Türkiyə Superliqası: altı qolun vurulduğu oyunda “Qalatasaray” qalib gələrək liderlə arasındakı xal fərqini azaldıb

175

Dekabrın 23-də futbol üzrə Türkiyə Superliqasının XVII turunda turnir cədvəlinin beşinci pilləsində qərarlaşmış “Qalatasaray” komandası “Türk Telekom” stadionunda doqquzuncu sırada yer alan “Sivasspor”u qəbul edib.
NUHÇIXAN xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 4:2 hesabı ilə İstanbul komandasının qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı görüşün 9-cu dəqiqəsində qonaqların məşhur braziliyalı futbolçusu Robinyo açıb. Bundan 11 dəqiqə sonra görüşün baş hakimi “Sivasspor”un qapısına cərimə zərbəsi təyin edib. “Qalatasaray”ın hücumçusu Eren Derdiyok penaltini dəqiq yerinə yetirərək matçda hesabı bərabərləşdirib – 1:1. Otuzuncu dəqiqədə Badou Ndiayenin ötürməsindən sonra Sofian Fequli qalatasaraylıları hesabda irəli çıxarıb – 2:1. Lakin 41-ci dəqiqədə “Sivasspor”un oyunçusu Robinyo dubl edərək hesaba yenidən tarazlıq gətirib. Görüşün ilk hissəsi 2:2 hesabı ilə başa çatıb.
Fasilədən sonra matça hücumlarla başlayan meydan sahibləri Henry Onyekurunun 51-ci dəqiqədəki vurduğu qolla hesabda önə çıxıblar – 3:2. Altmış doqquzuncu dəqiqədə Henry Onyekuru fərqlənərək özünün ikinci, komandasının isə dördüncü topunu qonaqların qapısından keçirib.
Oyunda başqa qol olmayıb və beləliklə, Türkiyə çempionatında oynadığı son səkkiz matçda yalnız bir dəfə qələbə qazanan Fatih Terimin yetirmələri 2018-ci ildəki son oyununda rəqibini məğlub edərək xallarının sayını 29-a çatdırıb və turnir cədvəlində beşinci sırada qərarlaşıb.
Bu gün oynanılan “Ərzurumspor” – “Kayserispor” (1:1), “Bursaspor” – “Yeni Malatyaspor” (1:1) matçlarında qalib müəyyənləşməyib. Digər görüşdə “Trabzonspor” komandası “Rizespor”a 4:1 hesabı ilə qalib gələrək ikinci pilləyə yüksəlib.
Xatırladaq ki, dünən keçirilən qarşılaşmada çempionatın lideri olan “Başakşəhər” səfərdə “Alanyaspor”la heç-heçə edərək vacib xallar itirib – 1:1. Hazırda 35 xalla “Başakşəhər” komandası çempionatda vahid liderdir. 29 xalı olan dörd komanda – “Trabzonspor”, “Yeni Malatyaspor”, “Kasımpaşa” və “Qalatasaray” turnir cədvəlində ikinci və beşinci yerləri bölüşürlər. “Beşiktaş” isə 26 xalla altıncı sıradadır.
Tura dekabrın 24-də keçiriləcək “Akhisarspor” – “Konyaspor”, “Antalyaspor” – “Fənərbağça” görüşləri ilə yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: