Naxçıvan teatrında Hüseyn Cavidin “Xəyyam” dramı tamaşaya qoyulub

278

Dekabrın 22-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin “Xəyyam” dramı əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşaya baxıb.

Görkəmli filosof-şair, dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə yeni mərhələnin – mənzum dramın əsasını qoyub. Şərq klassik poeziyasının dahilərindən olan şair-mütəfəkkir Ömər Xəyyamın həyatından bəhs edən “Xəyyam” dramı da ədibin dəyərli yaradıcılıq nümunələrindəndir. Naxçıvan teatrında ilk dəfə səhnələşdirilən tamaşada ideyanın mahiyyətinə uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində Xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq haqqında fəlsəfi düşüncələri tamaşaçıya çatdırılıb. Tamaşada Xəyyamla yanaşı, dövrünün böyük diplomatı Xacə Nizam, ismaililər hakimiyyətinin banisi Həsən Sabbah, Səlcuqlar sülaləsinin hökmdarı Alp Arslan və oğlu Məlikşah Cəlaləddinin də bədii obrazları yaradılıb.

Azərbaycan Respublikasının Əməkdar Artisti Tofiq Seyidovun quruluş verdiyi tamaşanın rəssamı Xalq Rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimovadır. Aktyorlardan Tofiq Seyidov, Nurbəniz Niftəliyeva, Məmməd Mehdiyev, Səyyad Məmmədov, Ələsgər Quliyev, Həsən Ağasoy və başqaları obrazların dili ilə əsərin uğurlu səhnə həllinə nail ola biliblər. Tamaşada böyük şair və mütəfəkkir Ömər Xəyyamın simasında dövrünün fövqünə yüksələn romantik qəhrəman canlandırılıb. Xəyyamın həyat eşqi və yaradıcılığı sənətkar və cəmiyyət probleminə münasibətin ifadəsinə çevrilərək tamaşaçılarda müsbət duyğular oyadıb.

Bütün həyatı boyunca həqiqət uğrunda mübarizə aparan, ən böyük xoşbəxtliyin yüksək təhsil və mədəniyyətə çatmaqla mümkün olduğunu qeyd edən böyük mütəfəkkir Hüseyn Cavidin “Xəyyam” pyesinin qəhrəmanları da bu ideyaların daşıyıcısı kimi tamaşanın uğurlu səhnə həllinə nail olublar. Romantik pafos və mütləq həqiqətə çatmağa göstərilən cəhd tamaşanın ədəbi-bədii məramını səciyyələndirən başlıca cəhət kimi ön plana çıxıb.

Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb.

Ali Məclisin Sədri uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək deyib: Naxçıvan teatrında çox dəyərli əsərlər tamaşaya qoyulmuşdur. Bu gün təqdim olunan “Xəyyam” tamaşası da uğurlu alınmışdır. Fəlsəfi dram əsərlərinin səhnəyə qoyulması üçün rejissor işi və aktyor sənəti mühüm amildir. “Xəyyam” tamaşasında da uğurlu və yaradıcı rejissor işi və aktyor sənəti vardır. Aktyorların çox hissəsinin gənc olmasına baxmayaraq səhnədə bunu hiss etmək mümkün deyildi. Rollar məharətlə ifa olunurdu. Bütün bunlar istedadla yanaşı, həm də sənətə olan sevginin nəticəsidir.

Ali Məclisin Sədri deyib: Hüseyn Cavidin əsərləri həyat fəlsəfəsi üzərində qurulubdur. “Xəyyam” dramı da o dövr Şərqinin həyatını əks etdirir. Hüseyn Cavid əsərdə o dövrə xas olan eyş-işrət və xurafatın əksinə olaraq ən böyük həyat amalına elm və mədəniyyətlə çatmağın yolunu göstərmişdir. Tamaşada bu amillər ustalıqla çatdırılırdı.

Ali Məclisin Sədri yaradıcı kollektivə bir daha təşəkkürünü bildirib, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Tamaşanın rejissoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Tofiq Seyidov Naxçıvan teatrının inkişafının göstərilən qayğının və diqqətin nəticəsində mümkün olduğunu bildirib, muxtar respublikanın mədəniyyət işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib və qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdırıb.

Sonra xatirə şəkli çəkdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: