Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb

161

Mayın 23-də qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Qızıl Avropa Liqasında ikinci görüşündə Portuqaliya yığmasına qalib gələrək mötəbər turnirdə növbəti qələbəsini qazanıb.

NUHÇIXAN xəbər verir ki, milli komandamız Azərbaycan Voleybol Mərkəzində Portuqaliya yığmasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Türkiyəli baş hakim Saadettin Denerin idarə etdiyi görüşə daha fəal başlayan portuqaliyalı voleybolçular ilk seti öz xeyirlərinə başa vurublar – 26:24. Lakin ilk görüşdə olduğu kimi bu oyunda da yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan millisi ardıcıl üç setdə müvafiq olaraq 25:17, 25:14 və 25:17 hesabı ilə qalib gələrək oyunu qələbə ilə başa vurub. Beləliklə, görüş voleybolçu qızlarımızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. “A” qrupunda yer alan Azərbaycan yığmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seçmələridir. Komandamız ilk turda Ukrayna yığmasını 3:1 hesabı ilə məğlub edib.

Azərbaycan millisi növbəti oyununu mayın 26-da səfərdə Bolqarıstana qarşı keçirəcək.

Qızıl Avropa Liqasının final mərhələsi Macarıstanda keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: