1990-cı il dekabrın 18-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilmişdir. 2000-ci ildən etibarən həmin tarix “Beynəlxalq Miqrant Günü” kimi qeyd olunur.
Miqrasiya və miqrantlar mövzusu müasir dünyada geniş müzakirələrə səbəb olan ən aktual məsələdir. Son illər baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusi ilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşməmişdir. Hazırda mövcud miqrantların böyük əksəriyyətini əməkçi miqrantlar təşkil edir ki, bu da onlarla bağlı problemlərə xüsusi diqqət yetirilməsini və bununla bağlı bir çox məsələlərdə dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasını zəruri edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra miqrasiya sahəsində də ardıcıl tədbirlər görülmüş, qanunvericilik təkmilləşdirilmişdir. İqtisadi inkişafın və sabitliyin təmin olunması, neft layihələrinin gerçəkləşməsi xarici investorların və əməkçi miqrantların ölkəmizə axınına səbəb olmuşdur. Bu gün ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl tədbirlər görülür. Azərbaycanın miqrasiya sahəsindəki siyasəti ölkənin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı miqrantların, o cümlədən də əməkçi miqrantların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəldilmişdir.
Naxçıvan Muxtar Respublikasında da miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Son illər muxtar respublikada həyata keçirilən uğurlu islahatlar nəticəsində yaşayış səviyyəsi yüksəlmiş, əlverişli coğrafi-strateji mövqeyi, mühüm ticarət qovşaqlarının üzərində yerləşməsi Naxçıvanı əcnəbilər üçün cəlbedici yerə çevirmişdir. Ona görə də miqrasiya sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, qarşıya qoyulan vəzifələrin vaxtında və düzgün yerinə yetirilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün müasir standartlara cavab verən yeni inzibati binanın istifadəyə verilməsi bu sahədə görülən işlərin davamıdır. Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində qanunvericiliyin tələblərini rəhbər tutaraq muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinə xüsusi diqqət yetirir, bu sahə üzrə qarşıda duran vəzifələri həll edir.
Muxtar respublikaya ildən-ilə artan miqrasiya axını milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsini və bu sahədə beynəlxalq təcrübənin qazanılmasını zəruri etmişdir. Bunun üçün də Dövlət Miqrasiya Xidməti miqrasiya siyasətinin həyata keçirilməsində beynəlxalq konvensiyalara və onların tələblərindən irəli gələn məsələlərə xüsusi önəm verir. Xidmət tərəfindən muxtar respublikada miqrasiya proseslərinin idarə edilməsində beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə kadr potensialının formalaşdırılması daim diqqət mərkəzində saxlanılır. Belə ki, Xidmətin bir qrup əməkdaşı cari ildə Bakı və Naxçıvan şəhərlərində Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən “Readmissiya və insan hüquqları sahəsində potensialın artırılması” üzrə təşkil edilmiş təlimdə və Naxçıvan Biznes Mərkəzində İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti fəaliyyət göstərdiyi qısa müddətdə təşkilatlanmışdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasında ilk dəfə olaraq sərhəd buraxılış məntəqələrində yerləşən miqrasiya bölmələrinin fəaliyyəti Naxçıvan Muxtar Respublikasında həyata keçirilməyə başlanmışdır. Bununla yanaşı Sərhəd buraxılış məntəqələrində əcnəbilərin miqrasiya uçotunun aparılması üçün Vahid Miqrasiya Məlumat Sistemi yaradılmışdır. Bunun nəticəsində də, muxtar respublikaya müvəqqəti və daimi yaşamaq, iş icazəsi almaq və digər məqsədlərlə daxil olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ilkin qeydiyyat mərhələsi olan olduğu yer üzrə qeydiyyataalınma proseduru sadələşdirilmiş və onlara uzaq məsafə qət etmədən Dövlət Miqrasiya Xidmətinə müraciət etmək imkanı yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş 2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş turizm sektorunun inkişafı üçün Naxçıvan Muxtar Respublikasında əlverişli mühitin formalaşması məqsədi ilə sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi istiqamətində Dövlət Miqrasiya Xidməti tərəfindən mühüm addımlar atılmışdır. Belə ki, əcnəbilərin olduğu yer üzrə qeydiyyatı xeyli sadələşdirilmiş, onlar üçün sərhəd-buraxılış məntəqələrində qeydiyyatın aparılmasına əlverişli şərait yaradılmış, Xidmətə elektron qaydada və ya şəxsən müraciətlər etmələri təmin edilmişdir. Həmçinin muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilmiş formada elektron qaydada həyata keçirilir.
Naxçıvan buraya səfər edən miqrantlar üçün qədim tarixi abidələri və təbiəti ilə zəngin turizm məkanı kimi və eyni zamanda yaşamaq və işləmək üçün də əlverişli bir yerə çevrilib. Ona görə də Dövlət Miqrasiya Xidməti vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirir. Belə ki, ictimaiyyətin miqrasiya sahəsində maarifləndirilməsi məqsədilə televiziyada və Naxçıvan şəhərinin ictimai yerlərində yerləşdirilən monitorlarda mütəmadi olaraq yenilənən maarifləndirici video–çarxların nümayişi təşkil edilmiş, sərhəd–keçid məntəqələrində yerləşdirilmiş elektron məlumat köşkləri üzərində müvəqqəti və daimi yaşamaq, olduğu yer üzrə qeydiyyata alınma, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı məlumatlar 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) yazılı və səslə muxtar respublikaya daxil olan xarici ölkə vətəndaşlarına təqdim olunmuşdur. Eyni zamanda, Xidmətin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən rəsmi internet səhifəsi üzərində yerləşdirilmiş “Sual–cavab” bölməsinə, həmçinin qurumun elektron ünvanlarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dünyanın istənilən yerindən onları miqrasiya sahəsində maraqlandıran məsələlərlə bağlı müraciət etmələri və vaxtında hüquqi yardım almaları üçün lazımi təşkilati tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə “Elektron hökumət portalı” üzərindən 9 sahə üzrə xidmət göstərir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsi və müddətinin uzadılması da bu xidmət növlərinə daxildir. Əməkçi miqrantların işə götürülmə prosedurunu sadələşdirmək üçün xidmətin rəsmi internet səhifəsi üzərində “Elektron xidmətlər” bölməsi yerləşdirilmiş, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən iş icazələrinin və onun əsasında muxtar respublika ərazisində yaşamaq hüququ verən müvafiq icazələr üçün müraciət etmə imkanı yaradılmışdır. Eyni zamanda bu xidmət növləri üzrə dövlət rüsumlarının internet üzərindən ödənilməsi də onlayn həyata keçirilir.
Maarifləndirmənin digər bir istiqaməti də muxtar respublika ərazisində yaşayan və işləyən əcnəbilərlə görüşlərin təşkil edilməsi, görüşlər zamanı miqrantlara Azərbaycan Respublikasının qanunları, ölkə ərazisində hüquq və vəzifələrinin izah edilməsi, onların tarixi yerlərə və muzeylərə aparılması, tariximiz, mədəniyyətimiz və milli dəyərlərimiz haqqında məlumatların verilməsidir.
Muxtar respublikada insan hüquq və azadlıqlarına daim diqqətlə yanaşılır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq standartlara uyğun olan mərkəzdə könüllü və məcburi saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq hər cür şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcək, miqrasiya proseslərini qanunvericiliyin tələblərinə uyğun tənzimləyəcəkdir.