Sakaryada Xocalı soyqırımı abidəsi və Qarabağ prospekti istifadəyə verilib

135

Türkiyənin Sakarya şəhərinin Karasu rayonunda Xocalı soyqırımı abidəsi və Qarabağ prospektinin açılışı olub.

Naxcivantv.az xəbər verir ki, tədbirdə çıxış edən Karasu bələdiyyəsinin sədri Mehmet İspiroğlu Azərbaycan ilə Türkiyənin ortaq mədəniyyətə, adət-ənənəyə və siyasi baxışa malik olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı soyqırımından danışan bələdiyyə sədri qeyd edib ki, ermənilər tarixboyu əsassız torpaq iddiaları və dinc insanlara qarşı soyqırımı siyasəti aparıblar.

M.İspiroğlu vurğulayıb ki, ermənilər XX əsrin əvvəllərində Türkiyənin Ərzum və Qars bölgələrində, sonra isə Azərbaycanın Xocalı şəhərində qətliam törədiblər. O, Azərbaycanın və Türkiyənin erməni terrorizminə qarşı birgə mübarizə aparmasının vacibliyini qeyd edib.

Sonra Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış ediblər.

Natiqlər Xocalı soyqırımının bəşəriyyətin qanlı faciəsi olduğunu vurğulayıblar. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi kütləvi qırğın nəticəsində 613 nəfər amansızlıqla qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfər isə itkin düşüb. Bildirilib ki, Azərbaycan xalqı bu tarixi, nifrət və barbarlığın qurbanı olan ailələrin iztirablarını heç vaxt unutmayacaq.

Xocalı soyqırımının şahidi, Qarabağ əlili Azər Quliyev o faciəli gecənin dəhşətli anlarından bəhs edib. O bildirib ki, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərində uşaq, böyük demədən hər kəsi xüsusi vəhşiliklə qətlə yetiriblər. Xocalı sakinləri ata-baba yurdlarını düşmənə verməmək üçün ən son anadək şəhərdən çıxmadılar. Onlar müqəddəs şəhidlik zirvəsinə yüksəldilər. Azər Quliyevin sözlərinə görə, ermənilər qətlə yetirdiyi insanları tanınmaz hala salırdılar. Onların ayaqlarına məftillər bağlayıb tanklarla sürüyüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: