyanın müxtəlif guşələrində yaşayan insanlar xəstəliklərindən müalicə olunmaq üçün çarəni Azərbaycanda axtarırmışlar, buradan Naftalan nefti aparırmışlar. Eyni hadisələr bu gün də baş verir.

Ölkəmizin ərazisində “istisu” deyilən külli miqdarda qaynar mineral bulaqlar var. Kimyəvi tərkibindən asılı olaraq bu sulardan müxtəlif xəstəliklərin müalicəsində istifadə edirlər. Məsələn, belə bulaqlardan biri Masallı rayonunda yerləşir. Bulağın yanında pansionat fəaliyyət göstərir. Naxçıvan şəhərində və onun ətraflarında çoxlu şəfa bulaqları qaynayır. Naxçıvanın unikal duz şaxtaları – Duzdağ Fizioterapiya Mərkəzi bütün dünyada şöhrət qazanıb. Burada xəstələr əsl təbii mağaralarda müalicə olunur, müasir dəbdəbəli oteldə yaşayırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: