Cənubi Koreya “BMW”ni cərimələyib

86

Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi bir neçə avtomobilin mühərrikində baş vermiş yanğın faktı ilə əlaqədar həmin seriyadan olan nəqliyyat vasitələrinin geri çağırılma prosesini gecikdirdiyi və yanğına səbəb olan qüsurlu detallar barədə əvvəlcədən məlumatlı olmasını gizlətdiyi üçün “BMW”ni 11,2 milyard von (9,93 milyon ABŞ dolları) məbləğində cərimələyib.

NUHÇIXAN Yonhap agentliyinə istinadla xəbər verir ki, ilin əvvəlində 40-a yaxın “BMW” avtomobilinin mühərrikində baş verən yanğından sonra mülki mütəxəssislərdən və dövlət qurumlarının əməkdaşlarından ibarət qrupun araşdırması nəticəsində həmin avtomobillərin qaz dövriyyəsi sistemindəki soyuducu maye çatışmazlığı və klapanların qüsurlu olması müəyyənləşdirilib. Bundan sonra istehsalçı şirkətin qarşısında həmin seriyadan olan təxminən 100 min avtomobili geri çağırmaq və qüsurlu hissələri dəyişmək tələbi qoyulmuşdu. Bundan başqa, məsələ ilə əlaqədar prokurorluğa müraciət edilmişdi.

Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi qeyd olunan qüsurları 2015-ci ildən bilən “BMW” şirkətinin rəhbərliyini tənqid etmişdi.

Cari ilin oktyabrında “BMW” konserni müvafiq qüsurları araşdırmaq üçün xüsusi qrup yaratmaqla bərabər, həmin qüsurları Koreya tərəfinin dediyi kimi 2015-ci ildən deyil, yanğın halları baş verəndən sonra öyrəndiyini iddia edib.

Qeyd edək ki, Cənubi Koreyada dizel yanacağı ilə işləyən “BMW” avtomobillərinin mühərrikində baş verən yanğın hallarından sonra avqustda “BMW” sahibi olan 1226 nəfər istehsalçı şirkəti məhkəməyə vermişdi. Onlar maddi və mənəvi ziyana görə hər adama 15 milyon Koreya vonu (13,5 min ABŞ dolları) kompensasiya tələb ediblər.

Sözügedən yanğın faktları Cənubi Koreyada “BMW” avtomobillərinin satışının azalmasına da təsirsiz ötüşməyib. Belə ki, cari ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz az “BMW” satılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: