Ermənilərin Laçından sonra işğalına ciddi cəhd göstərdiyi Sədərək – 1992-ci ilin 20 may tarixini xatırlayırıq

248

1992 –ci il may ayında Sədərəkdə gedən ağır, qanlı döyüşlərdən 26 il ötür. Həmin dövrün şanlı tarixi sayılan bu döyüşlər bu gün qürur duyduğumuz dünənimizdir. Bu dünəni xalqımız qızıl hərflərlə  öz qəhrəmanlıq tarixinə yazıb.

1992-ci il mayın 18-də erməni silahlı birləşmələri  Laçını işğal edəndən sonra növbəti hədəf Naxçıvan idi. Həmin gün Sədərək istiqamətindən ağır silahlar və döyüş texnikası ilə hücuma keçən düşmən Azərbaycan əsgərlərinin və yerli əhalinin ciddi müqaviməti ilə rastlaşdı. Həmin gün qeyri bərabər döyüşdə, Sədərəkdə 19-20 yaşlı gənclər qəhrəmanlıq tarixi yazdılar. Amma  Naxçıvandan bir qarış da olsun torpaq ermənilərə verilmədi. Əksinə hər bir naxçıvanlı, Naxçıvanda döyüşən Azərbaycan övladı daha da mətinləşdi, düşmənə olan kinini, qəzəbini silaha çevirə bildi. Çünki hər bir şəhidin ömür yolu bir qəhrəmanlıq dastanına döndü.

Mayın 18-dən 22 –nə qədər  davam edən döyüşdə 20-yə yaxın əsgərimiz və kəndin dinc sakinləri şəhid oldu. Bu şəhidlərin arasında Culfa rayonun Teyvaz kəndindən olan 19 yaşlı Coşqun Hüseynovla bağlı maraqlı bir hadisə bu gün də xatırlanır. May ayının 18-də qardaşı ilə bir səngərdə igidliklə döyüşən  Coşqunu erməni snayperi şəhid edir. Qardaşının qucağında  keçinən şəhidin doğulduğu kənddəki atı həmin gün dayanmadan kişnəyir və havalanmış şəkildə kəndi dolaşır. Bir gün sonra yaxınları şəhidi kənddə dəfn edən zaman atı da insanlarla bərabər qəbristanlığa gəlir. Sonra uzun müddət kənd sakinləri onu Coşqunun qəbrinin üzərində görürlər. Sanki vəfalı heyvan öz şəhid sahibinə yas saxlayırdı.

Sədərək şəhidlərinin arasında gənclərlə bərabər 11 uşaq anası olan Ceyran Məmmədova da vardı. Ermənilərin mülki insanlarla dolu yük maşınını topla vurması nəticəsində ana şəhid olub. Ümumilikdə, Sədərək döyüşlərində Naxçıvanın müxtəlif bölgələrindən 100-dən artıq oğul və qızımız qəhrəmanlıq zirvəsinə yüksəlib.

Bu gün bir daha aydın görünür ki, 18-22 may döyüşləri isə təkcə Sədərəyi işğal etmək məqsədi daşımırdı. Məlumdur ki, o zaman Ulu öndərin təşəbbüsü ilə Naxçıvanla Türkiyənin arasında Sədərək-Dilucu körpüsünün tikintisi yekunlaşmaq üzrə idi. Sonradan “Ümid” körpüsü adlandırılan bu strateji, həyati əhəmiyyətli layihə Naxçıvanın blokadasının bir tərəfli yarılması demək idi. Məhz buna görə də ermənilər bu əraziləri işğal etməklə onun reallaşmasına mane olmaq istəyirdilər. Amma Heydər Əliyevin ətrafında birləşən Naxçıvanın müdafiəçiləri qanları bahasına düşmənin bu istəyini gözündə qoydu. 1992-ci il mayın 28-də körpü açıldı.

Həmin vaxt Naxçıvanda xüsusi çəkilişlər edən Almaniyanın ARD kanalında yayımlanan “Qlobus” verilişində Sədərək döyüşlərinə xüsusi yer ayrılıb. Bu televiziyanın arxivindən əldə etdiyimiz  verilişdə maraqlı bir məqam diqqəti çəkir. Sədərək döyüşlərinin qəhrəmanlarından biri  Səyyad Əliyev çəkiliş qruppasına anasının alman qızı olduğunu deyir. Bu qadın 1941-45 müharibəsində  Naxçıvanlı gənci sevərək onunla birlikdə  bura gələn Erika Hampel-Əliyeva idi. Amma təəssüfləndirici hal odur ki, bir neçə gün sonra Səyyad şəhid olur. Videomaterialda onun döyüş anında çəkilən sonuncu görüntüləri ilə yanaşı  şəhidin dəfni  də lentə alınıb. Naxçıvanın şəhidlər xiyabanında dəfn olan şəhidlərimizdən biri kimi Səyyad Əliyevi döyüş yoldaşları  yaylım atəşləri ilə son mənzilə yola salırlar.  Alman kanalı bunu xüsusi vurğu ilə qeyd edir.

May ayında erməni təcavüzü nəticəsində şəhid olanların bir neçəsinin cəsədi düşmənlə yaxın təmas xəttində qalmışdı. Ümummilli liderin beynəlxalq səviyyədə apardığı danışıqlar  və şəxsi nüfuzu nəticəsində həmin döyüşçülərin nəşi götürülərək  şəhidlər xiyabanında dəfn edilib. Ağır yaralılar isə Ümummilli liderin təşəbbüsü ilə Türkiyənin hərbi xəstəxanalarına yola salınıb. O zaman , Ulu öndər bu yaralıları Türkiyəyə göndərməklə kifayətlənmədi. Hətta özü belə onlara baş çəkmək, sağlamlıqları ilə maraqlanmaq üçün Türkiyəyə səfər etdi. Xəstəxanada bu qəhrəmanlarla şəxsən görüşüb onların səhhəti, müalicəsi ilə maraqlandı.

NUHÇIXAN İnformasiya Agentliyi həmin günlərdə Sədərəkdə gedən döyüşləri və yenicə formalaşan ordumuzun əsgərlərini  lentə alan və dünyada yayımlayan Almaniyanın və  Türkiyənin telekanallarının çəkdikləri videoxronikanı əldə edib. Eyni zamanda bu videomaterial o günlərdə yenicə yaradılan Naxçıvandakı ordu birləşmələrinin hansı səviyyədə olduğunu göstərən bir faktdır. 1992-ci  ildə orduda ermənilərin ağır döyüş texnikasına qarşı  yalnız Kalaşnikov avtomatları ilə silahlanan gəncləri görürük. O günlə bu günü müqayisə etdikdə bir şeyi dərk edirsən. 1990-92-ci  illərdə Naxçıvanı qoruyan təkcə  silah deyil, xalq və  Heydər Əliyev birliyi idi. Bu videogörüntülər həm də ordumuzun Kalaşnikov avtomatından uzaqməsafəli  “Qasırğa”lara qədər keçdiyi inkişafın və Cənubi Qafqazın ən güclü ordusuna  çevrilmə tarixinə bir baxışdır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.

NUHÇIXAN həmin döyüşlərdə canlarını fəda edən şəhidlərin xatirəsinə ehtiramın ifadəsi olaraq Almaniyanın və  Türkiyənin telekanallarının 1992-ci ildə çəkdikləri həmin videomaterialları təqdim edir :

Səməd Canbaxşiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: