Yüz iyirmi ilin qiymətli ekran əsərləri və ya böyük tarixi olan Azərbaycan kinematoqrafiyası

Azərbaycan kinosu 120 illik yubileyini qeyd edir

126

Azərbaycan kinosu yarandığı gündən xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində özünəməxsus rol oynayır, milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi yaşadır.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 31 yanvar tarixli Sərəncamına uyğun olaraq bu əlamətdar tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilir.

Dünya kinosunun tarixi ilə üst-üstə düşən Azərbaycan kinosu da ilk vaxtlar səssiz və ağ-qara, sonradan isə rəngli və səsli formatda olub. Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Həmin il “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsi sübhçağı”, “Qatarın dəmir yolu stansiyasına daxil olması”, “Bibiheybətdə neft fontanı yanğını” və başqa filmlər çəkilib. 1900-cü ildə Parisdə keçirilən ümumdünya kino sərgisində “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” xronikaları nümayiş etdirilib. 1935-ci ilədək Azərbaycanda səssiz filmlər çəkilsə də, onlar həm sənədli, həm də bədii film janrlarında olub.

Yazıçı İbrahim bəy Musabəyovun dövrün həyat hadisələrini və lövhələrini əks etdirən, melodram janrında olan “Neft və milyonlar səltənətində” povesti əsasında 1916-cı ildə Azərbaycanda ilk tammetrajlı bədii film çəkilib. Bununla da kino salnaməmizdə yeni səhifə açılıb – bədii film çəkilişinin əsası qoyulub.

Azərbaycanda ilk səsli kinonun istehsalına 1935-ci ildə “Mavi dənizin sahilində” bədii filmi ilə başlanılıb. Səsli kinonun yaranması ilə sənədli kinomuzun da yaradıcılıq imkanları genişlənib. 1936-cı ildə görkəmli yazıçımız Y.V.Çəmənzəminlinin sovet kinosundan tərcümə etdiyi “Çapayev” filminin Azərbaycan dilində səsləndirilməsi ilə kino sənətimizdə dublyajın əsası qoyulub.

Bu kino ki var…

Bizi bizdən alan və bizə qaytaran bu kino nə yaxşı ki, var. Yoxsa insan oğlu bu əlçatmaz, ünyetməz, gəzib dolaşmaqla sonuna varmağın mümkünsüz olduğu, özü boyda sirr-bilməcə dünyanı necə “görə” bilərdi. Yadımdadır, hər dəfə kəndə yeni film gətiriləndə havanın qaralmasını səbirsizliklə gözləyərdik. Kənd klubunda baxdığımız film həm də səhəri gün müzakirə edəcəyimiz əsas mövzulardan olardı. Bəzən seyr etdiyimiz filmin təsirindən günlərlə çıxa bilməzdik. Bir şey ki, bəşər övladında düzlüyü, paklığı, halallığı, nə olursa-olsun, sonda haqqın qələbə çalmasını aşılaya, onu kim sevməz ki.

Əqidəsi uğrunda dərisi soyulan Nəsimini, bir gün azad yaşamağı, qırx il boyunduruq altında sürünməkdən üstün tutan Babəki, elinin-obasının, torpağının yağmalanmaması, qardaş qırğınlarının dayandırılması naminə müqəddəs qopuza and verən Dədə Qorqudu, saflıqdan doğan sadəlövhlük rəmzi olan Cəbiş müəllimi və neçə-neçə belə dəyərləri bizə sevdirən, bizə aşılayan kino deyilmi…

Azərbaycan kinosu İkinci Dünya müharibəsi illərində

Müharibə illərində Sovet İttifaqında 3,5 milyon metr kinoplyonka çəkilib, 34 tammetrajlı, 67 qısametrajlı film, 24 cəbhə buraxılışı, “Soyuzkinojurnal”ın və “Novosti dnya” kinojurnallarının 465-dən artıq nömrəsi istehsal olunub. Bütün bu kinoxronikanın və filmlərin çəkilməsində Azərbaycan kinematoqrafçılarının da əməyi az olmayıb.

Ümumiyyətlə, Bakı kinostudiyasının 40-dan çox yaradıcı əməkdaşı İkinci Dünya müharibəsində iştirak edib, onlardan bir hissəsi müharibədən qayıdıb, öz sevimli peşələrini davam etdirib, bir çoxu həlak olub və ya itkin düşüb. Məsələn, Azərbaycanın ilk kinooperatoru Camal İsmixanov itkin düşüb. Görkəmli bəstəkar və ictimai xadim Müslüm Maqomayevin oğlu Məhəmməd Maqomayev müharibəyə qədər Bakı Kinostudiyasında rəssam işləyib. 1935-ci ildə “Abbasın bədbəxtliyi” – ilk animasiya filminin rəssamlarından olub. Məhəmməd Maqomayev ordu sıralarında Berlinə qədər gedib, II dərəcəli Vətən müharibəsi ordeninə layiq görülüb. O, 29 yaşında, Qələbəyə 10 gün qalmış ağır döyüşlərin birində yaralı yoldaşını xilas edərkən həlak olub.

Müharibə ərəfəsində və dövründə Bakı kinostudiyasında işləyənlərin sayı belə olub: 1940-cı ildə 360, 1941-1942-ci illərdə 120 (o zaman kinostudiyada bir nəfər üç nəfərin yerinə işləyib), 1943-cü ildə 250, 1944-cü ildə 300 nəfər.

136 ölkədə nümayiş, 86 dilə tərcümə və 5 milyard rubl qazanc

1945-ci ilin payızında ekranlara çıxan “Arşın mal alan” filmindən sonra Azərbaycan kinosunda musiqili komediya janrına meyil gücləndi. Filmin nümayişi əsl sənət bayramına çevrildi, adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazıldı. Filmin yaradıcıları Üzeyir Hacıbəyli dühasının bəhrəsi olan bu parlaq əsərdəki bəşəri ideyanı, komediyanın melodiyalarının gözəlliyini və rəngarəngliyini tamaşaçılara çatdırmaq üçün əllərindən gələni etmişlər. Filmin ən böyük müvəffəqiyyəti onun elə ilk baxışda sevilən, unudulmaz surətləridir. Film ekranlara çıxandan sonra iki il ərzində 5 milyard rubl qazanc əldə edilib. Bu filmin ekranlara çıxması heç də asan başa gəlməyib. Belə ki, “Arşın mal alan” Stalinin ən sevimli operettalarından olub. O, tamaşaya hələ 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə baxıb. O vaxt Əsgərin partiyalarını Bülbül oxuyurdu. Üzeyir bəyin xatirələrinə görə, filmə baxışdan sonra incəsənət xadimlərinin şərəfinə təmtəraqlı ziyafət verilib. Üzeyir bəy Stalinlə Molotovun arasında oturubmuş. İosif Vissarionoviç gözlənilmədən bəstəkara tərəf əyilir, arşın malçıdan mahnı oxuyur və deyir: “Mən hələ Tiflisdə yaşadığım illərdən bu əsərlə tanışam. Komediyanın ürəyəyatan mahnılarının bütün Gürcüstanın necə oxuduğunu xatırlayıram”.

Azərbaycan milli kinosunun ən uğurlu filmlərindən hesab olunan “Arşın mal alan” indiyədək 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunub.

1956-cı ildə kinomuzda daha bir keyfiyyət dəyişikliyi baş verib – ilk rəngli bədii film olan “O olmasın, bu olsun” filmi çəkilib. Üzeyir Hacıbəylinin bu komediyasının ekranlaşdırılması da milli kinomuza şöhrət gətirib. Görəsən dünyanın elə bir filmi varmı ki, bu ekran əsəri kimi söz-söz, cümlə-cümlə yaddaşlara köçə, hər bir detalı ilə dillər əzbərinə çevrilə! “Film dünyanın 40-dan çox ölkəsində nümayiş etdirilib.

“Uzaq sahillərdə” doğma qəhrəmanlar və ya hamının içindəki “Mixaylo”

Ötən əsrin 50-ci illərinin əvvəllərində yazıçılar İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə” povesti az vaxt içərisində geniş oxucu kütləsinin rəğbətini qazanıb. Kitab əldən-ələ gəzərək xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində Vətəndən uzaqlarda, Adriatik dənizi sahillərində, Triyest şəhəri ətrafında beynəlmiləl partizan briqadasında kəşfiyyatçı kimi əfsanəvi igidlikləri barədə oxuculara geniş məlumat verir.

Gəncləri qəhrəmanlığa, Ana vətəni göz bəbəyi kimi qorumağa, sevməyə çağıran bu sənət əsəri 1958-ci ildə ekranlara buraxılandan sonra Azərbaycan kinosunda əsl hadisəyə çevrilib.

Faşistlərin canını lərzəyə salan həmyerlimiz “Mixaylo”nun partizan dostu Veselinlə birgə ən çətin əməliyyatları yerinə yetirməsini tamaşaçılar dərin həyəcanla, göz qırpmadan izləyirlər. “Uzaq sahillərdə” xalımızın sonralar qarşılaşacağı Qarabağ müharibəsi üçün qəhrəmanlar yetişdirən əsl məktəb oldu.

Azərbaycan kinosunun intibah dövrü

1970-1980-ci illərin birinci yarısında Azərbaycan kinosu intibah dövrünü yaşayıb. Kinematoqrafçıların yaratdıqları filmlər milli-mənəvi dəyərlərin təbliğində, milli şüurun formalaşmasında və gənc nəslin tərbiyəsində mühüm rol oynayıb. Bu illər ərzində kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, aktual mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq, mədəniyyətimizin qızıl fonduna daxil olan filmlər yaradılıb. Ümumilikdə, 110 bədii, 500 sənədli və elmi-kütləvi, eləcə də 44 cizgi filmi istehsal olunub. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək”, “Dərviş Parisi partladır”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” və digər bədii filmlər o illərdə çəkilib. Məzmun və janr baxımından sənətə yenilik gətirən bu filmlər kinonu xalqa daha da yaxınlaşdırıb. Azərbaycan kinosunda müxtəlif peşə və sənət sahiblərinin həyatından bəhs edən, tarixi yaddaşı özünə qaytaran filmlərin çox olması ekran sənətimizin mövzu əlvanlığının göstəricisidir. Bədii kinomuzun janr müxtəlifliyi filmlərin hərbi, tarixi-qəhrəmanlıq, musiqili komediya, detektiv, macəra, psixoloji, qrotesk, sosial pamflet, nağıl və başqa janrlarda özünü təcəssüm etdirib.

Azərbaycan kinosunun inkişafına göstərilən dövlət qayğısı

Müstəqillik illərində milli kinomuza xüsusi diqqət yönəldilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində məhv olmaq təhlükəsi ilə qarşılaşan incəsənətin bu vacib sahəsi 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1998-ci il avqustun 19-da qəbul edilmiş “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müasir müstəqil respublikada dövlət kinematoqrafiyasının hüquqi bazası formalaşdırıldı. 1996-cı ildə isə Azərbaycan Dövlət Film Fondunun yaradılması ilə filmlərin qorunması təmin edildi.

Hər il avqustun 2-si Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı qeyd edilir. Bu bayramı kino işçilərinə, kinosevərlərə, bütün xalqımıza Ulu Öndər bəxş edib. Ümummilli Liderin 2000-ci il dekabrın 18-də imzaladığı müvafiq Sərəncam Azərbaycan kino tarixinə qızıl hərflərlə həkk olunub.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Dövlətimizin başçısının “Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral və “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2008-ci il 4 avqust tarixli sərəncamları tarixi əhəmiyyətli sənədlərdir. Beləliklə, ölkəmizdə kinostudiyaların maddi-texniki bazaları gücləndirilib, yeni filmlər çəkilib, kino sənətimiz inkişafın müasir mərhələsinə qədəm qoyub.

Son illər 50-dən çox beynəlxalq festivalda iştirak edən filmlərimiz

Ötən dövrdə zəngin mədəniyyət salnaməmizə parlaq səhifələr yazan Azərbaycan kinosu müstəqillik dövründə yeni inkişaf mərhələsini yaşayır. O cümlədən son 15 ildə milli kinematoqrafiya mühüm yol qət edib. Ölkə rəhbəri tərəfindən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 200-dən çox sənədli, 20-dən çox cizgi filmi çəkilib. Kinoda gənclərə geniş meydan açılıb, 60-dan çox rejissor özünün ilk ekran əsərini çəkib.

Son illərdə “Azərbaycanfilm” kinostudiyasında, həmçinin Bakı Media Mərkəzində milli tarixi yaddaşın bərpasına, Azərbaycanın ictimai-siyasi həyatına, görkəmli şəxsiyyətlərə həsr olunan qiymətli bədii və sənədli ekran əsərləri ərsəyə gətirilir. Bu qəbildən filmlərin ölkəmizlə yanaşı, xaricdə də təqdimatları keçirilir.

Kino irsinin qorunması, filmlərin nümayişi sahəsində də mühüm işlər görülür. 2009-cu ildə istifadəyə verilən Dövlət Film Fondunun binası texniki imkanlarına görə dünyada ən müasir kino-arxiv müəssisələrindəndir. Əsaslı yenidənqurmadan sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi ilə müasir səviyyəli kino prokatının əsası qoyulub. Dövlətin bu sahədə nümunə olan addımından sonra müasir tələblərə uyğun özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb.

İyirmi beş ildən çoxdur ki, Azərbaycan kinosu müstəqillik dövrünün əsərlərini yaradır, heç bir senzura olmadan həyat həqiqətlərini ekrana gətirməyə səy göstərir. Bu müddətdə Azərbaycanda 60 bədii film çəkilib. Bunlardan 40-ı “Azərbaycanfilm”in məhsuludur. Həmin filmlərin əksəriyyətində kinematoqrafçılar kinonu real həyata daha da yaxınlaşdırıb, uydurma qəhrəmanlar real – yaxşı və pis, müsbət və mənfi, güclü və zəif xüsusiyyətlərə malik, düzgün və yanlış addımlar atan insanlarla əvəz olunub: “Gecə qatarında qətl”, “Qətl günü”, “Qəzəlxan”, “Qətldən 7 gün sonra”, “Fəryad”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və s.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Qarabağ mövzusunda filmlər çəkilib. Onlardan biri də “Fəryad”dır. İki sənədli film – “Müharibə uşaqları” və “Biz qayıdacağıq” kinolentləri Xocalı soyqırımına həsr olunub. “Dolu”, “Mübarizlik zirvəsi” və bu kimi digər filmlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzolunmazdır. “Nabat” filmi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından dəyərli ekran əsəridir.

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan aktual mövzulu filmlər son illər 50-dən çox beynəlxalq film festivalında iştirak edərək Azərbaycan gerçəkliklərini dünyanın kino auditoriyasına çatdırıb və nüfuzlu mükafatlara layiq görülüb. Kinostudiyanın direktoru Müşfiq Hətəmov deyib: “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” bir sıra vacib layihələrin həyata keçirilməsinə zəmin yaratdı. Mədəniyyət Nazirliyinin dəstəyi ilə sistemli şəkildə islahatlar aparılır. Eyni zamanda, Azərbaycan kino sənayesinin uğurlu inkişafı üçün hüquqi tənzimləyici sistem dövrün tələblərinə müvafiq olaraq təkmilləşdirilməlidir. Bu məqsədlə “Kinematoqrafiya haqqında” yeni qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişik. Son illər 70-dən çox festivalda iştirak etməyin, 58 ölkədə nümayiş olunmağın uğuru ilə razılaşmırıq, daha böyük layihələr həyata keçirməyi düşünürük”.

Bütün bu sadaladığımız faktlar bir daha göstərir ki, Azərbaycan kinosu 120 illik tarixi dövr ərzində əldə etmiş olduğu nailiyyətləri növbəti onilliklərdə davam etdirərək, ölkəmizin daha geniş coğrafiyada tanınmasına, Qarabağ həqiqətlərinin bəşəriyyətə çatdırılmasına öz töhfəsini verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: