Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə noyabr ayında muxtar respublikada idmanın kütləviliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılıb. Ay ərzində Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib, “Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində Belarus Respublikasından bir qrup gəncin, həmçinin Azərbaycanın regionlarından fəal gənclərin və Gənclər təşkilatlarının üzvlərindən ibarət 100 gəncin muxtar respublikaya ekskursiyası təşkil olunub. “10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi” ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, həmçinin əcnəbi tələbələr arasında müsabiqələr keçirilib. Bununla yanaşı, ümummilli lider Heydər Əliyevin siyasi irsinin gənclərə öyrədilməsi məqsədi ilə Naxçıvan Müəllimlər İnstitutunda açıq dərs, gənclərin iştirakı ilə “Muxtar respublikanı necə tanıdırıq” mövzusunda dəyirmi masa təşkil olunub.
Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında stolüstü tennis, badminton, voleybol və kross qaçışı üzrə muxtar respublika birincilikləri keçirilib. Culfa Rayon Mərkəzi Stadionu yenidən qurularaq gənclərin istifadəsinə verilib. Həmçinin məktəblilər və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat, idmanın müxtəlif növləri üzrə şəhər və rayon birincilikləri, yoldaşlıq görüşləri təşkil olunub.
Noyabr ayında muxtar respublika idmançıları ölkə birinciliklərində 8 medal qazanıblar.