Futbol üzrə Türkiyə Superliqasının XIV turunda “Fənərbağça” turnir cədvəlində ikinci sırada qərarlaşan “Kasımpaşa”nı qəbul edib.
NUHÇIXAN xəbər verir ki, meydan sahiblərinin çempionatın ən çox qol vuran komandası ilə qarşılaşması 2:2 hesablı heç-heçə başa çatıb.
Oyunda “Fənərbağça”nın heyətində 44-cü dəqiqədə Roman Neustadter fərqlənib. Qonaqların heyətində Mbaye Diagne (22,54) dubl edib, Ozgur Cek isə 45-ci dəqiqədə topu öz qapısından keçirib.
Bu matçdan sonra “Kasımpaşa” xallarının sayını 26-ya çatdıraraq ikinci pillədəki mövqeyini möhkəmləndirib. Komanda, eyni zamanda, çempionatın lideri “Başakşəhər”lə arasındakı xal fərqini dördə qədər azaldıb.
On dörd xala malik olan “Fənərbağça” isə 15-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, “sarı-lacivərdlilər” bu mövsüm öz meydanında oynadığı matçlarda cəmi 8 xal toplaya bilib.
Xatırladaq ki, dekabrın 2-də çempionluq uğrunda yarışan komandaların görüşündə “Beşiktaş” “Qalatasaray”ı İstanbul derbisində 1:0 hesabı ilə məğlub edərək üçüncü pilləyə yüksəlib.
On dörd turdan sonra hesabında 30 xal olan “Başakşəhər” çempionata başçılıq edir. Hesablarında 24 xal olan “Beşiktaş” və “Qalatasaray” üçüncü, dördüncü yerləri bölüşürlər.