Şərur ərazisi bəşər övladının ən qədim yaşayış  məskənlərindən  biridir

624

Şərurda uzaq Daş (Orta Paleolit) dövründən başlamış, tarixin bütün mərhələlərinə aid çoxlu sayda maddi-mədəniyyət abidələri vardır. Ərazi zəngin tarixi irsə malik olan diyardır. Coğrafi məkan olan “Şərur” adının yaranması və etimologiyası ilə bağlı tədqiqatçıların gəldiyi qənaətə nəzər yetirək.

Araşdırmaçı Məmməd Ellinin fikrincə, “Şərur” adının yaranması qədim Şumer əsatiri ilə bağlıdır. Şumerlər “Ninurta tanrının hünəri” adlı əsatirdə “İlahi nizə”ni “Şərur” adlandırmışlar. Əsatirin qısa məzmunu belədir: “Yeraltı dünyada Kur ölkəsində Asaq adlı qanadlı, qorxunc bir azman-nəhəng (əjdaha) yaşayırmış… Asaq ölüm saçan gözlərini bərəldir, Ninurta qorxub geriyə atılır. Şərur dilə gəlir: “Heç qorxub eləmə! At məni quduz azmanın üstünə, mən onu məhv edəcəyəm”. Ninurta Şəruru azmana doğru atır. Şərur azmanı ortasından dəlib keçir”. Bu qədim əsatirə görə, “Şərur” sözünün mənası “nizə”, yəni qara qüvvənin, şərin, pisliyin qənimi, “ilahi güc”, “əzəmət”, “qüvvət” deməkdir. Başqa bir tədqiqatçı alim Arif Rəhimovun fikrincə, “Şərur” adı qədim elam-kassit tayfalarının dilində “Şeru” – “çöl”, “düzənlik” mənasını verir.

Yazılı tarixi mənbəmiz olan “Kitabi-Dədə Qorqud” dastanında da “Şərur” adına rast gəlinir. Dastanın onuncu boyunda (“Uşun Qoca oğlu Səkrəyin boyu”) göstərilir ki, “Üç yüz nəfər say-seçməli igid Şərukun ucundan Göyçə dənizinə qədər yol gedirlər. Orada qələbə çalıb Əlincə qalasına dönürlər”. Göründüyü kimi, “Kitabi-Dədə Qorqud” dastanında Şərurun ilkin adlarından biri kimi “Şəruk” adı göstərilmişdir.

Tədqiqatçıların fikrincə, “Şərur” adının yaranması və mənşəyi qədim türk tayfası olan şumerlərlə sıx bağlıdır. Belə ki, Şumer şəhər-dövlətləri olan Ur və Uruq şəhərləri e.ə. III minillikdə qədim Mesopotamiyanın ən qüdrətli şəhər-dövlətləri idi. Bu şəhər-dövlətlərlə Azərbaycanın Cənubu və Şimalı arasında daha sıx iqtisadi, siyasi və mədəni əlaqələr yaranmışdı. Bu səbəbdən də ərazidə yaşayan qədim türk tayfaları – naxç və gərgərlər bu ulu yurdu Şərur adlandırmışlar. Diqqət edək: “Şərur” adı zaman-zaman dəyişərək Şəruk, Şəuruk, Şəril və nəhayət Şərur şəklinə düşmüş­dür. Göründüyü kimi, qədim Mesopotamiyanın Ur və Uruq şəhər adları Şərur və ya Şəruk adının ikinci komponenti ilə üst-üstə düşür. Şərurun qədim şumerlərlə sıx bağlı olduğunu sübut edən başqa bir mənbə arxeoloji abidələrimizdən aşkar edilmiş saysız-hesabsız maddi-mədəniy­yət nümunələridir.

Tədqiqatlar göstərir ki, hələ eramızdan əvvəl Şərur ərazisində ulu əcdadlarımız yaşamış və yaratmışlar. Onların özlərindən son­ra qoyub getdikləri tarixi və mədəniyyət abidələri isə bu qədim yurdun azərbaycançılıq möhü­rüdür. Şərur ərazisində mövcud olan tarixi abidələrdən Havuş kəndində Danaqalası, Gəlin qayası, Havuş mağarası, Axura kəndində Ağvantəpə, Hadıqayıb, Pisdər mağaraları, Tənənəm kəndində Qazma mağarası, Gümüşlü kəndində Qarasu qalası, Qızqalası, Aşağı Yaycı kəndində Yaycı qalası, Qız qalası, Dizə kəndində kurqanlar, Ovçular təpəsi, Oğlanqala kəndində Qalacıq arxı, Şahbulaq və Danyeri kəndlərindəki qalalar, Arpaçayı üzərində birtağlı Dədəli körpüsü, Cəlilkənddə Buzxana, Zeyvə kəndində Daş heykəl və s. onlarla abidə keçmişimizi bu günə daşıyan tarixi yaddaşımız kimi maddi və mədəni həyatımızın güzgüsü rolunu oynayan incilərdir. Bu abidələr eramızdan əvvəl V-III minilliklərdən başlamış bizim eranın XVIII-XIX əsrlərinə qədər böyük bir dövrü əhatə edir.

Uzun əsrlər boyu bu qədim diyarın adı Şəril (Şəril eli, Şəril mahalı, Şəril çuxuru) kimi tarixi mənbələrdə çəkilir. Gözəl saz havacatları olan “Şərili”, “Ağır Şərili” və “Orta Şərili” el aşıqlarının dilindən bu gün də düşmür.

Azərbaycanın çar Rusiyasının müstəmləkəsi olduğu dövrdə     inzibati ərazi kimi Şərur diyarı İrəvan Quberniyasının Şərur-Dərələyəz uyezdinə daxil edilib. Qeyd edək ki, 1905-ci ildə Culfa – İrəvan dəmiryol xətti istifadəyə veriləndə rayon mərkəzindəki Şərur dəmiryol stansiyasının ərazisində bir neçə ev tikilmişdi ki, burada da əsasən dəmiryolçu ailələri yaşayırdılar. 1924-cü ildə Pambıqtəmizləmə Zavodu tikildikdən və Maşın-Traktor Stansiyası yaradıldıqdan sonra burada əlavə bir neçə ictimai yaşayış binası da inşa olunmuş, rayon mərkəzi Cəlilkənddən Şərur dəmiryol vağzalının yerləşdiyi əraziyə köçürülmüş, 1930-cu ildə isə Şərur inzibati rayonu yaradılmışdır. Rayon mərkəzi getdikcə böyü­müş və 1948-ci ildə qəsəbə adını almışdır. 30-cu illərin ortalarında rayonun adı dəyişdirilmiş və Stalin rayonu adlanmışdır. Bir müd­dətdən sonra Noraşen, 1964-cü ildən 1991-ci ilə qədər İliç rayonu adlanmış, 1991-ci ildən isə Şərur adı yenidən bərpa olunmuşdur.

Şərur rayonu ərazisində çoxlu sayda arxeoloji abidələr, o cümlədən qədim yaşayış yerləri, mağaralar, kurqanlar, nekropollar, qala divarları və başqa maddi-mədəniyyət qalıqları mövcuddur. Hazırda bu arxeoloji abidələrin bir çoxunda geniş qazıntı işləri aparılır. Tədqiq olunan qədim yaşayış məskənləri içərisində Qazma mağarası xüsusi əhəmiyyət kəsb edir. Tənənəm kəndində yerləşən bu mağara ən qədim insan düşərgəsi olaraq, Orta Paleolit dövrünə, yəni eramızdan 60-80 min il əvvələ aiddir.

BundanbaşqaŞərurun bir çox abidələri, o cümlədən Qazma mağarası, Ovçular təpəsi, Oğlanqala, Aşağı Daşarx, Ərəbyengicə, Xələc, Şortəpə, Ağvantəpə, Qarabulaq və bu qəbildən olan qədim yaşayış yerləri dünya əhəmiyyətli arxeoloji abidələr sırasına daxil edilmişdir.

Abidələri öyrəndikcə Şərurun tarixinin çox qədim olduğunun, bu torpaqda zəngin mədəniyyətin və mənəvi irsin toplandığının şahidi oluruq. Dünən yaradılan hər bir abidə zamanın izidir. Hər daşının altında bir tarix yatan qədim abidələrimiz, dünənimizə işıq tutan arxeoloji axtarışlar xalqımızın qədimliyindən, ululuğundan xəbər verir. Bu, həm də tariximizi saxtalaşdırmağa, öz xeyirlərinə dəyişmək istəyənlərə bir xəbərdarlıq, ismarıc, tutarlı cavabdır.

Allahverdi Əsgərov,

Ələklikənd tam orta məktəbinin tarix müəllimi

Şərurun səsiqəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: