“Caspian Energy Forum Nakhchivan – 2018” iyunun 14-də keçiriləcək

178

NUHÇIXAN xəbər verir ki, iyunun 14-də Naxçıvan Muxtar Respublikasında keçiriləcək VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018”ə iştirakçıların qeydiyyatı başlayıb.

“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, “Caspian Energy Forum Nakhchivan – 2018” Naxçıvanın 2018-ci il İslam mədəniyyətinin paytaxtı elan olunduğu vaxta salınıb. Forumun təşkili Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışının 25 illiyinə və Azərbaycan Respublikasının vətəndaş müharibəsindən xilas olunduğu tarixə təsadüf edir.

T.Əliyev qeyd edib ki, açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Naxçıvan Muxtar Respublikası hökumətinın iqtisadi blokunu təmsil edən üzvləri, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şirkət nümayəndələri və “Caspian European Club”un idarə heyətinin üzvləri iştirak edəcəklər.

“Caspian Energy Forum Nakhchivan – 2018”in aparıcı mövzusu “Açıq bazarlar: uzunmüddətli inkişaf perspektivləri” olacaq. VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan – 2018”ə rəsmi dəstəyi Naxçıvan Muxtar Respublikası hökuməti və “Caspian European Club” göstərir.

“Caspian Energy Forum Nakhchivan – 2018”də yalnız “Caspian European Club”un üzvləri və onların Naxçıvan Muxtar Respublikasında yeni müəssisələrin yaradılmasında və investisiyalaşmasında maraqlı olan partnyorları iştirak edə bilərlər.

T.Əliyev bildirib ki, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə keçirilən “Caspian Energy Forum” biznes-hökumət dialoqunun aktivləşməsi, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşü, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün əlverişli şərait yaradan ənənəvi meydandır. Bundan əlavə, tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

O əlavə edib ki, qeydiyyatdan keçmək üçün http://caspianenergyforum.com/nakhchivan/index.php/en/  linkinə daxil olmaq lazımdır.

Naxçıvan Muxtar Respublikası 2017-ci ilin nəticələrinə görə, “Caspian Energy International Media Group”un tərtib etdiyi və Azərbaycan Respublikasının Prezidenti, “Caspian European Club”un sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqinin lideri olub. 18 parametr üzrə sıralanan regionlar altı qrupa bölünüb: sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifah və kənd təsərrüfatı.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. 2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Onların hər ikisi iki il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.

Beynəlxalq “Caspian Energy” jurnalı dünyanın 70 ölkəsində yayılır. 19 il ərzində jurnalda dünyanın müxtəlif dövlətlərinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin analitik material və xülasələri çap olunur. Müxtəlif qiymətləndirmələrə görə, Xəzər-Qara dəniz və Baltik regionunun aparıcı nəşrlərinin ilk beşliyinə daxil edilmiş “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının bir çox investorlarının fəaliyyətində əsas oriyentir rolunda çıxış edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: