2018-ci ildə dünya əhalisinin sayı 83 milyon nəfər artıb

119

2019-cu ilin astanasında dünya əhalisinin sayı 7,5 milyard nəfəri ötəcək. Yola saldığımız 2018-ci ildə dünya əhalisinin sayı 83 milyon nəfər artıb.

NUHÇIXAN Almaniya Əhali Fondunun saytına istinadla xəbər verir ki, gələn ilin yanvarında planetimizin əhalisinin sayı 7 milyard 674 min 575 nəfər olacaq. Ölüm və doğum məlumatlarını müqayisə edən fondun əməkdaşları belə qənaətə gəliblər ki, dünyada insanların sayı hər saniyə 2,6 nəfər artır. Əslində, əhalinin sayında gəncləşmə müşahidə olunur. Belə ki, planetimizdə yaşayanların dörddəbiri 15 yaşınadək, 65 faizi 15-64 yaş arası, 9 faizi isə 64 yaşdan yuxarı insanlardır.

Fondun hesabatında diqqətə çatdırılır ki, 1804-cü ildə dünya əhalisi 1 milyard nəfər, 1927-ci ildə iki milyard nəfər, 1969-cu ildə 3 milyard nəfər olub. Qeyd olunur ki, 2050-ci ildə 9,8 milyard nəfərə, 2100-cü ildə isə 11,2 milyard nəfərə çatacaq dünya əhalisinin sayı planetimizdə ciddi problemlərə səbəb ola bilər.

BMT-nin hesabatlarına görə, əhalinin ən çox artımı Afrika qitəsində olacaq. Burada hazırda 1,3 milyard nəfər olan əhalinin sayı 2050-ci ildə 2,5 milyard nəfərə çatacaq.

Almaniya Əhali Fondunun hesabatında maraqlı müqayisə aparılır: əgər dünya 100 nəfərin yaşadığı bir kənddən ibarət olsaydı, onlardan 59-u Asiya, 10-u Avropa, 8-i Cənubi Amerika, 5-i Şimali Amerika və 1-i Okeaniya sakini olardı. Fondun baş direktoru Renata Bahr bildirib ki, dünya əhalisinin sürətlə artması planlanmayan hamiləliklərlə əlaqəlidir. Onun sözlərinə görə, Afrikada və inkişaf etməkdə olan bir çox ölkələrdə gender bərabərliyinə ciddi ehtiyac var. “Bu ölkələrdə yaşayan hər dörd qadından biri doğum nəzarətini həyata keçirə bilmir. Əgər qadınlar dünyaya uşaq gətirmək qərarını sərbəst verə bilsələr, o zaman XXI əsrin sonunda dünya əhalisinin sayındakı artım 30 faiz az ola bilər”, – deyə baş direktor əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: