Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən əyləncəli idman oyunlarına yekun vurulub

154

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Paralimpiya Federasiyasının birgə təşkil etdiyi, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında əyləncəli idman oyunlarına yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın paytaxtında yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən turnirdə “Nuhçıxan”, “Arpaçay”, “Babək”, “Qapıcıq”, “Əlincə”, “Batabat”, “Kəngərli” və “Qaraağac” olmaqla, ümumilikdə, 8 komanda mübarizə aparıb.

Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov bildirib ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, respublikanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin olunmasını vacib məsələlərdən biri kimi hər zaman diqqətdə saxlayıb. Muxtar respublikada da gənclərlə idman sahəsində mühüm işlər görülüb. Belə ki, son illər ərzində Naxçıvanda idman infrastrukturunun yenidən qurulması, yeni idman obyektlərinin, Olimpiya İdman komplekslərinin inşası bu sahənin inkişafına möhkəm təməl yaradıb. Müasir idman infrastrukturu, öz növbəsində, Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün geniş imkanlar açıb. Nazir çıxışının sonunda idman tədbiri münasibətilə iştirakçıları təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Muxtar respublikada idmanın inkişafının, onun maddi-texniki bazasının möhkəmləndirilməsinin məhdud fiziki imkanlı şəxslərin reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıdığını vurğulayan Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Cavid Səfərov deyib ki, sağlamlıq imkanları məhdud şəxslərin idmana inteqrasiyasını sürətləndirmək məqsədilə müxtəlif idman qrupları, o cümlədən qolbol idman növü üzrə komanda, sağlamlıq imkanları məhdud qızlardan ibarət bədii gimnastika, uşaqlardan ibarət boccia, üzgüçülük və stolüstü tennis bölmələri yaradılıb. Muxtar respublikada idmana göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, hər il burada müxtəlif beynəlxalq səviyyəli idman festivallarının və yarışların keçirilməsi ənənə halını alıb. Ölkəmizdə ilk dəfə məhz Naxçıvanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən paralimpiya idman festivallarının, qolbol üzrə beynəlxalq turnirin keçirilməsi müvafiq kateqoriyadan olan şəxslərə göstərilən dövlət qayğısının bariz ifadəsidir.

Bədii hissədə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” rəqs qrupunun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Turnirin yekununda müəyyən edilmiş manevrləri daha dəqiq və düzgün yerinə yetirən “Arpaçay” komandası qalib adını qazanıb. “Nuhçıxan” komandası ikinci, “Babək” komandası isə üçüncü olub.

Sonda qalib komandalar və digər iştirakçılar mükafatlandırılıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: