Naxçıvanda ağac və su kultu tarixi qaynaqlarda

164

İslam dinində daşa, ağaca tapınmaq, onları ziyarət edib dilək diləmək qəbul edilmir. Buna baxmayaraq, bütün müsəlman ölkələrində, pirlərdə qara daşlara, ağaclara inanılır, hətta müxtəlif formada ziyarət edilib onlardan dilək diləməyin şahidi oluruq. Ziyarətlər İslamaqədərki dini təriqətlərin inamı kimi qiymətləndirilsə də, İslam ölkələrində bu cür ziyarətgahlar geniş yayılıb.

Əldə etdiyimiz bir rəvayətə görə ağaclara inam, onlara parçaların bağlanılması  da Naxçıvan əhalisinin İslamaqədərki inancları ilə bağlıdır. XX əsrin əvvəllərində görkəmli rus şərqşünas alimi K.N.Smirnov qeyd edir ki, İslamaqədərki ərəblərdə  meteorit (qara daş) kultu mövcud olub və İslam dövründə də “qaradaş” lara sitayiş olunur. O cümlədən Naxçıvan diyarında da bir çox pirlərdə  “qara daş”lara inam davam edir. Quraqlıq olan Araz vadisində su kultu da mühüm yer tutur. Naxçıvanda su kultunun həyata keçirilməsinə müxtəlif mənbələrdə rast gəlməklə yanaşı, yerli diyarşünas müsəlman məlumatçılar da təsdiq edirlər.Təbrizdə çap olunmuş “Cənnətül-Xulud” kitabında məlumat verilir ki, Arazətrafı əhali Əshabül-Ras adlanırdı. Digər bir yerdə “Əshabi-Kəhf” ziyarətgahı haqda məlumat verərkən K.N.Smirnov Mudərris Məhəmməd Rza Məhəmməd Məmun oğlunun “Cənnətül-Xulud” əsərinin adını çəkir.  K.N.Simirnov qeyd edir ki, ərəb mənbələrinə görə, “Ras” (Araz) bizim tanıdığımız Araz və Naxçıvan ərazisində  olan şəhər, çay və dövlət deyil. 

Amma biz aşağıda faktlarla qeyd edəcəyik ki,bu məhz müasir Naxçıvanla bağlıdır. Ras  dövlətinin  hökmdarı Torkuz-ibn Qabur-ibn Paris-ibn Şaddin-ibn Nemrud-ibn Kənan olub.  Bu ölkədə 12 böyük şəhər var imiş. Bu şəhərlərin hər birində əhalinin sitayiş etdiyi bir ağac olub. Bəzi mənbələr bildirir ki, bu iynəyarpaqlı ağac “sənubər”dir, ola bilsin ki, bu sərv (kiparis) ağacı da ola bilər. Yerli məlumatçılar isə bunun çinar ağacı olduğunu ehtimal edirlər. Doğrudan da Ordubadda və Vənənddə yaşı bilinməyən çinarlar vardır. İ.Şopen 1856-cı ildə bu çinarları “baobab” adlandırır. Ağacların qorunması üçün heç bir qanun qəbul edilməsə də, ən soyuq illərdə belə ağaclar kəsilməyib və bu gün də yaşayır.

Maraqlıdır ki, “sənubər” sözünün izahı ərəb və fars sözlərinin izahlı lüğətində (1985) və  Azərbaycan dilinin izahlı lüğətində sərv, şam ağacı kimi verilir. Azərbaycanca, rusca, ingiliscə, latınca “bitki adları” lüğətində, Rusca-Azərbaycanca lüğətdə “sənubər”- yasəmən (siren) kimi verilib.

Əshabül-Ras dövlətinin əhalisi ağaca və suya sitayiş edirdilər. Şəhərlər Səfəvi dövlətinin  istifadə etdiyi Hicri-şəmsi təqviminin aylarının adlarını daşıyırdı. Aban, Azər, Dey və sair. Əslində “şəhr” ərəb dilində Qəməri aylara deyilir, fars dilində isə “şəhər”  məmləkət mənasında işlənilir.  Bu şəhərlərin hakimləri qız olurdu, əhali 30 il onlara xidmət edir, sonra isə hökmdarı Araza atıb qurban verir və yeni bir gözəli hökmdar seçirdilər. Bu şəhərlərin hər birində ayda bir dəfə bayram olur, ağaca və suya səcdə edərdilər. Ağacdan gözəl ipək paltarlar asardılar. Bizə elə gəlir ki,bu adət yeni ildə küknar ağacının bəzədilməsinin bir variantıdır.

Quranın Furqan surəsinin 37-38-ci və Qaf surəsinin 9-15-ci ayələrində Rəss əhalisi ilə bağlı ayələr var. Diqqət etsək görərik ki, hər iki ayədə adı keçən Rəss əhli Türkiyədən başlayıb Azərbaycanın ərazisindən keçən, Sabirabad rayonunda Kür çayına qovuşub Xəzər dənizinə tökülən Araz adlandırdığımız çayın sahilində yaşamış xalqlara daha çox uyğun gəlir.


Ərriyadi kitabında İmam Rza(ə)-dan hədis nəql olunur ki, Hz.Əlinin(ə) ömrünə üç gün qalmış Teym qəbiləsindən bir nəfər kişi gəldi və Hz.Əliyə(ə) buyurdu: Ya Əli! Mənə Rəss əhli haqqında məlumat ver. 

Hz.Əli(ə) buyurdu: Ey mənim Teymdən gələn qardaşım, onlar bir xalq idi ki, Sənubər ağacına ibadət edirdilər. O ağacı bir çayın qırağında Nuhun(ə) oğlu Yafəs əkmişdi. O çay Nuhun(ə) tufanından sonra yaranan bir çaydır. O çayın xalqına Rəss camaatı deyilirdi. Onlar tanrı tərəfindən göndərilən peyğəmbəri öldürüblər.  

Həzrəti Əli sonra qeyd edir ki, ey Teymdən olan qardaşım! O Rəss çayı ki var, o çay Azərbaycanın ərazisində olan Araz çayıdır!

Quranı təfsir edənlər hamısı belə qərara gəliblər ki, Müqəddəs kitabda adı keçən Rəss məhz Araz çayıdır. O çay da Azərbaycanın şimalında yerləşir. Maraqlı burasıdır ki, bu xalqın  çoxlu sayda peyğəmbərləri olub. 

Digər bir mənbədə – Əllamə Baqir Məclisinin qələmə aldığı 110 cildlik “Biharulənvar” adlı hədis kitabında İmam Museyi-Kazim(ə)-dan belə rəvayət edilir ki, İmamdan-Quranda buyrulan Rəss əhli kimlərdir?-sualı soruşulanda İmam(ə) buyurdu: O çay Azərbaycanın bir hissəsində olan bir çayın adıdır. Məşhur tarixçi Məsudi “Muruc-uz-zəhəb” kitabında yazılır: Araz-Xürrəmi olan Babəkin yaşadığı Azərbaycan ərazisində yerləşən, Xəzər adlanan gölə tökülən çaydır.


Muxtar respublikada suya, qayaya, ağaca inanc bu gün də yaşayır. Daşla niyyət etmə, ağacların budağına müxtəlif parçalar bağlanılmasına Camaldın kəndindəki Alməmməd pirində, Milax və Ərəfsə kəndləri arasındakı “Camış rəddi” pirində, Əshabi-Kəhf Ziyarətgahındakı “Qıtmir iti” qəbri yaxınlığındakı dağdağan ağacında, Sirab kəndindəki “İydəli pir”də, Aşağı Buzqov kəndində, Cəhri kəndindəki “Qaş” pirində  qismən də  olsa rast gəlinir.

K.N.Smirnov qeyd edir ki, yerli diyarşünaslar rəvayət üzərində düşünərək belə qənaətə gəlmişlər ki, Aban şəhəri İrəvandır. İrəvan yaxınlığında Aras əhalisinin qətlə yetirdiyi Xənzəl (Hənzəl) peyğəmbərin qəbri var. 

Qeyd edək ki, yuxarıda adını çəkdiyimiz Səfəvi dövlətində istifadə edilən  12  aydan birincisi bizim ehtimalımıza görə Fərvərdin- Xudafərinə uyğun gəlir. Azad-Azərə uyğun gəlir. Yeddincisi-“Mehr”in Araz sahilində yerləşən  və Naxçıvanın tarixi  ərazisi olan Mehri şəhərinə, “Şəhrivər”in Şərur rayonundakı Şəhriyar kəndinə, Dey isə Der kəndinə  uyğun gəlir. Amma təəssüf ki, K. Smirnov nədənsə bunları qeyd etməyib. 

Bütün bunları nəzərə alaraq qeyd edək ki, K.N.Simirnovun ərəb mənbələrinə istinadən yazdığının əksinə olaraq bu rəvayətin və bu yaşayış yerlərinin sırf Naxçıvanla bağlı olduğu mətnin özündən də aydın olur.

Zaleh Novruzov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: