Xalça bir nağıldı, bir bayatıdı

135

Üstündə əyləşdiyim  qədim  bir xalcanın  naxışlarını  həvəslə  sığallayıram.  İpə- sapa  düzülüb  ilmələrə  cevrilən   gözəl- ğöycək çəmənlərin şeriyyətini, gül- cicəyin,  bağ- bağatın gözəlliyini görürəm bu xalcada. Görürəm ki,  bir gözəl    ürəyindən su icən bir məhəbbət nağılı  barmaqların  nəğməsilə  rəngbərəng naxışlarda sözə dönüb, ilmələrə ilişib.

Hər xalcanın   rəng  dili var, naxışı var, öz sözü var. Hər naxışın  öz sehri var,  nağılı var. O  tarixdir, o yazıdır, əlifbadır, yazılıbdır ilmələrlə.   Naxışların  kökü, yolu bizə bəlli.  Bizdən özgə  o hec kəsə könül verməz, ürək açmaz. Elə bil ki, bu xalcalar nənəmizin, anamızın əmanəti,ürək sözü, arzusudur.

Əllərinin  sığalıyla, gözlərinin  nuru ilə  ərişinə  güllü bahar , arğacına  qızıl  payız toxunubdur bu xalçanın. “Biri varmış, biri yoxmuş”  nağılıyla  toxunanda  görüblər  ki,    al- qırmızı   gülöyşə nar naxış olub.  Elə bil ki,  ağaçların  xəzəl olan  yarpaqları torpağa yox, ora düşüb.  Qanadlı at yedəyində   xalcalara, naxışlara yetişərək  olanlardan,  kecənlərdən  xəbər verən nənəm  bizə yol göstərir.  Bu yol ilə  babaların at oynadıb, ox atdığı zamanlara  getmək olur. Ya da lalə  dənizində üzmək üçün xalcadakı yerin- yurdun  ünvanını bilmək olur.

Yasəmən boyalı,  narıncı  ilməli o  yolları ayaqla yox,  gəzərik  hər zaman  gözlə.   Bir gün əgər  naxışların  sərgisinə gedər olsam,  əsrlərlə yaşı olan  bir adəti pozmaq üçün  xalcaları  ayaq altdan baş üctünə qaldıraram.

Anaların  arzuları, istəkləri naxışlanan  bizim   lalə, bizim xonca, bizim dəniz  xalcaların  hər naxışı bir könüldən, bir istəkdən  rəng alıbdı, boyanıbdı,   əlcim -əlcim  hana üstə salxım- salxım  sallanaraq,  ilmə-ilmə  toxunubdu.

  Ömrünü- gününü yumaqdan açıb 

  Nənəm toxumuşdu əriş – arğacla, 

Xalının üstünə  nağıldan  köcüb,

Alma gətirmişdi  o gün ağaçlar, – deyən şair  bir də, ağ sap qurtaranda  sacını hörüb, qara günlərini qara sap edib, həsrəti sarıda itən anamın, barmağı  ip kimi incəlib deyir.

Min bir  çeşninin, gölün,  haşiyənin, naxışın müəllifi olan nənəmin  xalcaları    zaman- zaman yol gələrək günümüzdən kecib gələcəyə üz tutan zamana yoldaşdır.

                          Şəhla Nəbiyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: