Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi Əbu-Dabidə anılıb

122

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Azərbaycanın Əbu-Dabidəki səfirliyinin və Dubaydakı baş konsulluğunun əməkdaşları, BƏƏ-dəki Azərbaycan icmasının və yerli ictimaiyyət nümayəndələri, bu ölkədə səfərdə olan Azərbaycan ticarət missiyasının üzvləri, yerli ictimai-siyasi xadimləri və iş adamları, jurnalistlər iştirak ediblər.

Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti barədə danışıb. Ümummilli Liderin Sovet İttifaqı dövründə Azərbaycana rəhbərliyindən bəhs edən səfir məhz Heydər Əliyevin Vətəninə və xalqına hədsiz sevgisi və sədaqəti kimi şəxsi keyfiyyətlərinin, müxtəlif yüksək vəzifələrdə fəaliyyəti zamanı əldə etdiyi idarəçilik təcrübəsinin və inkişaf məsələlərində strateji yanaşmasının ölkəmizin dərin tənəzzüldən çıxmasına şərait yaratdığını vurğulayıb. Azərbaycanın gələcək siyasi müstəqilliyinin möhkəm iqtisadi təməlinin məhz həmin illərdə yaradıldığını bildirən səfir, dahi rəhbərin səyləri nəticəsində Sovet İttifaqının geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycanın çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoyduğunu, ölkə həyatının bütün sahələrində quruculuq işlərinin vüsət aldığını, kənd təsərrüfatı istehsalının dəfələrlə artdığını, yüzlərlə yeni sənaye müəssisəsi qurulduğunu deyib. O, Heydər Əliyevin rəhbərliyi illərinin Azərbaycan tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan verdiyini, tarixi ənənələrinin, dilinin qorunmasına şərait yaratdığını qeyd edib. Səfir Azərbaycanda 1992-ci ilin 15 may tarixində dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn qüvvələrin səriştəsizliyi nəticəsində ölkədə hökm sürən hərc-mərcliyin respublikanı fəlakət həddinə gətirib çıxardığını təəssüflə xatırladıb, o vaxt çoxlarının Azərbaycanın bu qədər böyük təhlükələrdən qurtula biləcəyinə və müstəqilliyini qoruyub saxlayacağına inanmadığını, lakin Heydər Əliyevin vətəndaş hünərinin tarixin gedişatını dəyişdiyini və Azərbaycanı diz çökdürmək ssenarilərini alt-üst etdiyini xüsusi qeyd edib. Daşqın Şikarov 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycanın uçurumun bir addımlığından dönə bildiyini vurğulayıb, dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyevin dərin zəkası, siyasi uzaqgörənliyi və polad iradəsi ilə bütün çağırışlara tab gətirdiyini diqqətə çatdırıb. Ulu Öndərin 1993-2003-cü illərdəki rəhbərliyi dönəminə nəzər salan səfir deyib ki, bu illər ərzində Azərbaycanda demokratik dəyərlər bərqərar olub, ictimai-siyasi sabitlik yaranıb, islahatlar geniş vüsət alıb.

Ümummilli Liderin uğurlu xarici diplomatiyası barədə də dolğun məlumat verən səfir diqqətə çatdırıb ki, bu uğurlu siyasi kurs və inkişaf xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zənginləşdirilir. Son 15 ildə ölkəmizin keçdiyi dinamik inkişaf yolu, böyük geostrateji əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələri buna əyani sübutdur. Ulu Öndərin parlaq xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını və əbədi yaşayacağını vurğulayan Daşqın Şikarov qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dahi şəxsiyyətin zəngin irsinin yetişən nəsillərə ötürülməsi kimi ali vəzifənin öhdəsindən layiqincə gəlir və Heydər Əliyev irsinin qəlblərdə daim yaşamasında əvəzsiz rol oynayır. Səfir Heydər Əliyev ideyalarının ölkəsindən uzaqda yaşayan həmvətənlərimizin bu gün də bir-biri ilə sıx təmasda olmalarına xidmət etdiyini, Ulu Öndərin xatirəsinin özünü azərbaycanlı hesab edən və azərbaycançılıq ideyalarına sadiq olan hər kəsin qəlbində xüsusi yerə malik olmasını diqqətə çatdırıb.

Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynov çıxışında Ümummilli Liderin istər SSRİ dövründə, istərsə də müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycanın maraqlarını bütün imkanlardan istifadə edərək qoruduğunu, ölkəmizin davamlı tərəqqi və inkişaf yolu tutduğunu bildirib. O, dahi rəhbərin Azərbaycan xalqı və dövlətçiliyi üçün ən böyük xidmətinin azərbaycançılıq ideyasının yaradılması, sevdirilməsi və inkişaf yoluna qoyulması olduğunu deyib, Ulu Öndərin xatirəsinin hər bir azərbaycanlının qəlbində xüsusi yerə malik olmasını, soydaşların tədbirdə toplaşmasının məhz bunun əyani sübutu olduğunu vurğulayıb. Baş konsul Heydər Əliyev ideyalarının bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, onun rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatların, əldə olunan yüksək nəticələrin müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratdığını xüsusi qeyd edib.

Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi Elnur Əliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyatın bütün sahələrində misli görünməyən inkişaf başlayıb, məhz Ulu Öndərin uzaqgörənliyi və qlobal düşüncə qabiliyyəti hesabına enerji, nəqliyyat və digər sektorlarda öz müstəsna aktuallığını bu gün bariz şəkildə göstərən milli strategiyalar işlənib hazırlanıb. Həmin strategiyalar milli iqtisadiyyatımıza on milyardlarla dollar xarici kapital axınını təmin edib. Elnur Əliyev Ulu Öndərin “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir” kəlamını xatırlayaraq, Ümummilli Liderin o dövrdəki əsas fəaliyyətinin məhz bu fikir ətrafında qurulduğunu diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film izləyiblər.

Çıxışlar və filmin nümayişindən sonra qonaqlar üçün Ulu Öndərin xatirəsinə ehsan süfrəsi açılıb. Ümummilli lider Heydər Əliyev barədə Birləşmiş Ərəb Əmirliklərində çap olunmuş kitabların nüsxələri tədbir iştirakçılarına paylanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: