Naxçıvanda III “Göycə” Festivalı keçirilir
Bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi növbəti- III “Göycə” festivalına ev sahibliyi edib.
NUHÇIXAN xəbər verir ki, festivalda AMEA-nın Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov Naxçıvanda tarixən yetişən meyvələrdən danışıb. Bildirib ki, Naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının əməyinin bəhrəsi olan Naxçıvan göycəsinin tarixi 7-ci əsrə gedib çıxır. Naxçıvan göycəsi xalq seleksiyası yolu ilə Naxçıvan alçası növündən yaradılıb. Bu sort becərildiyi ərazinin və “göy” yeyildiyi məhsulun rənginə müvafiq olaraq adlandırılıb. Göycə muxtar respublikada yazda ilk yeyilən meyvə sortlarından biridir. Naxçıvanın torpaq-iqlim şəraiti göycənin tez böyüməsi, inkişafı, bol və yüksəkkeyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Naxçıvan göycəsi, adətən, yazda, yayda və payızda müxtəlif calaq üsulları ilə çoxaldılır.
Festivala Naxçıvan şəhərindən 1300, Şərurdan 2850, Babəkdən 3330, Ordubaddan 1200, Culfadan 700, Kəngərli rayonundan isə 1300 kiloqram olmaqla müxtəlif növ göycə məhsullarının sərgi-satışı həyata keçirilib. Həmçinin festival iştirakçılarına göycədən hazırlanan məhsullar – mürəbbə, kompot, turşu, göycə qurusu, eləcə də göycə lavaşası təqdim olunub.
Göycədən hazırlanan müxtəlif fiqurlar maraqlı kompozisiya yaradıb. Şərur rayonun stendində Möminə Xatın türbəsi, Babək rayonuna ayrılan stenddə göycə ağacı və ətrafında qədim məişət əşyaları, rayonun yaranmasının 40 illiyini əks etdirən tablo, Ordubad rayonuna ayrılan hissədə isə Naxçıvan İslam Mədəniyyəti Paytaxtı-2018 loqotipinin əks olunduğu lövhə, Qeysəriyyə tarixi abidəsi iştirakçıların diqqətini çəkib.
Naxçıvan Dövlət Filarmoniyası maraqlı konsert proqramı ilə festivalda çıxış edib. Festival sabah da davam edəcək və günün sonunda bağbanlar arasında “Ən yaxşı göycə” müsabiqəsi tədbirə yekun vurulacaq.