NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində IV Naxçıvan Beynəlxalq Arıçılıq Konfransı keçirilib. Konfransda muxtar respublikada arıçılıqla məşğul olan iri təsərrüfat sahiblərinin, Azərbaycan Dövlət Pedoqoji Unveristetinin, Azərbaycan Arıçılar Assosiasiyasının, Türkiyənin Uludağ Unversitetinin, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Peşəkar Arıçılar Birliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin Kənd Təsərrüfatı Nazirliyi və Baytarlıq Xidməti əməkdaşlarının iştirak edib. Tədbirdə son illər Naxçıvanda arıçılığın inkişafı barədə geniş söhbət açılıb. Bildirilib ki, muxtar respublikada əvvəllər cəmi 6045 arı ailəsi vardısa, göstərilən dövlət qayğısının nəticəsindən sonra bu gün arı ailələrinin sayı artıq 70 mini ötüb.
O da vurğulanıb ki, Naxçıvanın təbiətində çoxlu dərman bitkiləri mövcuddur. Bu bitkilərin köməyi ilə arı ailələrində olan xəstəliklərin azalmasına və keyfiyyətli məhsul əldə edilməsinə nail olmaq olar.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev bildirib ki, arıçılara davamlı dövlət qayğısı göstərilir. Naxçıvanda 2017-2022-ci illərdə arıçılığın inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir. Təkcə 2017-ci ildə bu sahə üzrə təsərrüfat subyektlərinə 50 min manat məbləğində kredit verilib, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılıb.
Digər mütəxəssislər arı ailələrinin xəstəliklərdən qorunması, ana arının yetişdirilməsində muxtar respublikaya məxsus sortlardan istifadənin vacibliyi və digər məsələlərlə bağlı məlumatlar veriblər.
Sonra konfrans “Regionlarda arıçılığın müasir vəziyyəti”, “Yem bazası və inkişaf perspektivləri”, “Arı yetişdirmə seleksiya-damazlıq işi və yerli arı genefonunun qorunma yolları” və digər mövzularda bölmə iclasları ilə davam etdirilib.
Novruz Məmmədov
NUHÇIXAN