Türkiyədə Hüseyn Cavidin “İblis” əsərinin səhnələşdirilməsi ilə bağlı işlər davam edir
Azərbaycanın böyük şairi və dramaturqu Hüseyn Cavidin “İblis” əsəri yaxın aylarda İstanbul tamaşasevərlərinə təqdim olunacaq. Hüseyn Cavidin anadan olmasının 135, “İblis” əsərinin yazılmasının 100 illiyi şərəfinə İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarında səhnələşdirilən tamaşanın məşqləri sürətləndirilib.
NUHÇIXAN xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının direktor müavini, Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın rejissorluğu ilə səhnələşdirilən tamaşanın baş məsləhətçisi “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, musiqi tərtibatçısı Xalq artisti Aygün Səmədzadədir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “İblis”in səhnələşdirilməsinə mənəvi dəstək göstərir.
Əsərin mətnini müasir türk dilinə görkəmli dramaturq Hilmi Zəfər Şahin və Məlahət Abbasova uyğunlaşdırıblar.
Türkiyənin tanınmış aktyorları Rıdvan Çələbi (İblis), Əmrə Narcı (Arif), Mazlum Kiper (İhtiyar Şeyh), İsgəndər Bağçılar (İbn Yemin), Çağatay Palabıyık (Vasif), Caner Bilginer (İlhan), Nurseli Tırışkan Akpınar (Haver), Şenay Bağ (Rena) və digərləri tamaşada rol alıblar.
Hüseyn Cavid yaradıcılığına qardaş Türkiyədə hər zaman böyük diqqət göstərildiyini qeyd edən Məlahət Abbasova AZƏRTAC-a açıqlamasında bildirib ki, Türkiyənin ən istedadlı aktyorlarının tamaşada rol alması bunun bariz nümunəsidir. Tamaşanın premyerası 2019-cu ilin birinci rübünə planlaşdırılıb.
AZƏRTAC-ın informasiya dəstəyi ilə keçiriləcək tamaşanın İstanbuldan sonra Türkiyənin digər şəhərlərində, həmçinin Bakı və Naxçıvan şəhərlərində də teatrsevərlərin görüşünə gəlməsi nəzərdə tutulub.