Qədim Uyğurlarda belə bir inanc var ki, atlar Tanrı tərəfindən göndərilən savaş ilahələridir. Əbəs yerə deyilmir ki, türklər at üzərində doğulub. Min illərdir türk xalqlarının həyatında çox önəmli yeri olan at əvvəlcə qədim türklərin təsərrüfat və məişətində mühüm rol oynayıb. Azərbaycanın da təbii coğrafi şəraiti, ulu babalarımızın həyat tərzi və məşğuliyyəti ilə əlaqədar olaraq minilliklər boyu ata böyük ehtiyac duyulub. Zaman keçdikcə bu sirli heyvan təsərrüfatda, yükdaşımada, xalq nəqliyyat vasitəsi kimi, hətta döyüşlərdə də ən etibarlı yardımçı kimi istifadə olunmaqla ümumtürk həyatında əvəzolunmaz yer tutub.
Türk dünyasının bir hissəsi olan Azərbaycanda da atçılığın tarixi olduqca qədimdir. Qobustanda qaya üzərində at rəsmlərinin olması, etnoqrafik materiallarda atla bağlı çoxsaylı faktların mövcudluğu, Mingəçevir, Naxçıvan ərazisində yaşı 3 min ildən artıq olan daş heykəlləri, kromlex tipli qəbirlərdə bütöv at skeletlərinin aşkar edilməsi, tarixə yaşdaş olan Kitabi Dədə Qorqudda at kultuna rast gəlinməsi fikrimizi təsdiq edən tutarlı sübutlardır.
Azərbaycan ərazisində sonrakı əsrlərdə də atçılıq inkişaf edib. Bu hər şeydən əvvəl köçmə maldarlığın daha da inkişafı və ata olan böyük tələbatdan irəli gəlib. Ata müqəddəs heyvan kimi baxan yerli əhali onun baş və ayağını, bəzək ləvazimatını, müxtəlif materiallardan hazırladıqları kiçik at fiqurlarını qəbirlərə qoyurdular. Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində aşkarlanan at qəbrinin ətrafında 30-a qədər məişət əşyası, tunc əsasdan hazırlanmış qızıl toqqa tapılmışdır. Bu ərazidə at skeleti olan başqa daş qutu qəbirlərdə də eyni hal müşahidə olunub. Bütün bu faktlar qədim türk düşüncəsində ata ehtiram və etiqadın sübutudur. Azərbaycanda müxtəlif dövrə aid qəbir abidələrinin üstündə atın böyük daşlardan düzəldilmiş heykəlləri, başdaşlarında təsviri atçılığın inkişafı və ata olan böyük ehtiramın göstəricisidir.
Folklorumuzda at
Atla bağlı atalar sözləri, el-oba deyimləri, atla bağlı inanclar, bayatılar folklorumuzun ayrılmaz parçalarıdır.
Göy at, yalına qurban,
Tirmə şalına qurban,
Məni yara tez yetir,
Polad nalına qurban.
*************
Dər gülü at igidə
Varın var, sat, igidə.
Bərk gündə, bərk ayaqda
Yoldaşdır at igidə
Mifologiyamızda da atlar özünəməxsus bir ayrıcalıqla qeyd olunur. Naxçıvanla bağlı xalq arasında yaranmış əfsanə və rəvayətlərin əksəriyyətində ağ at, qara at, hətta qanadlı at obrazları var. At əski türklərin ən sadiq dostudur. Əski türk dastanlarında at bəzən düşünən, tədbirli, ağıllı bir varlıq kimi təqdim olunub. Dədə Qorqud dastanında Beyrək atına: “At deməzəm sənə, qardaş deyərəm”, – deyir. Yaxudda Koroğlu dastanında satılmasın və düşmən əlində qalmasın deyə Qıratın qəsdən özünü topal kimi göstərdiyini görürük. Ancaq Qırat o qədər sürətlə qaçar ki, heç bir quş ona çata bilməz və ayağına palçıq yapışmaz.
Qədim zamanlarda ömürlərinin böyük hissəsini at belində keçirən Azərbaycan türkləri öz sədaqətli yoldaşları olan atlarla səfərlərə, döyüşlərə gedib, yurdumuzu düşməndən müdafiə edib, igidliklər göstərib, eyni zamanda, cıdır yarışları təşkil edib, çövkən, sürpapaq, sürəyçi, baharbənd, yaylıq, piyaləx, gərdəkqaçırdı kimi atüstü oyunlar nümayiş etdiriblər.
Azərbaycanda keçirilən atüstü oyunlardan ən məşhuru UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmış Çövkəndir. Qədim salnamə, miniatür və ədəbiyyat nümunələrində çövkən oyununun adı tez-tez çəkilir. Beyləqan şəhəri yaxınlığında aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilən IX əsrə aid qab üzərində çövkən oyununun təsvir edilməsi, müxtəlif yazılı mənbələrdə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında, Xaqani Şirvaninin əsərlərində, “Kitabi-Dədə Qorqud” dastanında çövkəndən bəhs edilməsi, həmçinin orta əsr miniatürlərində bu oyunun təsvir edilməsi Azərbaycanda çövkən oyununun tarixinin çox qədim olduğunu göstərir. Əsasən müxtəlif tədbirlərdə, toy və el şənliklərində keçirilən oyunda kişilərlə yanaşı, qadınlar da iştirak etmişlər.
Ədəbiyyatımızda at
Klassik ədəbiyyatda da at obrazına tez-tez rast gəlinir. Klassik şairlərimizin yaradıcılığında atın özəl bir yeri var. Burada at bəzən fələyin simvolu, bəzən də küləyin ifadəsi kimi işlənir. Ədəbiyyatımızda igidin dostu sayılan at ən yüksək sözlərlə öyülür. Hətta ən sadiq dostu yəhərli ata bənzədirlər. Ən öndə gedən bahadırlar, sultanlar, ən güclü sərkərdələr at belində təsəvvür olunur. 12-ci yüzillikdə yaşamış məşhur şairimiz Xaqani Şirvaninin Şirvanşah Məniçöhrün tərifi şeirində deyilir:
Göy cəlallı at üstündə şah bənd vurub gur çaya,
Baklan səddin kənarından dönüb gəldi saraya.
Yaxud da, Xaqaninin qəzəllərinin birinin ilk beyti belədir:
Süsən iyli, at qürurlu sənsən deyən türk nigar
Hərdən nəzər salar, ancaq yaxın gəlməz o dildar.
Qürur sözünü ən yüksək şəkildə ifadə etmək üçün at qürurlu sözünün işlənməsi ata olan münasibətin və doğmalığın ədəbiyyatda aydın ifadəsidir.
Klassik şərq ədəbiyyatı ənənələri çağdaş ədəbiyyatımızda da öz bədii əksini tapmaqdadır. Klassik ədəbiyyatımızda necə deyərlər, özünə heykəl yaradan at obrazı günümüz ədəbiyyatımızda da əsas mövzu olmaqdan yayınmır. Bir çox romanlarda, hətta filmlərimizdə də at simvolu bəzəm fikri qüvvətləndirmək naminə, bəzən sadiqlik nümunəsi olaraq, bəzən türksoylu xaqları xatırladıqda, bəzən də mifik təfəkkürün ifadəsi kimi xatırlanmaqdadır.
Keçmişdən bu günə
Atlar bu gün də bu millətin və eləcə də Azərbaycan insanının həyatının ayrılmaz parçası olaraq qalır, payızda və yazda köç zamanı tərəkəmələrə yoldaşlıq edir, dağlarda və geniş çöllərimizdə çobanlara qulaq yoldaşı olur, sərhədlərimizdə əsgərlərimizlə bərabər yurdun keşiyində durur, kəndlərimizdə əkin-biçinlə məşğul olan insanlarımızla yanaşı qışa hazırlıq mərhələsində zəhmətkeş və qayğıkeş dost kimi yardımçı olur.
Bu səbəbdən dolayı Azərbaycanda da qədim atçılığın inkişafına, çoxaldılmasına xüsusi bir qayğı var. XX əsrin sonlarında Ermənistanın ölkəmizə hərbi təcavüzü milli genefondumuzdan olan Qarabağda atçılıq təsərrüfatına da ağır zərbə vurdu. 1993-cü ildə Qarabağın erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan dünya şöhrətli Qarabağ atları köçkünlük həyatı yaşayır. Bütün çətinliklərə baxmayaraq Qarabağ atları qorunub saxlanılır. Son illər dövlətimiz tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə Proqram təsdiqlənib.
Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Məsələn, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafat alıb, 1869-cu ildə keçirilən Ümumrusiya at sərgisində “Maymun” gümüş, “Toхmaq” bürünc medala, Хan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının yaxşılaşdırılmasına təsiri olub.
Azərbaycanın bütün bölgələrində olduğu kimi qədim və həmişə cavan Naxçıvanda da atçılıq inkişaf etdirilir. Bunun üçün müxtəlif şərait yaradılıb. Bunlardan biri də Babək rayonun Badaşqan kəndində yerləşən Naxçıvan Atçılıq və İstirahət mərkəzidir. Burda həm atlar xüsusi tövlə şəraitində qorunur həm də çoxaldılır. Eyni zamanda insanları əyləncəli vaxt keçirməsi üçündə hər tərəfli şərait yaradılıb. “Qarabağ”, “Ərəb”, “Poni”, “İngilis” və başqa at növlərinin olduğu atçılıq klubunda isə qonaqlar həmdə bu atları minə də bilirlər.
Bəli, xalqımızın ata olan sevgisi, qədimdən atın şərəf rəmzi kimi qəbul edilməsi, ölkəmizin əlverişli təbii-coğrafi şəraiti, idmana və qeyri-neft sektoruna diqqət və qayğının artması bu sahənin inkişaf etdirilməsinə zəmin yaradır. Bu isə onu göstərir ki, atçılıq ənənələri hər bir xalqa məxsus olan mədəniyyət deyil. Ona görə də ölkəmizdə bir neçə minillik yaşı olan atçılıq mədəniyyətimizin və tariximizin bir hissəsidir. Əbəs yerə xalqımızın dilində “At igidin yaraşığıdır”, “At muraddır” kəlmələri yaranmayıb. Mənfur düşmənlər Qarabağ atlarının dəyərini bilməyib onları məhv edir, bəzənsə “ağıllıları” bu atları öz adına çıxır. Amma bir reallıq var ki, bu atlar Azərbaycanın milli genofondudur.
P.S Qarabağ atlarını xatırlamışkən bu gün Qarabağsız Qarabağ atları düşmən tapdağı altında olan doğma yurdun həsrətindədirlər. Amma bir həqiqət var ki, o torpaqların əsl sahibləri bir gün mütləq geri dönəcək. Bu məqamda fikrimizi ifadə etmək üçün yenə keçimişimizdən süzülüb gələn atla bağlı olan daha bir atalar sözü köməyimizə çatır. Necə deyərlər, özgə atına minən tez düşər.
Mətin Abbaslı
Əhməd Əhmədov