Birlik, mərdlik, qəhrəmanlıq rəmzimiz - Yallılar

223

Ulu babalarımız minilliklər bundan öncə öz dünyagörüşlərini, inanc və adət- ənənələrini daşlar üzərinə həkk etdilər. Gələcək nəsillərə ən böyük mirası buraxdılar. Əsrlər bir-birini əvəz etdi, qərinələr ötdü, torpağımız dəfələrlə yadelli işğalçıların hücumuna məruz qaldı. Neçə-neçə abidələrimiz məhv edildi. 70 illik Sovet imperiyası tariximizi saxtalaşdırmaq istiqamətində çox işlər gördü, bir sıra abidələrimizi, o cümlədən Nuhun məzarüstü türbəsini torpağa gömdülər. Lakin daşlaşan, əfsanələşən tarixi yerindən tərpədə bilmədilər. Qobustan və Gəmiqaya abidələri tarixin bütün sınaqlarına mərdliklə sinə gərdi, tariximizi öz sinəsində hifz etdi. Fikir verin, görün üstündən neçə illər keçib, hər təsvirin öz mənası öz məzmunu var. Bir də daş üzərində həkk olunan kütləvi rəqs elementləri diqqəti cəlb edir.

İllərdir yaşayan, nəsillərdən-nəsillərə ötürülən folklor rəqsimiz bu gün də öz əzəməti ilə xalqımızın birliyini, mərdlik və qəhrəmanlıq kimi keyfiyyətlərini simvolizə edir. Araşdırmalara görə, insanın fikir və düşüncə tərzinin, özünüdərkinin məhsulu olan yallı təxminən 8-10 min il bundan əvvəl yaranıb. İlk yallı oyunları əvvəlcə od-ocaq ətrafında baş tutan mərasimlərdən ibarət olub. Zamanla insanların ictimai həyat tərzinin, bədii-estetik zövqünün ayrılmaz tərkib hissəsinə çevrilmiş yallılarda yadelli, hiyləgər düşmən üzərində qətiyyətli mübarizə, baharın gəlişi və digər həyati vacib məsələlər də öz əksini tapıb. Yallı xalqımızın ruhunun, mənəvi dünyasının, tarixinin, mədəniyyətinin daşıyıcısı kimi milli dəyərlər xəzinəmizdə öz yerini alıb. Onu oynamaq xüsusi məharət tələb edər. Lakin sədası ucalan kimi bacaran, bacarmayan hər kəs əl-ələ tutub birlik nümayiş etdirər, bu musiqinin, bu rəqsin məxsus olduğu mədəniyyətin əvəzsiz incisi olduğunu bir daha bəyan edər. Bəlkə də elə bu yallının qüdrətidir. Varlığımızın-milli dəyərlərimizin ən zəngin növü olan yallı şadyana günlərimizin, toy mərasimlərimizin bəzəyi olub. Bu gün də toylarımızı yallısız təsəvvür etmək çətindir. Mərasimə xüsusi ab-hava gətirir, yallı gedən hər kəs daxilində bir güc, əzəmət hiss edir, xoş əhvala köklənir.Çünki yallı bizim qanımızdadır, ruhumuzdadır.  Yallı xalqımızın mənəvi pasportudur. Həm də elə bir pasportu ki, onu heç bir halda mənimsəmək mümkün deyil. Mənfur ermənilər zamanla tariximizi, milli dəyərlərimizi mənimsəməyə, özününküləşdirməyə cəhd ediblər. İstər milli mətbəx nümunələrimiz olsun, istər xalq mahnılarımız, istərsə də rəqslərimiz. Onlar mənəvi xəzinəmizə əl atmaqla öz tarixlərinin dərin qatlarını sübut etməyə çalışırlar. Bu isə milli dəyərlərimizin beynəlxalq səviyyədə tanınmasını və qorunmasını zəruri edir. Bu məqsədlə xalqımızın maddi və mənəvi sərvətlərinin UNESCO-nun bəşəri irs siyahısına daxil edilməsi istiqamətində son illər dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilib. Novruz bayramının, aşıq və muğam ifaçılığının, kəlağayı və misgərlik sənətimizin, milli mətbəx nemətlərindən dolmanın və lavaşın UNESCO-nun siyahılarına daxil edilməsinə və beynəlxalq təşkilat səviyyəsində qorunmasına nail olan ölkəmiz ermənilərin mənimsəmək istədiyi “Köçəri” və “Tənzərə” yallılarına da beynəlxalq miqyasda azərbaycançılıq möhürünü vurdu.  2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Bu gün Azərbaycanın bütün bölgələrində yallı geniş şəkildə yayılsa da, onun Vətəni Şərur hesab olunur.  Hələ 1937-ci ildə Cəlilkənd Seçki Dairəsindən SSRİ Ali Sovetinə deputatlığa namizədliyi irəli sürülən, seçiciləri ilə görüşdə Şərur yallılarını xüsusi heyranlıqla izləyən Üzeyir Hacıbəyov “Yallının vətəni Şərurdur, yallı Şərurda doğulub”-deyərək bu qədim folklor nümunəsinə öz qiymətini vermişdir. “Şərurda 7-dən 77-yə hər kəs yallını bacarır”  ifadəsi də geniş yayılıb. Muxtar respublikanın digər rayonlarında yallı kollektivləri fəaliyyət göstərsə də, məktəb kimi bu, əsasən Şərurda cəmlənib və formalaşıb.  Muxtar respublikanın tarixi ilə yaşıd olan, 1924-cü ildən fəaliyyət göstərən Şərur Xalq Yallı Ansamblı 1936-cı ildən səhnəyə qədəm qoyub. Bu günə qədər ansambl ölkədə və xaricdə keçirilən müxtəlif festivallarda uğurla iştirak edərək mükafatlar qazanıb. Yallının beşiyi sayılan Şərurda hazırda 3 yallı ansamblı fəaliyyət göstərir: Ağsaqqallardan ibarət “Nurani” ansamblı, uşaqlardan təşkil olunmuş “Şərur qönçələri”, eləcə də “Şərur” yallı kollektivləri keçirilən tədbirlərdə ölkəmizi layiqincə təbliğ edir.

Milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olan Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar  Naxçıvan MR Ali Məclisi Sədrinin 24 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planı çərçivəsində Şərur yallıları yenidən tədqiqata cəlb ediləcək, təbliği istiqamətində mühüm tədbirlər həyata keçiriləcəkdir. Bu mənada imzalanan sərəncam milli dəyərlərimizin əvəzsiz incisi olan Şərur yallılarının qorunması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Bu gün Naxçıvan Muxtar Respublikasında 40-dan çox yallı oynanılır. “Xələfi”, “Tənzərə”, “Köçəri”, “Qaleyi”, “Qazı-qazı”, “Sareyi”, “Şahgəldi”, “Tello”, “Qızılbaş”, “Çökəli”, “Çaleyi”, “Göyçəməni”, “Xəlili”, “Əfsəri”, “Bəndi”, “Sındırma”, “Şərili”, “Tirməşal”, “Urfanı”, “Gilanı”, “Kərimbəy”, “Nuraşan”, “Baharı” və başqa yallılarımız bir elin həm tarixini, həm də əcdadlarımızın həyat ritmini, sevincini, hər kəsi Vətən uğrunda birliyə, döyüşə çağıran ruhunu özündə yaşadır. Mədəniyyətimizin hamisi ulu öndərimiz Heydər Əliyev yallıya yüksək qiymət vermiş və demişdir: “Yallılar bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Yallı Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik rəmzidir, tarixidir. Bu tarixi heç vaxt unutmaq olmaz. Naxçıvan torpağında bu tarix yaşayır, inkişaf edir və örnək olaraq gələcək nəsillərə qalır”.

Muxtar respublikada bu dəyərli irsin qorunması və təbliği istiqamətində bu günə qədər çox mühüm işlər görülüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı yallı sənətinin də öyrənilməsi, yaşadılması və təbliğində yeni istiqamətlər müəyyənləşdirmişdir.

Yallılar ilk dəfə nota köçürülüb, onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub. Həmçinin tədqiqatçıların elmi məqalələrindən ibarət “Azərbaycanın ən qədim yallılarından biri-Köçəri” adlı kitab da işıq üzü görüb.

Bu gün muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin nəzdində 21 yallı qrupu fəaliyyət göstərir. “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti üçün hər cür şərait yaradılıb, ansamblın ifasından ibarət kompakt disklər hazırlanıb. 2016-cı ildə Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində  keçirilən “Yallı” festivalı da bu dəyərli irsimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq”. Bəli, ulu babalarımızın bizə əmanəti olan bu incilərdə bizim tariximiz, kimliyimiz, mənəvi dünyamız yaşayır. O dünyaya uzanan yad əlləri kəsməyə ayaq basdığımız torpağın dərin qatlarında yaşayan tariximiz, varlığımızı yaşadan milli dəyərlərimiz, Vətənlə qoşa döyünən ürəyimiz, mübariz ruhumuz yetər. Necə ki “Tənzərə” ilə yanaşı, “Köçəri” mübariz ruhumuzun daşıyıcısı kimi bəşəri xəzinədə layiq olduğu yeri aldı. “Köçəri”nin sədaları altında işğal altında olan torpaqlarımıza köç edəcəyimiz gün də uzaqda deyil!

Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: