Naxçıvanın türk-islam abidələri ilə bağlı yeni kitablar nəşr olunub

165

Naxçıvan 2018-ci ildə İslam mədəniyyətinin paytaxtıdır. Türbələr, imamzadələr, buzxanalar və hamamlar Naxçıvanın türk-islam memarlığı abidələri sırasında özünəməxsus yer tutur.

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda mövcud olan bu abidələrin təbliği ilə bağlı yeni kitablar çap olunub.

“Naxçıvan türbələri” kitabında 12-ci əsrdən başlayaraq Naxçıvanda inşa edilən möhtəşəm türbələrimiz və Naxçıvan memarlıq məktəbi ənənələrini özündə yaşadan və inkişaf etdirən Hüseyn Cavid məqbərəsi haqqında ətraflı məlumat verilir. Kitabdakı məqalələrin müəllifi AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərlidir.

Fəxrəddin Səfərlinin müəllifi olduğu “Naxçıvan imamzadələri” kitabında isə  muxtar respublika ərazisindəki imamzadə, pirlər və taleyi daim Naxçıvanla bağlı olan Mehri rayonundakı Buğakar piri haqqında məlumat verilir. Kitabda imamzadələrin mahiyyəti, bu qəbirlərdə dəfn olunan insanların mənsubiyyəti və onların üzərində ucaldılan memarlıq abidələrinin tarixi haqqında məlumatlar da yer alır.

“Naxçıvan buzxanaları” kitabında Naxçıvanda bu günə qədər gəlib çatan buzxanalardan bəhs olunur. Orta əsrlərdə soyuducu kimi istifadə olunan bu qurğuların növləri, memarlıq xüsusiyyətləri və inşa tarixi haqda yazılıb. Zamanında texniki baxımdan böyük əhəmiyyət daşıyan buzxanalar hazırda tarixi-memarlıq abidəsi kimi qorunur. Kitabın müəllifləri AMEA Naxçıvan Bölməsinin əməkdaşları İlhami Əliyev və Sara Hacıyevadır.

“Naxçıvan hamamları” kitabında türk-islan mədəniyyətinin möhtəşəm nümunələri olan hamamlar haqqında danışılır. Müəllifləri AMEA Naxçıvan Bölməsinin əməkdaşları Zeynəb Quliyeva, Asəf Orucov və Toğrul Xəlilovun olduğu kitabda  dövrümüzə qədər gəlib çatmış Naxçıvan  hamamlarının quruluşu, memarlıq xüsusiyyətləri , inşa tarixləri haqqında ətraflı məlumatlar verilib.

Naxçıvandakı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan kitablar geniş oxucu kütləsi  üçün nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: