İcbari tibbi sığortanın tətbiqinə hazırlıq davam edir

180

İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi xidmət təşkil etməkdir. 

Muxtar respublikamızda da icbari tibbi sığortanın elektron qaydada həyata keçirilməsi üçün internet saytı və «Səhiyyə informasiya idarəetmə sistemi» yaradılıb. Saytda onlayn sığortalanma, müraciət və qeydiyyat bölmələri yer alır. Bu da əhalinin internet üzərindən birbaşa elektron qaydada sığortalanmasına, qeydiyyatdan keçməsinə və onlayn müraciətlərin aparılmasına imkan verəcəkdir. 

Bu il yanvar ayının 25-də Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı keçirilən tədbirdə Ali Məclisin Sədri Şərur rayonunda da icbari tibbi sığortanın tətbiqinə başlanması barədə tapşırıqlar verib. Bununla əlaqədar rayon Mərkəzi Xəstəxanasında bir sıra yenidənqurma, uyğunlaşdırma və digər hazırlıq tədbirləri davam edir. 

Artıq xəstəxanaya 40 ədəd müasir kompüter dəsti verilib, laboratoriya yenidən qurulub, binanın ikinci mərtəbəsində vahid məlumat bazası və server otağı yaradılıb.  Bu da imkan verəcəkdir ki, həkim müayinə etdiyi xəstə haqqında məlumatı sistemdə yerləşdirə bilsin. Bu günlərdə xəstəxanaya planşetlə təmin edilən  3 ədəd yeni təcili tibbi yardım avtomobili də verilib. 

Tibbi sığorta ilə bağlı maarifləndirmə tədbirlərinin və seminarların keçirilməsi məqsədi ilə muxtar respublika Mərkəzi Xəstəxanasında 20 günlük kurslar təşkil olunub, xəstəxananın həkim və tibb işçiləri qrafik əsasında kurslara cəlb ediliblər. İcbari tibbi sığorta üzrə yaradılan  qeydiyyat məntəqəsində 1 nəfər sığorta işçisi fəaliyyət göstərəcəkdir. 

Mərkəzi Xəstəxananın təcili və təxirəsalınmaz yardım şöbəsində 6 çarpayılıq palata yaradılıb, hər bir çarpayının yanında mərkəzləşdirilmiş oksigen xətti, dərman şkafı, maye köçürmək üçün ştativ və monitorlar quraşdırılıb. Bu müasir avadanlıqlar xəstənin qan təzyiqinin, oksigenlə təchizatının, nəbzinin sayının və hərarətinin ölçülməsini qısa müddətdə təmin edəcəkdir. Xəstələrin qəbulu kompüterdə qeyd olunacaq və kompüterlər vasitəsilə müayinə otağına məlumat göndəriləcəkdir.

Qeyd edək ki, Mərkəzi Xəstəxana kompleksində əvvəllər infeksion xəstəliklər şöbəsi kimi fəaliyyyət göstərən ikimərtəbəli korpus uşaq xəstəxanası üçün uyğunlaşdırılır. Burada da ən müasir texnoloji yenilikləri özündə birləşdirən müayinə aparatlarının quraşdırılması nəzərdə tutulub, polikilinika və stasionar şöbələri fəaliyyət göstərəcəkdir. 3 reanimasiya palatasında, təcili yardım, izolyator, infeksion allergoloq üçün nəzərdə tutulan otaqlarda müasir tibbi avadanlıqlar quraşdırılacaq.

Yaradılanlar, qurulanlar əhalinin sağlamlığının qorunması istiqamətində vətəndaşlara göstərilən dövlət qayğısının daha bir ifadəsidir. 

Vidadi Süleymanov

“Şərurun səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: