Xalq şairi Osman Sarıvəllinin anadan olmasından 113 il ötür

106

Bu gün XX əsr Azərbaycan poeziyasının mənzərəsini göz önünə gətirəndə bu adı xatırlamamaq mümkün deyil. Xalqından, elindən, yurdundan, çayından, daşından ilham alan şairin yazdığı hər bir sətir Azərbaycan poeziyasının inkişafında misilsiz rol oynayıb. Yurdumuzun gözəllikləri, folklorumuzun müdriklikləri, klassik poeziyamızın incəlikləri şairin yaradıcılığının mənəvi qidasına çevrilib.

NUHÇIXAN xəbər verir ki, bu gün Xalq şairi Osman Sarıvəllinin anadan olmasından 113 il ötür. Osman Abdulla oğlu Qurbanov (Osman Sarıvəlli) 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Sonra təhsilini artırmaq məqsədilə Moskvaya gedərək, burada Moskva Dövlət Universitetinin filologiya fakültəsində oxuyub. Moskvada təhsil aldığı müddətdə bir sıra ziyalılar, ədəbiyyat nümayəndələri ilə tanış olur. Sonralar şairin özü qeyd edir ki, “Moskvadakı təhsil illəri mənim həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. Orda klassik və müasir rus poeziyası ilə ətraflı tanış oldum. Rus dili vasitəsi ilə dünya ədəbiyyatının ən maraqlı nümunələrini öyrəndim”.

O.Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlayıb. Həmin ildə “Gənc işçi” qəzetində “Ayaqsız” adlı ilk şeiri çap olunub. Onun “Dəmir sətirlərim” adlı birinci kitabı 1934-cü ildə çapdan çıxıb. Şair 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.

Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, “Uşaqgəncnəşr”də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.

Osman Sarıvəllinin şair taleyi heç də asan olmamış, ömrünün müxtəlif anlarında haqsızlıqlara, təqiblərə məruz qalıb. Belə ki, sovet rejiminin qanlı illəri onun da həyatından yan keçməyib. O ağır illərdə Osman Sarıvəllinin qardaşı sürgün olunub, özü isə repressiya qorxusu altında yaşayıb. Ancaq heç bir qorxu onun ilham pərisini əlindən ala bilməyib.

Tanınmış şair 1990-cı ildə vəfat edib və doğma kəndində dəfn olunub.

Osman Sarıvəlli ustad şair idi. Hər sözün, hər kəlmənin, hər misranın poetik mənasına varmağa can atırdı və buna nail olurdu. Şeirlərində Vətənə, ana torpağa vurğunluq ən ülvi hisslərlə tərənnüm olunurdu.

İlham bulaqları quruyacaqdır,

Hər kimin deyilsə mayası eldən,

– deyən Osman Sarıvəlli poeziyasında elə, torpağa bağlılıq hər misrada hiss olunur. Bu baxımdan onun 1943-cü ildə qələmə aldığı “Gətir oğlum, gətir” poeması o dövrdə böyük əks-səda doğurur. Xalq mənəviyyatının aynası hesab olunan bu əsər fəlsəfi lirikanın əsl nümunəsi kimi dəyərləndirilir. Səməd Vurğunun “Azərbaycan” şeirindən sonra vətən sevgisini ali hiss, müqəddəs duyğu səviyyəsində bu qədər ehtirasla tərənnüm etmək böyük istedadın qələbəsi idi. Poemada Atanın diliylə söylənilən “gətir!”, “yaşat!” kəlmələri xalq müdrikliyinin, milli-mənəvi dəyərlərin yaşanılmasına inamdır. Burada kəndin şəhərlə, köhnəliyin yeniliklə qarşılaşdırılması tendensiyası qətiyyən hiss edilmir, “gətir” elə “yaşat” deməkdir. Nəyi gətirmək, nəyi yaşatma? Məsələ bundadır:

Kömürdən almaz çək, yarpaqdan ipək,

Daşdan gövhər çıxart, buluddan şimşək,

Gətir, ildırımın məğrur səsini,

Qumru bulaqların zümzüməsini,

Zəmilərdən sünbül, bağçalardan bar,

Dərələrdən vüsət, dağlardan vüqar…

Özünlə çiçəkli, güllü yaz gətir,

Bir aşıq mahnısı, bir də saz gətir!

Ana yurdumuzun nəyi var gətir-

Məhəbbət, sədaqət, etibar gətir!..

Mirvarid Dilbazi yazırdı: “Osman Sarıvəlli çörəksiz yaşayıb, məsləksiz yaşaya bilməyən sənətkarlardandır”. Onun şeirləri süjetli, vətənpərvərlik lirikası nümunələri hesab olunur. Eyni zamanda o, şair-filosofdur. İnsan, həyat, ölüm onun şeirlərində önəmli bir yer tutur.

Şairin şeirləri axıcı və yaddaqalan olduğundan aşıqların dilindən düşməmiş, xalq Osman Sarıvəlli poeziyasını sevə-sevə oxumuş, öyrənmişdir.

Aşıq, bu gün yaxşı köklə sazını,

Ürək açan mahnılardan de gəlsin.

Şirin dostluq nəğməsidir hər sözün,

Sədaqətdən, etibardan de gəlsin.

Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olmuş, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. Onun qoşmaları bu gün də Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib.

Ömrün cavan, dəli-dolu vaxtlarında “Hər kim yüz il yaşamasa, günah onun özündədir”, – deyən şair zaman gəlir ki, belə deyir: “İndi görürəm ki, həyat öz işini görür, bizi ucaldan illər qocaltmağı da bacarır”. Ancaq zəngin yaradıcılığı yüz illər boyu Osman Sarıvəllini yaşadacaq və onu unudulmağa qoymayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: