Söz ömrünə calanan ömür

132

Vaqif Cəfər oğlu Məmmədov 1948-ci il iyun ayının 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub.

1970-ci ildən bədii yazıları mətbuatda çap olunan, 40-a yaxın bədii-publisistik kitabın müəllifi olan Vaqif Məmmədovun şeirləri müxtəlif dillərdə, Türkiyə, İran, İraq, Özbəkistan, Rusiya, Ukrayna, Belarus, Yunanıstan, Almaniya, Bolqarıstan, Pakistan və ABŞ-da çap edilib.

Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvü olub.  Vaqif Məmmədov Özbəkistanda keçirilən “Daşkənd təranəsi” beynəlxalq poeziya müsabiqəsinin qalibi seçilib (1983), YUNESKO xətti ilə Bağdadda keçirilən “Füzuli günləri”ndə (1994), Türkiyə, İran, İraq, Hollandiya və Pakistanda keçirilən bir çox beynəlxalq konfranslarda iştirak və çıxış edib, bir neçə beynəlxalq şeir müsabiqələrinin qalibi olub.

2001-ci ildə “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu” mövzusunda dissertasiya müdafiə edib tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1995-2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb, 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsili işçisi” döş nişanı ilə təltif olunub.  “Həsən bəy Zərdabi” və “Qızıl qələm” mükafatları laureatıdır.

1998-2015-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatının direktoru, universitetin “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasında dosent vəzifəsində çalışıb.

6 fevral 2016-cı ildə vəfat edib.

Xanəli KƏRİMLİ
Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Naxçıvan ədəbi mühitinin yetirməsi və çağdaş poeziyamızda özünəməxsus yeri olan Vaqif Məmmədovun yaradıcılıq yolu ötən əsrimizin 70-ci illərindən başlayır.  Bu illərdə artıq ümumən Azərbaycan ədəbi mühitində tanınan, Naxçıvanda yeni ədəbi mühitin formalaşmasında və inkişafında mühüm rol oynayan Hüseyn Razı, Əliyar Yusifli, Müzəffər Nəsirli, Adil Qasımov, Həsən Fətullayev, Əbülfəz Muxtaroğlu, Kəmalə Ağayeva, Elmira Qasımova, Validə Hüseynova kimi şairlər, xalq yazıçısı Hüseyn İbrahimov, Həmid Arzulu, Möhsün Möhsünov, Novruz Nehrəmli, Əbülfəz İnfiloğlu, Bayram İsgəndərli, Akif Axundov kimi nasirlər, necə deyərlər, söz meydanında idilər.  Vaqif Məmmədov, bu mənada yanaşanda, ədəbiyyata, böyük poeziyaya belə bir mühitdə qədəm qoydu və az bir müddətdə ədəbi nəsildaşları içərisində bir qələm adam kimi tanınmağa, sayılıb-seçilməyə başladı.  Sonralar şeirləri dünyanın bir sira ölkələrində – Türkiyədə, İranda, İraqda, Yunanıstanda, ABŞ-da, Rusiyada, Ukraynada, Belarusda, Özbəkistanda, Almaniyada, Bolqarıstanda çap olunan Vaqif Məmmədov 21 şeir, 15 elmi-publisist, 12 kitabın tərtibçisi oldu və haqqında 7 kitab yazıldı.

Yaradıcılığının erkən çağlarından ədəbi-elmi mühitin aparıcı sımalarının diqqətini çəkən V. Məmmədov az bir zamanda öz yaradıcılıq kredosunu formalaşdıra bildi. Xüsusilə, ötən əsrimizin 80-ci illərinin sonlarinda bədnam ermənilər tərəfindən başlanan və bu günə qədər davam edən ədalətsiz Qarabağ hadisələrindən sonra bütün elmi, ədəbi, ictimai mühitimizin aparıcı mövzusu Vətən, Xalq, Azadlıq amalı olduğu kimi, V. Məmmədovun da yaradıcılığının əsas qayəsi, başlıca amalı Vətən, Xalq, Azadlıq mövzuları oldu.  Ən başlıcası da, Vaqif Məmmədovun doğulub boya-başa çatdığı Azərbaycan torpağının qeyrət qalalarından birinə çevrilən Sədərəyə erməni faşistlərinin 1990-cı ilin yanvar ayının 18-19-da başladığı ilk hücumları (bu hücumlar 1993-cü ilə qədər 14 dəfə davam etdi və bu döyüşlərdə 100-dən çox şəhid, 500-dən çox döyüşçü və mülki şəxs yaralanaraq müxtəlif dərəcələrdə əlil oldular) və bu hücumlara qarşı gedən vətən oğullarının döyüş anları, mərdlik və cəsarət nümunələri Vaqif Məmmədov yaradıcılığının baş mövzusuna çevrildı. Bir məktəb direktoru, bir qələm və söz adamı kimi daima xalqın içərisində olmaq, “müsəlləh bir əsgərə” dönmək, etiraf edim ki, o dövrün çox “qələm adamlarına” nəsib olmadı. Vaqif Məmmədov, bəlkə də, o dövrdə Azərbaycanda yeganə qələm adamıydı ki, Sədərəyin ölüm-dirim məsələsi həll olunanda Vətən, Millət, Qeyrət naminə ailəsini, uşağını müəllim əməyi ilə min əzabla tikdiyi evindən çıxarıb evini, halal ocağını hərbi qərargaha çevirdi, Sədərəyin müdafiəsi üçün bütün döyüş əməliyyatları o halal müəllim ocağından idarə edilirdi. Təkcə bu fədakarlığına görə Vaqif Məmmədov şairliyindən, alimliyindən daha çox bir vətəndaş kimi, M. Araz demişkən, bir “vətən daşı” kimi yaddaşlara köçüb sağlığında əbədiləşdi. V. Məmmədovun o dövrdə qələmə aldığı şeirlər, publisistik yazılar zamanın, Vətənin haqq bağıran səsi, harayı idi. Elə buna görə də akademik Ziya Bünyadov Vaqif müəllimin Sədərəklə, Sədərək döyüşləri ilə bağlı şeirlərini oxuyandan sonra yazmışdır: “Vaqif Məmmədovun Sədərək haqqında şeirlərini oxudum. Çox təsirləndim. Eşq olsun qəhrəman Sədərək xalqına”.

Xalq şairi Bəxtiyar Vahabzadə isə “Mədəniyyət” qəzetinin 17.09.1992-ci il tarixli sayında yazırdı: “Sədərəkdən Vaqif Məmmədovdan bir məktub aldım. İçində bir neçə şeir vardı. Ah dolu, aman dolu bu şeirlərdən üzümə alov vurdu, varaqlar əlimi yandırdı. Bu şeirlər Sədərəyin bugünkü müsibətinin sabah üçün tarixidir”.

Doğrudan da, bu, belədir.  Yazılarımın birində əsl qələm adamlarının yazdıqlarını “zamanın qara qutuları” adlandırmışdım və əlavə də etmişdim ki, təyyarələrin uçuş zamanı qəfil qəzaya uğramasının əsl səbəbini araşdırmaq üçün təyyarəyə yerləşdirilmiş qara qutuların rolu nə qədər böyük və əvəzolunmazdırsa, müəyyən bir dövrün, zamanın ictimai-siyasi mənzərəsinin əsl mahiyyətinin özündən sonrakı nəsillərə olduğu kimi çatdırılmasında zamanında yaşamış qələm və söz adamlarının yaratdıqları da o qədər dəyərli və əvəz olunmazdır. V. Məmmədovun bir şair, publisist, alim və ictimai xadim kimi (o, həm də birinci çağırış Naxçıvan Ali Məclisinin Sədərəkdən seçilmiş deputatı idi) yaradıcılığının əsas qayəsini yaxın keçmişimizin ictimai-siyasi həyatı və o hadisələrin xalqımızın milli yaddaşında oyatdığı təbəddülatlar təşkil edirdi. Çünki V. Məmmədov bir şair, ictimai fikir və düşüncə adamı kimi xalqın içindən çıxmış, onun mənəvi yükünün daşıyıcısına çevrilmişdir. Elə buna görə də akademik İsa Həbibbəyli V. Məmmədovun yaradıcılığından danışarkən doğru olaraq qeyd edir: “Vaqif Məmmədov Azərbaycan və türk dünyasında tanınan şairdir.  Yüksək hazırlıq səviyyəsi, şeirə-sənətə vaqiflik, elmə dərindən bələdçilik Vaqif Məmmədovun sənətini və elmi yaradıcılığını daima irəli aparır”.

V. Məmmədov torpağa, vətənə, xalqa bağlı olan milli duyğulu, milli düşüncəli şairdir.  Poetik duyğularında daima milli əxlaqi, mənəvi duyğular tərənnüm edən şair bir azca çətinlik görən kimi minillik ata-baba ocağını ataraq “xoş günlər eşqiylə” torpağını tərk edənlərə qarşı çıxaraq yazırdı:

Nə havaydı gəldi sənin başına,
Dönük çıxdın torpağına, daşına.
Yaraşmırdı bu köç sənin yaşına,
Bu torpağın ahı səni tutacaq. 

Yaxud da, Sədərək döyüşlərinin qanlı-qadalı günlərində qələm aldığı və bu gün də Vətən uğrunda döyüş ruhunda yazılmış ən layiqli poetik nümunələr içərisində bədiiliyini, ideya-siyasi dəyərini qoruyub saxlayan “Qeyrət qalası” şeirində bir səngər şairinin könül duyğularının narahat notlarını görməkdəyik:

Dəyanət dəmiydi, qeyrət dəmiydi,
Yolumuz haqq işə uzanan yolsa,
Sədərək ümmanda batan gəmiydi,
Qeyrətsiz olsaydıq, silaha qalsa…

Bu və bu kimi misralar bir daha göstərir ki, V. Məmmədov xalqın Vətən və torpaq uğrunda silahdan çox qeyrətə, namusa sığındığı, arxalandığı bir dövrün şairidir. Müşahidələr göstərir ki, 90-cı illərn ağrılı günlərində V. Məmmədovun yaradıcılığında sevgi şeirlərinə, məhəbbət duyğulu misralara rast gəlmək mümkün deyil. Çünki Vaqif bir şair, vətəndaş kimi bütün varlığını, hiss və duyğularını, maddi və mənəvi dəyərlərini yalnız Vətəninə basqın etmiş erməni cəlladlarının hücumuna qarşı mübarizə üçün səfərbər etmişdir.

Burada böyük xalq şairimiz Xəlil Rza Ulutürkün məşhur “məndən başlanır Vətən” misrasını xatırlamaq, fikrimizcə, çox yerinə düşərdi. Vətənin bütövlüyü Vətən əsgərinin silahının gücüylə Vətən şairinin qələminin qüdrətinin vəhdətindən yaranır desək, heç də səhv etmərik. Bu həqiqəti bir şair kimi dərindən dərk edən və özünün yaradıcılıq amalına çevirən Vaqif “Sərhəddə düşüncələr” şeirində yazırdı:

Bu sərhəddi, mərdlər durub keşikdə,
Talan olar, yoxsa bəhər-bar gedər.
Körpələr də uyumazlar beşikdə,
Vətən gedər, namus gedər, ar gedər.  

… Sərhəd Məkkə, sərhəd ocaq, sərhəd pir,
Yad baxış da sərhədlərə tuşlanır.
Sərhəd dəniz, sərhəd hava, sərhəd yer,
Vətən elə sərhədlərdən başlanır.

Vətən və Azadlıq mövzularının məntiqi davam kimi V. Məmmədov yaradıcılığının çoxçalarlılığına yeni bir rəng verən, çalar gətirən başlıca mövzulardan biri də, daima böyük hərflə yazılmağa layiq olan Şəhidlik mövzusudur.  Yeni dövr ədəbiyyatında, publisistikasında bu şərəfli mövzuya ilk müraciət edənlərdən biri də V.Məmmədov oldu. Onun muxtar respublikada ilk təşəbbüs kimi 1998-ci ildə nəşr etdirdiyi və ədəbi-ictimai mühitdə rəğbətlə qarşılanan “Sədərək şəhidləri” kitabı (bu kitab 2007-ci ildə “Şexidı Sadaraka” adı ilə Novosibirskidə rus dilində nəşr edildi) şairin yaradıcılığında yeni bir dövrün başlanğıcından xəbər verirdı. Bu mövzu çox çəkmədi ki, Vaqif Məmmədovun lirikasında da özünə vətəndaşlıq haqqı qazandı. Onun bu mövzda yazdığı bir sıra şeirləri, o cümlədən, “Vətənin müdafiəsində qəhrəmanlıqla şəhid olan Azərbaycan Milli Ordusunun kapitanı Ceyhun Pirəli oğlu Orucəliyevin xatirəsinə” epiqrafı ilə qələmə aldığı “Şəhid” şeiri bu cəhətdən diqqətə layiqdir:

Şəhidlik adında ünvanımız çox,
Şəhidin ruhu da bakirə, təmiz.
Zülmətdən işığa addım-addım yox,
Sanki şəhid-şəhid yol gedirik biz.  

Nümunə gətirdiyimiz təkcə bu bəndin 3-cü və 4-cü misralarının məna yükünün açımı şairin bu mövzuya yeni baxışının təzahürü kimi dəyərlidir…

Kamil qələm adamlarının ömrü, sözün əsl mənasında, insanlığın ən ali məqamı olan SÖZÜN ömrü qədər sonsuzdur. SÖZÜN ömrü İNSANLIĞIN, İNSANLIĞIN ömrü SÖZÜN ömrü qədərdir. Çünki söz insanı, insan da sözü yaradıb. Bu baxımdan yanaşdıqda, nə qədər insan və insanlıq yaşayırsa, söz də, nə qədər ki, söz yaşayırsa, bir o qədər də insan və insanlıq yaşayacaq. Vaqif Məmmədov ömrü də söz ömrünə calanan əbədi bir ömürdür, bir şair ömrüdür, bir vətəndaş ömrüdür…

2018-ci il iyunun 28-də unudulmaz qələm dostumuzun 70 illiyidir. Ancaq Vaqif 67 yaşında bu “gəlimli-gedimli, son ucu ölümlü” dünya ilə vidalaşdı…

Həsrəti saçımda qırovdu, dəndi,
Əbədi yandıran göz dağı oldu.
Vüsalın elə tez bitdi, tükəndi…
Həsrətin tükənmir, duz dağı oldu. 

Bu kövrək, duyğulu misralar da Vaqif Məmmədovundur. Dostlarına və Vaqifsevərlərə 70 illiyinin ağrılı, acılı nisgilini yaşadan Vaqif Məmmədovun!..`

“525-ci qəzet”

11.05.2018

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: