Aşıq Nabat yaradıcılığında yurd sevgisi

118

Müxtəlif dövrlərdə yazıb-yaratmış Aşıq Sona, Aşıq Pəri, Aşıq Həmayıl, Aşıq Bəsti, Aşıq Sənəm və adı dillər əzbəri olan digər klassik qadın aşıqlarımızın ənənəsini davam etdirən, dövrünün mühüm yeniliklərini telli sazında dindirən, fitri istedadı ilə şöhrət tapmış və ədəbi irsi hələ indiyədək tam öyrənilməmiş aşıqlardan biri də Aşıq Nabatdır. Nabat Cavadova 1914-cü ildə Şərur rayonunun Parçı (sonralar Xanlıqlara birləşdirilmişdir) kəndində dünyaya göz açıb. Kiçik yaşlarında ata və anasını itirən Nabat qardaşlarının himayəsində yaşayıb.

Nabat qoşma və bayatı yazmağı qarşısına məqsəd qoymayıb. Onun yaradıcılığı əsasən başına gələn hadisələrin, məcaraların tərənnümü kimi bədahətən yaranıb. Otuzuncu illərin əvvəllərində sevib-seçdiyi bir milis işçisi ilə ailə həyatı qurur və ərinin işi ilə əlaqədar Qərbi Azərbaycanın Dərələyəz mahalında yaşayırlar. Lakin bu izdivac bir il çəkmir, həyat yoldaşını erməni qaçaqlar öldürürlər.

Sevgi uğursuzluğundan taleyi üzünə gülməyən Nabat yurdunu tərk edərək 1934-cü ildə Bərdə rayonuna köçüb. O, burada Göyçəli Aşıq Musadan bu sənətin sirlərini öyrənib. Bərdə, Yevlax, Gəncə şəhərlərində Aşıq Əsəd, Borsunlu Məzahir, Pərvanə Həsən, Aşıq Teymur kimi ustad sənətkarlarla görüşüb, sənətdə get-gedə püxtələşib ad-san qazanıb.

1937-ci ildə Yevlax şəhərinə köçən Aşıq Nabat burada Borsunlu Məzahirin təşkil etdiyi aşıqlar dəstəsinə qoşulur və müasirləri olan Sevdalı Həsən, Pərvanə Həsən, Aşıq Əsəd, Aşıq Saleh və Aşıq Teymurla birlikdə Yevlax və Bərdə rayonlarındakı toy məclislərində iştirak edir. Məclislərin birində Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musa ilə görüşür və 3 il onunla birlikdə məclislərə gedir, ustad aşıqdan 30 saz havacatı və bir neçə xalq dastanı öyrənir.

Məlahətli səsi, gözəl ifaçılıq qabiliyyəti ilə qadın aşıqları arasında fərqlənən Aşıq Nabat Azərbaycan aşıqlarının 1938-ci ildə keçirilən I qurultayının iştirakçısı olub. 1940-cı il may ayının 25-də Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edib. Aşıq Nabat klassik və müasir aşıqların, el şairlərinin şeirlərinin çoxunu, bir neçə məhəbbət dastanını kamil bilib və onları özünəməxsus ustalıqla ifa edib. Xalq şairi Səməd Vurğunun «Danışaq» adlı qoşması ilk dəfə Aşıq Nabat sazında və səsində radio dalğaları vasitəsi ilə Moskvadan dünyanın hər yerinə yayılıb.

Aşıq Nabat 1961-ci il aprel ayının 27-də Bakıda keçirilən Azərbaycan aşıqlarının II qurultayının da nümayəndəsi olub. Həmin dövrdə 33 aşıq haqqında buraxılmış şəkilli bülletenlərin biri də Aşıq Nabata həsr olunub. Sonra Yevlaxda çıxan «Təşəbbüs» qəzetində onun haqqında bir neçə məqalə çap edilib, «Telli saz ona yaraşır» adlı yazıda aşıq haqqında daha geniş məlumat verilib.

O, xalq bayramlarındakı çıxışları ilə fərqləndiyindən dəfələrlə fəxri fərmanlarla mükafatlandırılıb. Tanınmış folklorşünas-alim Sədnik Paşayev «Azərbaycan qadını» jurnalında 1968-ci ildə Aşıq Nabat haqqında yazı ilə çıxış edib.

Aşıq Nabat doğma Vətəni tərənnüm edən qoşmalar, bayatılar, gəraylılar yaratıb. Aşığın «Məhəbbət var», «Yaxşıdı», «Sinəmdə», «Gözəllər», «Bahara» adlı qoşmaları, eləcə də gəraylıları, deyişmələri bu gün də məclislərdə oxunur və dillər əzbəridir. O, Xan Şuşinski, Zülfü Adıgözəlov və tarzən Qurban Pirimovla birgə xanandəlik də edib.

İnsan yaşa dolduqca doğulduğu yerlər onu özünə çəkir. Uşaqlıq illəri keçən doğma yerlərin həsrəti hərəkətlərində, baxışlarında daha çox hiss olunur, sözündə, söhbətində tez-tez duyulur. Nabat da doğulduğu yerin həsrətlisi idi. Elindən-obasından ayrı olmaq, yaxın qohumlarından uzaqda yaşamaq çox da asan deyildi onun üçün. Onun yeganə təsəllisi qızı Kəmalə idi. Onunla olanda təkliyini, yalqızlığını unudardı.

Üzdən çox şux görünən, dərdsiz-qəmsizə bənzəyən Aşıq Nabat ancaq uzaqdan-uzağa bəxtəvər görünürdü. Aldığı təltiflər, mükafatlar, məclislərdən, salonlardan yüksələn «Əhsən!» nidaları, alqış sədaları onu zahiri bir təbəssüm, parıltı içində saxlayırdı. Əslində isə ilk gənclikdən sınan könül şüşəsi onun qəlbini elə qana döndərmişdi ki, bu «yaralı göyərçin»i sazdan başqa ovudacaq bir şey yox idi. Bu baxımdan Nabatın aşıqlığı taledən gələn bir aşiqlik idi. Saz onun sənəti deyildi, həmdərdi idi. Elə buna görə də ən şux mahnıları oxuyanda da səsində bir nisgil, göynərti sezilirdi. Qoşduğu şeirlərdə taleyin əlindən göyüm-göyüm göynəyirdi Aşıq Nabat:

Taleyin hökmüdür belə,
Məni atıb eldən-elə.
Dərviş olub düşdüm çölə,
Bu dünyada, bu dünyada…

O, illər boyu eldən-elə gəzib itkin düşən bəxtini, nağıllarda, dastanlarda qeyb olan taleyini axtarırdı. Tapa bilməyəndə sazdan, sözün ilahi qüdrətindən imdad diləyirdi:

Mən onu axtardım boranda-qarda,
Gözüm ağlar qaldı, can intizarda.
Bir mənə söyləyin görsəniz harda,
Çağırın, arayın yatan baxtımı.

Aşıq Nabat dilindən qopan bu qeyri-adi çağırış əslində elə Qəribin, Kərəmin tale qarşısında ümidsiz yalvarışıydı. Bəxtin, taleyin amansızlığı telli sazın bağrında elə nisgilli, göynərtili misralar dikəldir ki, onların yaratdığı mənzərə bir dastan kimi olmuşları göz önünə gətirir. Nabat könlündən qopan aşağıdakı misralar dəryada qərq olan baxt, tale dastanının daha bir məqamıdır:

Dörd-bir yanım qaranlıqdı, adadı,
Fələk tutub qollarımdan, budadı.
Aman, qoyma, o, dəryada, sudadı,
Qərq olub dəryada batan baxtımı.

Aşıq Nabat tale və sənət dalğasının təkanı ilə çox yerlər gəzib dolaşdı. Ancaq hara getsə Şərur havasını, Şərur nəfəsini özü ilə apardı. Oxuyanda, danışanda ləhcəsində Şərur şirinliyi, doğulub boya-başa çatdığı elin-obanın söz-səs ahəngi qanad açdı. Doğulduğu torpaqdan apardığı böyük sərvəti, məlahətli səsindəki Naxçıvan, Şərur ab-havasını heç zaman itirmədi. Ömrünün qürub çağlarında könlündən pərvazlanan bir şeirdə didərgin ruhuna üz tutub söylədiyi kövrək misralar isə Vətən nisgili ilə göynəyən pərişan durnanın son çırpıntısıdı:

Eləki çatdım yaşıma,
Həsrət qaldım sirdaşıma.
Gör nələr gəldi başıma,
İndi bildim el yaxşıdı…

Elə bu dərdlə də Aşıq Nabat 1973-cü il oktyabr ayının 3-də uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişdi və əbədiyyətə qovuşdu. Onun vəsiyyəti ilə cənazəsi Şərur rayonunun Siyaqut kəndinə gətirilib, bacısı Şəhrəbanu xanımın məzarı yanında dəfn olunub.
Şərurun Siyaqut kəndində doğma yerlərin isti mehli havası altında bir məzar uyuyur. Hər il baharda o məzarı al-qırmızı lalələr bürüyür. O lalələr Aşıq Nabat dastanını «İndi bildim el yaxşıdı» misrası ilə tamamlayır.

Püstə Gülsevən,
«Şərur» Ədəbi
Birliyinin üzvü
“Şərurun səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: