İlham Əliyev: “Naxçıvanın təhlükəsizliyi ilə bağlı böyük işlər görülüb”

725

“Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb”.

NUHÇIXAN-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

“Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb”, – deyə o vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilib: “Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.

İ. Əliyev prezident kimi Naxçıvana sayca 14-cü dəfə səfər etdiyini bildirib: “Prezident kimi ilk dəfə Naxçıvana düz 14 il bundan əvvəl – 2004-cü ilin may ayında gəlmişdim. Bu 14 il ərzində Naxçıvanda gedən işləri daim diqqətdə saxlamışam və respublikanın uğurlu inkişafı üçün nə lazımdırsa biz onu da edirik”.

Prezident qeyd edib ki, Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: