Batabat karvansarası-“Fərhad evi”

253

“Fərhad evi” və ya “Ağ karvansara” Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Naxçıvan-Laçın-Yevlax avtomobil yolundan sağda, Zorbulaqdan təxminən 1 kilometr şərqdədir. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Onlar bir istiqamətdə gedən düz keçid yolu vasitəsilə birləşirlər. Tavanlar tağ şəkilli, döşəmələr oval planlıdır. Divarlarda şam, yaxud çıraq qoymaq üçün kiçik taxçalar qazılıb. Divarların dibində səki düzəldilib. Birinci otağın sağ küncündə quyu ocaq yeri var. Giriş qapısının hündürlüyü 2,20 metr, eni 1,3 metrdir. Fərhad evinin olduğu qayanın girişinin sağında qaya üzərində uzunsaçlı kişi başı, solunda qadın rəsmi həkk olunub. Qayanın şimal-şərq yamacında buradan keçən qədim karvan yolunun səviyyəsindən 2 metr hündürlükdə, uzunluğu 5 metr, eni 80 metr, dərinliyi 30 santimetr olan səki qazılıb. Səki boyunca 3 sətirlik qədim yazı (çox güman ki, mixi yazı) həkk olunub (məzmunu oxunmaz vəziyyətə salınıb). Yaxınlıqdakı kurqan tipli abidə üzərindəki tikmədaş oğurlanıb. Naxçıvan şəhərindən Fərhad evinə bir mənzil karvan yolu var. Naxçıvan-Laçın-Yevlax yolu Yaxın Şərqi Cənubi Qafqazla əlaqələndirən ən əlverişli yollardan sayılırdı. Batabat yaylağında “Fərhad evi” adı ilə tanınan dayanacaq məntəqəsi yaradılmışdı. Orta əsrlərdə Naxçıvan-Batabat yolunda gediş-gəliş artdığından Fərhad evindən bir qədər şimalda iri karvansara tikilmişdi. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırır. Tədqiqatlar “Fərhad evi” abidələrinin eramızdan əvvəl birinci minilliyin sonlarına və eramızın əvvəllərinə aid olduğunu söyləməyə imkan verir. Fərhad evi ilə bağlı xalq arasında müxtəlif rəvayətlər yayılıb.

Qədim zamanlarda Fərhad adlı bir oğlan varmış. O, cüssəli, igid, mərd bir oğlanmış, həm də sənətkarmış. Gözəl şəkillər çəkər, heykəllər yonarmış. Adı-sanı hər tərəfə yayılıbmış. Uzaq ölkələrdən gəlib onu sarayları bəzəmək üçün apararmışlar.

Fərhad sənətində kamil olduğu kimi, sözündə, məhəbbətində də dediyindən dönməzmiş. Günlərin birində Fərhad eşidir ki, Bərdədə Şirin adlı bir gözəl var. O, Şirini görmək üçün Bərdəyə üz tutur. Fərhad dostlarıyla Naxçıvan torpağından keçir. Şahbuzun sərin bulaqları, gur çayları, Batabat dağları onu heyran qoyur. O, bir neçə gün burada qalır, bir gün üzünü yoldaşlarına tutub deyir:

-Mən bu yerlərə heyran olmuşam. Gərək bu gözəlliyə bir naxış vuram.  Fərhad külüngünü əlinə alır, uca dağlar qoynuna hücum çəkir. Az müddət içərisində qayalıqda bir ev düzəldir. Sonra həmin evin divarına Şirinin şəklini həkk edir.

Fərhad işini qurtarıb Bərdəyə doğru yol alır. O vaxtdan Batabat yaylağında gecələyənlər həmin evin qonağı olur, Fərhadın sənəti qarşısında baş əyirlər. İndi də Batabat yaylağında olan həmin ev el arasında “Fərhad evi” adıyla tanınır.

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: