Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan göndərilən pomidor və xiyar məhsullarında karantin məhsulu aşkar edildiyi üçün onların idxalına müvəqqəti olaraq məhdudiyyət tətbiq edə bilər.
NUHÇIXAN xəbər verir ki, xidmətin bununla bağlı məlumatında bildirilir: “Karantin altında olan, o cümlədən Ermənistan Respublikası üçün qeydiyyata alınmayan karantin orqanizmlərinin olduğu məhsulların göndərilməsinin davam edəcəyi təqdirdə “Rosselxoznadzor” Ermənistan Respublikasından Rusiya Federasiyası ərazisinə tədarük ediləcək karantin altında olan məhsullara müvəqqəti məhdudiyyət tətbiq etmək məcburiyyətində qalacaq”.
Qeyd edilir ki, 2018-ci ilin mayında “Rosselxoznadzor” ”Yuxarı Lars” çoxtərəfli avtomobil keçid məntəqəsi ilə Ermənistandan daxil olan məhsullar üzərində fitosanitar nəzarəti gücləndirib. Mayın 3-dən 9-dək xidmətin mütəxəssisləri tərəfindən Rusiya üçün iki növ məhsulda – pomidor və xiyarda karantin orqanizmlərinin aşkar edildiyi yeddi obyekt müəyyən edilib. Məhsulların hamısı sahibinə qaytarılıb.
“Rosselxoznadzor” bu pozuntularla bağlı rəsmi təhqiqat aparılması və gələcəkdə bu cür halların baş verməsinin qarşısının alınması tələbi ilə Ermənistanın Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.