İsa Həbibbəyli: “Yallı” rəqsi bəşər mədəni irsində azərbaycançılığın daha bir möhürüdür

173

NUHÇIXAN xəbər verir ki, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin bugünlərdə Mavrikidə keçirilən 13-cü sessiyasında “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin bu qurumun Təcili Qorunma Siyahısına daxil edilməsini Azərbaycanın milli ənənələri və bayramlarının dünyada tanıdılması və bəşəri xəzinədə yer alması istiqamətində ölkəmizin növbəti uğuru kimi dəyərləndirən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib:

– Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə xalqımızın maddi və mənəvi sərvətlərinin beynəlxalq miqyasda tanıdılması və qorunmasının təmin edilməsi üçün UNESCO-nun bəşəri irs siyahısına daxil edilməsi baxımından Azərbaycan Respublikası son illərdə böyük uğurlar qazanmışdır. Novruz bayramının, aşıq və muğam ifaçılığının, misgərlik sənətimizin, milli mətbəx nemətlərindən dolmanın və lavaşın UNESCO-nun siyahılarına daxil edilməsinə və beynəlxalq təşkilat səviyyəsində qorunmasına nail olmaq ölkəmizin mədəniyyət sahəsində beynəlxalq uğurları sayılmağa layiq hadisələrdir. Bu, həm də Azərbaycanın mədəni sərvətlərinə sahib çıxmaq istəyən Ermənistanın qarşısına möhkəm sipər çəkilməsi deməkdir.

Çoxminillik qədim tarixi və böyük ənənəsi olan “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısında yer alması Azərbaycanın bu tarixi və ənənəvi mədəni sərvətinin dünyada daha geniş tanıdılmasına da öz töhfəsini verəcəkdir. Eyni zamanda, Naxçıvan-Şərur yallılarının tədqiqi, unudulmuş nümunələrinin üzə çıxarılması, bərpa edilməsi və təbliğ olunması istiqamətində də yeni mərhələ açılır. Bütövlükdə, bu mühüm addım “Şərur” Xalq Yallı Ansamblının odisseyasına yeni və parlaq səhifələr əlavə edəcəkdir.

Dərin milli tarixi köklərə malik “Yallı” rəqs qrupunun daha geniş beynəlxalq miqyasa çıxarılması azərbaycançılıq ideologiyasının təbliği baxımından da əhəmiyyətlidir. Artıq “Yallı” da bəşər mədəni irsində azərbaycançılıq möhürlərindən biridir. “Yallı” rəqsinin UNESCO kimi dünyada ən böyük mədəniyyət təşkilatının Təcili Qorunma Siyahısına daxil edilməsi müstəqil Azərbaycan diplomatiyasının və mədəniyyətinin mühüm nailiyyətidir. Bu istiqamətdə Heydər Əliyev Fondunun himayəsi ilə Mədəniyyət və Xarici İşlər nazirliklərinin apardığı məqsədyönlü iş yüksək qiymətə layiqdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: