Naxçıvanda aztəminatlı ailələrə fərdi heyvandarlıq təsərrüfatlarını qurmaq üçün yardım göstərilib

139

Muxtar respublikada aztəminatlı ailələrin məşğulluğu ilə bağlı tədbirlər davam etdirilir.

Naxcivantv.az xəbər verir ki, tədbirlərin davamı olaraq martın 3-də Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan 15 aztəminatlı ailəyə fərdi heyvandarlıq təsərrüfatlarını qurmaq istiqamətində köməklik göstərilib.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq aztəminatlı ailələrin özünəməşğulluqlarının təmin edilməsi üçün müxtəlif sosial layihələr həyata keçirilir. Ali Məclis Sədrinin tapşırığına əsasən, uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən ailələrə köməkliklər göstərilir.

Bildirilib ki, özünəməşğulluq proqramında iştirak etmək üçün müraciət edənlər içərisindən Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan daha 15 aztəminatlı ailə müəyyənləşdirilib. Tədbirdə aztəminatlı ailə təmsilçilərinə verilən mal-qara ilə bağlı sənədlər təqdim olunub.

Tədbirdən sonra aztəminatlı ailələrdən 10-na yanında balası olan iribuynuzlu, 5-nə isə xırdabuynuzlu heyvanlar verilib.

Qeyd edək ki, ümumilikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən indiyədək 67 aztəminatlı ailəyə özünəməşğulluqlarının təmin edilməsi üçün müvafiq köməklik göstərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: