NUHÇIXAN xəbər verir ki, “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət nazirliklərinin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbində tədbir keçirilib.
Çay süfrəsi ətrafında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Heyran Əhmədova, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nicat Babayev çıxış ediblər. Bildirilib ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, milli ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması, sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır. Asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə tarix-memarlıq abidələrinə, muzeylərə, istirahət guşələrinə ekskursiyaları təşkil olunur.
Sonra tədbirin təşkilatçıları uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulayıblar və 46 uşağa hədiyyələr verilib.
Tədbirin bədii hissəsində M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilib, Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” instrumental ansamblının, Ordubad şəhər Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.