Paşinyan oğlunun əsgəri xidmətindən siyasi məqsədlər üçün istifadə edir

Amma hər dəfə bunu xatırlatmaqla həm də Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etmiş olur

102

Ermənistanda bu ilin may ayında baş vermiş hakimiyyət dəyişikliyindən sonra sıravi ermənilərin Nikol Paşinyandan gözləntiləri çox idi. Çünki 20 illik Köçəryan-Sarkisyan hakimiyyəti ölkəni bu illərdə bir addım da irəli apara bilməmişdi. Səfalət, xaricə miqrasiya, korrupsiya, hakimiyyətdə olan klanların cinayətkarlığı erməni cəmiyyətini xarakterizə edən əsas cizgilər idi.

Seçkilər ərəfəsində reytinq davası

Elə may ayında baş vermiş mitinqlərdə erməniləri İrəvanın küçələrinə çıxmağa bu səbəblər vadar etmişdi və N.Paşinyan bundan ustalıqla yararlanaraq hakimiyyətə gələ bildi. Aradan ötən aylar uzun zaman sayılmasa da, ölkədə vəziyyəti dəyişdirmək üçün çox iş görmək olardı. Düzdür, Ermənistanın yeni baş naziri xalqın istəyini nəzərə alaraq korrupsiya ilə mübarizə sahəsində bir-iki gediş etdi ki, bunlar da epizodik idi. Belə ki, N.Paşinyanın ilk addımları ölkədə vəziyyəti yaxşılaşdırmağa deyil, əvvəlki hakimiyyətin təmsilçilərindən qisas almağa yönəlmişdi. Amma o, qisasçılıq planlarını axıra kimi reallaşdıra bilmədi. Üstəlik, ölkəsini istər beynəlxalq səviyyələrdə, istərsə də regional müstəvidə daha da gözdən saldı.

Buna görə də hazırda Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Paşinyanın ölkədə reytinqi sürətlə aşağı düşməkdədir. Qarşıdan həm də parlament seçkiləri gəlir. Bu seçkinin nəticələrini indidən proqnozlaşdırmaq çətindir. Əgər bir neçə ay əvvəl olsaydı, dəqiq nəticə söyləmək olardı. Amma indiki vəziyyətdə hansı siyasi qüvvənin parlamentdə daha çox yer əldə edəcəyini söyləmək mümkün deyil. Çünki qeyd edildiyi kimi, Paşinyan ölkədə əvvəlki kimi olduqca yüksək reytinqə malik deyil. Bunu onun özü də anlayır və vəziyyətdən çıxış üçün müxtəlif yollar axtarır. Bir neçə ay əvvəl R.Köçəryanı həbs etdirsə də, istəyinə sonadək nail olmayan N.Paşinyan indi də oğlunun Dağlıq Qarabağda xidmət keçməsini xatırlatmaqla xal qazanmaq istəyir. Elə bu mövzu hazırda Ermənistanda yeni söz davasını başladıb.

Paşinyanın oğlu Azərbaycan əraziləri sayılan Dağlıq Qarabağda hərbi xidmət keçir. Onun xidmətini hansı səviyyədə aparması barədə təfərrüata varmırıq. Söhbət ondan gedir ki, bu gənc əsgərliyini Azərbaycan ərazilərində keçir. Amma Paşinyanın qürurla xatırlatdığı bu məsələ Azərbaycan torpaqlarının işğalının Ermənistan hakimiyyəti tərəfindən təsdiq edilməsi faktıdır. Bəli, erməni baş nazir özünə siyasi dividend qazanmaq üçün övladını Dağlıq Qarabağa hərbi xidmətə göndərib. Və hər dəfə bunu diqqətə çatdırmaqla ölkəsinin də işğalçı olduğunu etiraf etmiş olur.

Erməni hakimiyyəti humanitar təşəbbüslərə qoşulmaqdan uzaqdır

Ermənistan rəhbərliyi işğalçı siyasət yürütdüyü üçün həm də humanizm prinsiplərindən uzaqdır. Bunu bir neçə gün əvvəl Azərbaycanda olan hərbi əsir Arsen Baqdasaryan da müsahibəsində bildirdi. Xatırladaq ki, 1994-cü il təvəllüdlü A.Baqdasaryan 2014-cü il dekabrın 26-da Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, bu yaxınlarda əsirlərin “hamının-hamıya” prinsipi üzrə azadlığa buraxılması ilə bağlı Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana müraciət göndərib. Bütün hərbi əsirlərin və girovların “hamının-hamıya” prinsipi üzrə dəyişdirilməsi təşəbbüsü isə Azərbaycana məxsusdur. Lakin Ermənistan rəhbərliyi Baqdasaryanın müraciətinə biganə yanaşıb. Halbuki buna qədər Paşinyanın arvadı Anna Akopyan Azərbaycanda olan digər əsir Karen Kazaryanın ailəsinə iki dəfə baş çəkib.

Bütün hərbi əsirlərin və girovların “hamının-hamıya” prinsipi üzrə dəyişdirilməsi təşəbbüsü reallaşsa, Ermənistan Dilqəm Əsgərovu, Şahbaz Quliyevi və əsgər Elnur Hüseynzadəni azad etməlidir. Əvəzində Azərbaycanda olan hərbi əsirlər Ermənistana qaytarılacaq. Amma görünən odur ki, erməni hakimiyyəti bu cür humanitar təşəbbüslərə qoşulmaqdan uzaqdır. Hətta hakimiyyət dəyişikliyi də düşmən ölkədəki iqtidarın mahiyyətini dəyişdirə bilməyib.

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: