2018-ci il-uğurların təntənəsi 

700

2018-ci ili  Naxçıvanın uğur ili adlandırsaq,- heç də yanılmarıq.  23 ildir ki, hər il diyarımız uğurlarına yeni uğurlar əlavə edir. Yola salınan il də bir daha göstərdi ki,  on illər ərzində bu qədim türk yurdu keçilməyən yollar  fəth edib,  dünyanı heyran edən bir məmləkətə çevrilib. Bu gün Naxçıvan Muxtar Respublikası  nail olduğu intibah mərhələsinin zirvə nöqtəsindədir. 

Bəli, 2018-ci ildə nailiyyətlərimizə  böyük və tarixə düşəcək nailiyyətlər əlavə olundu. Və daha çox  nələrlə yadda qaldı 2018? Elə ilin birinci ayında Naxçıvan Muxtar Respublikasında investisiya və biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə   “Caspian European Club”un mükafatını xüsusi qeyd etmək lazımdır.  Qeyd edək ki, “Caspian European Club” dünyanın 70 ölkəsində investisiya reytinqi hazırlayır və hər bir ölkədə lider region seçir. “Caspian European Club”un sədri cənab İlham Əliyevin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, reytinq siyahısı hazırlanarkən müşahidə edilən müsbət hallar ölkəmizdə tətbiq olunsun. 2017-ci il üçün investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ölkəmizin iqtisadi regionları içərisində ilk pillədə qərarlaşması xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilib.  2018-ci ilin yanvarın 23-də Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbir keçirildi. Tədbirdə Naxçıvanın keçdiyi inkişaf yoluna, xüsusilə də 2017-ci ilə bir daha nəzər salındı,  Naxçıvan Muxtar Respublikasının inkişafının  ölkə başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslandığı vurğulandı. Sevindirici haldır ki,  2018-ci ildə də Naxçıvan Muxtar Respublikası  yenidən investisiya reytinqinin lideri oldu. 

2018-ci ildə Naxçıvanın ölkənin Gənclər Paytaxtı seçilməsi sevincimizə daha bir sevinc qatdı. Bu qalibiyyət bizim üçün ikiqat bayram oldu. Çünki Naxçıvan 2018-ci ildə ikinci paytaxt ünvanı statusunu  aldı. Həm İslam Mədəniyyətinin Paytaxtı, həm də ölkənin Gənclər Paytaxtı.  Başa vurduğumuz ildə doğma Naxçıvan  iki məsuliyyətli təmsilçiliyi qürurla daşıdı.  Bir məsələyə də diqqəti çəkmək istəyirəm. Məlumdur ki,  Gənclər Paytaxtı bir il müddətinə seçilir. Bu müddətdə həmin şəhər gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılmasına, yeni ideya və layihələrinin reallaşdırılmasına dəstək verir. Amma bu qeyd olunan tədbirlər Naxçıvanda 20 ildən çoxdur ki, həyata keçirilir. Naxçıvan “Gənclər Paytaxtı” adını layiqincə daşıdı,  yüksək təşkilatçılıqla keçirilən tədbilərlə layihədə adını ilkin sıralara yazdırdı. Sentyabrın 21-23-də Naxçıvanda “Avropa günləri”nin və noyabrın 26-da Türk Şurası Gənc Liderlərinin ilk forumunun keçirilməsi bu tədbirlərin ən möhtəşəmlərindən oldu. Hər iki tədbirin muxtar respublikada ilk dəfə keçirilməsi Naxçıvana olan etimadın və tədbirlərin yüksək səviyyədə reallaşdırılmasına inamın ifadəsi kimi dəyərləndirildi.  Çünki belə tədbirlər  qədim diyarımızın  dünyaya tanıtdılmasına, blokadanı birdəfəlik    qırmağa,  daha böyük inkişafa  yeni qapılar açmaq arzularına  xidmət edir ki, bu da  müdrik bir siyasətdən qaynaqlanır.  

2018-cilin aprel ayında keçirilən  Prezident seçkiləri Azərbaycanın tarixi dövlətçiliyinin, milli və mənəvi dəyərlərin qorunub yaşadıldığı Naxçıvan Muxtar Respublikasında  demokratiyanın təntənəsi  ilə yadda qaldı. 11 aprel seçkilərində muxtar respublikadakı seçicilərin 94,2 faizi cənab İlham Əliyevə səs verdi.  Bu, onu göstərirdi ki, naxçıvanlılar ölkə rəhbərinə böyük rəğbət bəsləyir, onu həmişə dəstəkləyirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfərə gəlməsi və 135-dən çox müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektin açılışında iştirak etməsi də Naxçıvanın sürətli sosial-iqtisadi tərəqqisinin bariz nümunəsidir. Bu mənada, 2018-ci ilin mayın 16-da dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına səfəri əlamətdar hadisələrlə yadda qaldı.  Səfər çərçivəsində Prezident cənab İlham Əliyevin çıxışlarının birində  burada  aparılan abadlıq-quruculuq işlərini, qədim diyarın sürətli inkişafını  yüksək dəyərləndirməsi qürurumuza qürur qatdı: “…Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm”.

 Ölkə başçısı çıxışına əlavə edərək bildirdi ki, bu il Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı” kimi şərəfli adı daşıyır. Bir neçə il bundan əvvəl Bakı bu ada layiq görülmüşdü və biz o vaxt ISESCO-ya müraciət etmişdik ki, biz istəyirik ikinci Azərbaycan şəhəri – məhz Naxçıvan şəhəri bu ada layiq görülsün. Çünki Naxçıvan buna layiqdir. Bilirəm ki, bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var – bu məkanın adı Naxçıvandır. Bəli, 2018-ci il iyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri ilə Naxçıvan  hərtərəfli inkişafa malik böyük mədəniyyət paytaxtı kimi dünyanın diqqətini özünə cəlb etdi.  İstər yerli, istər xarici mətbuatda bu mövzuya geniş yer verildi və vurğulandı ki, İslam tarixinin bir parçası olan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir və  bu bölgədə heç bir dini və mədəni ziddiyyət mövcud deyildir. Belə  birgəyaşama mədəniyyəti dünya üçün bir nümunədir.  

Naxçıvan 2018-ci ildə ən yeni tarixinə Günnüt zəfərini və ya uğurlu Naxçıvan əməliyyatını yazdırdı. May ayının son günlərində Şərur rayonunun mühüm strateji əhəmiyyətə malik olan Günnüt kəndi 1992-ci ildə işğal edilmişdi. Artıq  Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilər işğaldan azad olunub. Bu xəbərin  sevincini təkcə Şərur, onun Günnüt kəndi deyil, bütün Naxçıvan, bütün Azərbaycan   yaşadı. İgid və qəhrəman əsgərlərimizin, ordumuzun sayəsində hələ belə sevincləri çox yaşayacağıq. O gün  bütün dünya Naxçıvandan danışdı. Və bu gün də danışır. Blokada vəziyyətində olan bir bölgənin addım-addım torpaqlarını işğaldan azad etməsi hər bir azərbaycanlını qürurlandırır, hər birimizin BÖYÜK QƏLƏBƏYƏ inamımızı daha da artırır. Ordumuzun bu qələbəsi 26 illik həsrətimizə  son qoydu.  Həmin kəndin sakinləri elə həmin gün Günnütə yollandılar. Kənd öz övladlarına, 26 ildir ki, yolunu gözlədiyi əzizlərinə qovuşdu. Doğma kanalda – Naxçıvan Dövlət Televiziyasında o mənzərələri izlədikcə ürəyimiz dağa döndü.  2018-ci ilin iyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Günnüt kəndindəki hərbi hissədə olması və  burada xidmət keçən əsgər və zabitlərlə görüşməsi  onlarda böyük ruh yükəkliyi yaratdı. Ali Məclisin Sədri demişdir: “Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da ardıcıl və sistemli şəkildə icra olunmaqdadır. Əlahiddə Ümumqoşun Ordu və Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki birləşmə və hissələri böyük təşkilatlanma və inkişaf yolu keçmiş, şəxsi heyət peşəkarlığını artırmışdır. Keçirilən hərbi əməliyyatlar onu deməyə əsas verir ki, muxtar respublikada torpaqlarımızı etibarlı müdafiə edən və hər an işğal altındakı torpaqlarımızı azad etməyə qadir olan güclü ordu formalaşıb. Bu yaxınlarda Əlahiddə Ümumqoşun Ordusu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur”.

2018-ci ildə  bu tədbirlərlə yanaşı  qalmadı. Müxtəlif sosial  obyektlər istifadəyə verildi, mühüm layihələr reallaşdırıldı.  Həmin tədbirlər sırasında Naxçıvanda ilk dəfə olaraq may ayında “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətə başlamasını informasiya blokadasının  yarılmasında mühüm əhəmiyyət daşıyan hadisə kimi dəyərləndirmək olar.  Bu qədər informasiya agentliyi bolluğunda “Nuhçıxan”  yeni ab-hava gətirdi,  gur işığı ilə söz adlı varidatın dəyərini daha da artırdı.  Adı qədim, özü müasir olan bu sayt muxtar respublikanın bugünkü inkişafını sürətlə təkcə Azərbaycanımıza deyil, bütün dünyaya çatdırır.  Nuh yurdunun qazandığı uğurları, qələbələri ilə dünyanın müxtəlif ölkələrinə yayılmış həmvətənlərimiz də tanış olurlar.  

Onu da deyək ki, bu gün təkcə https://nuhcixan.az/ deyil, bütün dünya Naxçıvandan yazır. Bu da onunla bağlıdır ki, diyarımız ən gözəl turizm məkanı kimi 2018-ci ildə də öz qapılarını minlərlərlə əcnəbi turistə açıb. Onlar bu qədim yurd yerində gördüklərinə təəccüblərini gizlətmədiklərini, buradan yüksək təəssüratlarla ayrıldıqlarını mətbuat səhifələrinə çıxarırlar.  

1995-ci ilin dekabr ayından muxtar respublikada dəyişilməyən  bir yol seçilib:  Heydər Əliyev yolu. Həmin yol Naxçıvan Muxtar Respublikasını əsl inkişafa qovuşdurdub. Qazanılan nailiyyətlərin, uğurların kökündə gərgin siyasi əməli fəaliyyətin dayandığı danılmazdır.   Verilən tapşırıqların, nəzərdə tutulmuş tədbirlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi nəticəsidir ki, bu gün 2018-ci ilin uğurlarından  qürurla söhbət açırıq. NAXÇIVAN  2018-ci ildə qazandığı uğurların təntənəsini yaşayır və yuxarıda da qeyd etdiyimiz kimi  uğurlarına uğurlar əlavə edir. Ölkə başçısı cənab İlham Əliyevin  çıxışlarının birində dediyi dediyi kimi: “…Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.

Sara ƏZİMOVA

Jurnalist

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: