Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada kollegiya iclası keçirilib

727

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, qurumun  sədri İsmayıl Qəribli kollegiya iclasında bildirib ki, hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət olunub, 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı ləğv etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış səkkizinci sessiyasında Komissiyaya dövlət qulluğuna qəbul imtahanlarının dövriliyinin təmin edilməsi, kadr hazırlığı üzrə kursların təşkili və test bankının yenilənməsinin təmin edilməsi tapşırılıb.

Komissiya 2018-ci il ərzində Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil edib. Bu məqsədlə 3 müsabiqə elan olunub. Nəticədə ilk iki müsabiqədə sonra  70 nəfər  uğur qazanıb. Onların 62 nəfər vakant vəzifələrə təyin olunub, 8 nəfər isə ehtiyat kadrlar siyahısına salınıb.

305 vakant vəzifənin tutulması məqsədilə 583 nəfərin sənəd təqdim etdiyi sonuncu müsabiqənin test və müsahibə mərhələləri 2019-cu ildə keçiriləcəkdir. Ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısında olan 17 namizəddən 8-i hesabat dövründə işlə təmin olunub.

2018-ci il ərzində Komissiya tərəfindən hazırlıq kursları təşkil olunub, dövlət qulluğu, miqrasiya, vergi və gömrük orqanlarında xidmətə qəbul, eləcə də müəllimlərin işə qəbulu üçün keçirilən kurslarda 274 nəfər iştirak edib.

Həmin sahələrdə işə qəbul olmaq istəyən şəxslərin bilik səviyyəsinin yoxlanılması üçün 767 nəfərin iştirakı ilə sınaq imtahanları keçirilib.

Hesabat dövründə Komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsinin davam etdirilməsi diqqətdə saxlanılıb. Dövlət qulluğunun xüsusi növünə daxil olan orqanlara qəbul üçün keçirilən test imtahanlarının təşkil edilməsi məqsədilə 5934 sual, müəllimlərin işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı 6000 sual alınaraq test bankına işlənib.

2018-ci ildə Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçirilib. Bu məqsədlə keçirilən iki müsabiqədə ümumilikdə 417 vakant vəzifənin tutulması üçün 767 nəfər sənəd təqdim edib. Test imtahanlarında iştirak edən 756 namizəddən 272-si müvafiq keçid balını toplayıb.

Hesabat dövründə muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün keçirilən test imtahanlarında iştirak edən 390 nəfərdən 332-si keçid balını toplayıb.

2018-ci il tarixlərdə Daxili İşlər və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və muxtar respublika Prokurorluğunda vakant vəzifələrin tutulması üçün keçirilmiş test imtahanlarında iştirak edən 344 namizəddən 106-sı müvafiq keçid balını toplayıb.

Hesabat dövründə Komissiyada 59 namizəd tərəfindən vakant aparat rəhbəri, şöbə müdiri və sektor müdiri vəzifələrinin tutulması üçün test imtahanları keçirilib, onlardan 22 nəfəri müvəffəqiyyət qazanıb. Həmçinin müvafiq dövlət orqanlarında 28 dövlət qulluqçusu tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən daxili müsahibələrdə Komissiyanın nümayəndəsinin iştirakı təmin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı ilə icraçı şirkətlə müqavilə bağlanıb və həmin şirkət tərəfindən yeni proqram təminatı işlənib hazırlanıb. Yeni proqram təminatının istifadəyə verilməsi vətəndaşların dövlət qulluğuna qəbul ilə əlaqədar müraciət etmək imkanlarının asanlaşdırılmasına, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibə mərhələlərində iştirakına imkan verir.

Bundan başqa, digər mərkəzi icra hakimiyyəti orqanları ilə münasibətlər gücləndirilib. Çoxsaylı maarifləndirici tədbirlər keçirilib, dövlət orqanlarının kadr qurumları ilə mütəmadi əlaqə saxlanılıb, dövlət qulluqçularının şəxsi işlərinin və reyestrin aparılması qaydası, ixtisas dərəcələrinin verilməsi və digər məsələlərlə bağlı metodiki köməklik göstərilib.

Sonra Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Samiq Salayev, İnformasiya texnologiyaları və proqram təminatı şöbəsinin müdiri Mahir Abbasov və Mühasibat və ümumi işlər sektorunun müdiri Türkan Gülməmmədli məruzə ətrafında çıxış ediblər.

Kollegiyada həmçinin qarşıda duran vəzifələrdən də danışılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: